“Xalçada yeni nəfəs”

 

   Fevralın 2-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Xalçada yeni nəfəs” adlı sərginin açılışı oldu. Gənclər Gününə həsr olunmuş sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin müxtəlif adlarda 28 xalça eskizi nümayiş olunur.

  

   Tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva əlamətdar gün münasibətilə gəncləri təbrik etdi. Onun sözlərinə görə, sərginin məqsədi mədəniyyətlərarası dialoqda xalçanın rolunu, qədim ənənələrə malik milli xalça sənətinə gənclərin münasibətini nümayiş etdirməkdir: “Azərbaycan xalçaçılıq sənəti inkişafının yeni mərhələsini yaşayır. Gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini qorumaqla yanaşı, ona yeni nəfəs veriblər. Bu da xalça sənətinin bir daha bitib tükənməyən zənginliyindən xəbər verir. Hər dəfə ona müraciət edildikdə yeni məqamlar ortaya çıxır. Azərbaycan xalçalarında keçmişlə müasirliyin harmoniyası öz əksini parlaq şəkildə tapır”.

   Dövlət Rəssamlıq Akademiyasının müəllimlərindən Məmmədhüseyn Hüseynov, Natiq Səfərov, Tariyel Bəşirli xalça sənətinin qədim ənənələri, sərgi müəlliflərinin yaradıcılıqları ilə bağlı fikirlərini bölüşdülər. Qeyd olundu ki, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə gənclərin cəlb olunmasında belə sərgilərin əhəmiyyəti böyükdür. Buradakı eskizlərdə dünyanın müqəddəs varlığı olan ananın övladına məhəbbəti, həmçinin insanın gündəlik ritmik həyatının müxtəlif çalarları təsvir olunub. Gənclərin əsərlərinin bir qismində isə insanların zaman-zaman düşündükləri hissləri rəng çalarları vasitəsilə fəsillərə oxşadıblar. Çıxış edənlər sərginin gənc müəlliflərinə yeni yaradıcılıq uğurları arzuladılar.

  

 

   C.Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 4 fevral.- S. 8.