“Kölgələr
uzananda...”
Fevralın 2-si Muzey Mərkəzinin Sərgi
Qalereyasında Lalə Ağayeva-Lambertin “Kölgələr
uzananda...” adlı ilk fərdi fotosərgisi açıldı.
Açılış mərasimində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev iştirak edirdi.
Tədbiri giriş sözü ilə
açan Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət
şöbəsinin müdiri Fərəh Əliyeva Lalə
Ağayevanın foto yaradıcılığının bədii
cəhətdən zəngin və çoxçalarlı
olduğunu dedi: “Lalənin fotolarına baxanda çox orijinal və
qeyri-adi məqamları, səmimiyyəti görmək
mümkündür”.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev,
Mədəniyyət siyasəti şöbəsinin müdiri
Fikrət Babayev, Xalq rəssamı Ağaəli İbrahimov və
digər qonaqlar gənc fotoqraf Lalə Ağayeva-Lamberti təbrik
edərək, ona uğurlar arzuladılar.
120 fotoşəkilin nümayiş
olunduğu sərgi müəllifin həyata
baxışlarını və fotoqrafiya sənətinin
imkanlarını əks etdirir. Fotoşəkillərdən
görünür ki, Lalə Ağayeva ani məqamı, eyni
zamanda həyat enerjisini, rəngini tutub saxlamaq iqtidarındadır.
O, özü günlərinin əhval-ruhiyyəsi kimi rəngarəng
olduğunu deyir: “Qırmızı gündə enerjim
aşıb-daşır. Mavi rəngdə qanad
çalıram. Boz gündə əhvalım olmur, qara
gündə isə mənə
yaxınlaşmağınız məsləhət deyil... İşlərim
də eyni ilə müxtəlif çalarlara
bürünüb...”
Sərgidə təqdim olunan
fotoşəkillər rəngli seriyalara bölünüb:
“Çəhrayı fantaziya”, “Kobaltlı mina”,
“Portağallı tanqo və naringi arzuları”,
“Qırmızının variasiyaları” və s. Sanki fotolar rəngdən
savayı həm də dada, iyə və s. malikdir. Bu, günəş
seriyasına atılan imzalara da aiddir: “Günəş mənimlədir”,
“Günəş arxamdadır!”, “Yaxala məni” və s.
Lalə təəssüratlarının
qırıntılarını bir nöqtədə birləşdirən
istedadlı fotoqrafdır. O, eyni zamanda təsirli və
minimalist obraz yarada bilir. O, bu işlərində incəsənətin
ən statik növünün sabitliyini dəf edib.
Lalə Ağayeva-Lambert Bakıda həkim
ailəsində doğulub. Azərbaycan Tibb İnstitutunu
bitirib. Amerika vətəndaşı ilə ailə quran azərbaycanlı
fotoqraf hazırda Karib adalarında yaşayır.
Yeganə
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 8.