Ölümdən əvvəl
“Qətl günü”
Hamlet Xanızadə “Qətl günü” filmində
müxtəlif zamanlarda yaşamış üç
insanın faciəsini yaratdı: Şair, Sədi Əfəndi,
Xəstə. Ancaq bu filmdə yaratdığı
rollarını görmək ona nəsib olmadı. Ölüm
səssiz-səmirsiz gəlib əvvəlcə onu, sonra filmin
ssenari müəllifi Yusif Səmədoğlunu apardı. “Qətl
günü” isə qaldı...
O, heç nəyə məhəl
qoymadan qıyqacı baxışları ilə kələ-kötür
dünyanın tozlu-dumanlı, ağlı-qaralı,
haqlı-nahaqlı yolları ilə yol gedirdi. Niyə belə
tələsirdi, heç özü də bilmirdi. Bilmirdi ki, bu
yollar onu “Qətl günü”nə aparır. Bəlkə də
bilirdi... 49 il Allaha sarı boy atan bir insan “İblis”də
İblisi, “Xəyyam”da Həsən Səbbahı, “Dəli
yığıncağı”nda Molla Abbası, “Topal Teymur”da
Teymuru dirildərək tamaşaçıların
yaddaşında müxtəlif zamanda və məkanlarda
yaşamış insanların obrazını
canlandırırdı. Hamlet Xanızadə səhnədə
xeyirlə şəri eyni məhəbbətlə yaradanda, iki
dünyanı özündə birləşdirəndə, sənəti
və sənətkarlığı ilə insanları heyrətləndirəndə
nəhəng olurdu...
Ölümündən 21 il
keçsə də, o, teatr və televiziya tamaşalarında,
kinoda yaratdığı rollarla insanların
yaddaşındadır. Ömür-gün yoldaşı Nailə
xanımın xatirələrində Hamlet Xanızadə belə
yaşayır.
Böyük
sənətkarın böyük sevgisi
Bizim yaşadığımız evlə üzbəüz Kamal Xudaverdiyev yaşayırdı. Biz eyvana çıxanda onları, onlar da bizi görürdülər. Hamletlə Kamal tələbə yoldaşı idilər. Bir gün onlarda bir-birimizi gördük. Sonralar küçədə tez-tez üz-üzə gələrdik. Bir dəfə necə oldusa məhəllə qızları ilə şəhərə çıxdıq. Kamalla Hamlet də bizimlə getdilər. Yavaş-yavaş tanış olduq. Sonralar bildik ki, analarımız bir yerdə işləyirlər. Hamletin anası bu məsələdən xəbər tutanda sevinib, deyib ki, Leyla xanıma (anama) böyük hörmətimiz var. Sonra elçilər gəldilər, dörd ay nişanlı qaldıq. Hamlet çox ciddi, hərəkətlərini ölçüb-biçən, dilli-dilavər bir oğlan idi. Nə isə, çox xoşuma gəlmişdi. O vaxtlar Hamletin aktyor olduğunu bilsəm də, teatrda heç bir rolunu görməmişdim. Ailə qurandan sonra məni hər tamaşasına aparırdı.
Ciddi xasiyyəti vardı, yalanı, şit zarafatları sevmirdi. Ürəyiyumşaq, həddindən artıq qohumcanlı adam idi. Əslində Hamlet bütün insanları sevirdi. Bəlkə ona görə də qohum da, yad da onun xətrini istəyirdi. Həssas, emosional olduğu üçün daima narahat görünürdü. Həddən çox mütaliə edirdi. Özü də bütün elmlərdən xəbərdar idi. Yaxşı rəssamlığı da vardı. Hərdən pianinoda özü çalıb-oxuyar, ailədə mehribanlıq yaradardı. İmkan daxilində köməksizə əl tutardı.
Etibarlı dostlar
Hamletin həyatda dostları çox olsa da, Fuad Poladov, Hafiz Fətullayev, Mikayıl Mirzə, Yaşar Nuri, Flora Kərimova xətrini çox istədiyi dostlarından idi. Ancaq Hamlet ən çox Fuad Poladovla söhbət edərdi, onların söhbəti bitib-tükənməzdi. Hər il dünyasını dəyişdiyi gün və bir də Novruz bayramında dostları yığışıb qəbrini ziyarət edirlər. Olub ki, havalar pis keçib, nəsə bir iş çıxıb, onlar borana, qara baxmayaraq Hamletin ziyarətinə tələsiblər. Belə dostlara minnətdar olmaya bilərəm?
Hamlet onlarla filmdə
irili-xırdalı rollar yaratmışdı
Hamlet hər şeydən razı idi. Sevdiyi rollar vardı, istəyirdi onları oynasın. Bəzi arzusuna çatdı, bəzi istədiyi rollar ürəyində qaldı.
İşləməkdən
yorulmurdu. Teatra gedirdi, radioda səs yazdırırdı,
televiziyada dublyajda olurdu. Sonra
kinostudiyaya keçdi. Söz gəzirdi ki, Hamlet teatrdan inciyib
gedib. Ancaq belə deyildi, Hamlet onlarla filmdə çəkilmişdi.
“Yeddi oğul istərəm”, “Axırıncı
aşırım”, “Arxadan vurulan zərbə”, “Qızıl
uçurum” və sairə. Epizodik rolları belə onun
üçün olduqca əziz idi. Sonra yenə teatra
qayıtdı. “Atabəylər”, “Fəryad”, “Dəli
yığıncağı”nda oynadı. 1988-1989-cu illərdə
Fuad Poladovla birlikdə maşın qəzasına
düşdü. Çənəsi bərk əzilmişdi. Əməliyyatdan
bir neçə gün sonra “Qətl günü” əsərini
oxuyur, obrazla tanış olurdu. Rejissor demişdi ki, baş rola
Hamletdən başqa heç kimi çəkməyəcəyəm.
Hamlet o filmə çəkildi. Birinci hissənin dublyajı
öz səsi ilə oldu. Ancaq ikinci hissəni dublyaj etmək
ona nəsib olmadı. Fuad Poladov bu məsuliyyətli işi
öz boynuna götürdü.
“Qətl günü”nün çəkilişi
dörd ay çəkdi. Sonra 20 Yanvar hadisəsi baş verdi.
Hamlet sarsılmışdı. Hər gün Şəhidlər
xiyabanına gedirdi. Bir gün işdə təzyiqi qalxır,
həkimə gedir. Həkim məsləhət görür ki,
evə qayıtsın. O isə dostları ilə Şəhidlər
xiyabanına gedir. Bir də gördüm ki, Hamleti gətirdilər.
Artıq beyninə qan sızmışdı. Xəstəxanaya
götürdük. Fevralın 3-də səhər saat 6-ya 15 dəqiqə
qalmış Hamlet bizi həmişəlik tərk etdi.
Son
arzu
Hamlet kristal adam idi. Donə-dönə
deyərdi ki, “məni orda-burda yox ha, kəndimizdə
basdırarsınız, Bakının Şağan kəndində”.
Doğma kəndi onun dünyada ən çox sevdiyi yer idi. Onu
Fəxri xiyabanda dəfn etmək istəsələr də,
arzusunu yerinə yetirdik. Başqa cür ola da bilməzdi.
Hamletin yasına Dərbənddən Lənkərana kimi
tanıdığımız, tanımadığımız
adamlar gəlmişdilər...
Hamletin ölümü də adi
ölüm olmadı. Şəhidlərin məzarını
ziyarət edə-edə haqsızlığa, ədalətsizliyə
dözməyib özü də şəhid oldu.
Görünür, Hamlet daxilən azad insan olduğuna görə
azadlığın nə olduğunu bizdən yaxşı
bilirdi.
Ölümündən 21 il vaxt
keçsə də bu dünyada ailəsi, övladları,
yaxşı dostları, xoş xatirələri və bir də
onun üçün həyatı qədər qiymətli olan
rolları qaldı. O rolları ki, teatr və kino tariximizdə
bu obrazları ancaq və ancaq Hamlet Xanızadə yarada bilərdi.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 11.