Qara
Qarayev
Dahilər
bütün dünyaya məxsusdur
«Öz bəşəriyyətinin» ifadəsinə kimlərinsə
təəccüblənəcəyi gümanındayam. Amma təəssüf.
Burada olsa-olsa başlıqdakı adla və bu addan doğan
milli eqo ilə ilgili inoqısqanclıq ehtimalı ola bilər
ki, bunu da - bu yeri böyük məmnuniyyət və üst
ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə,
Motsarta, Çaykovskiyə... də verməklə «zərərsizləşdirə»,
belə demək mümkünsə, konsensuslaşdıra bilərik.
Adlarını tam sadalamadığım bu nəhənglərin
hər biri doğrudan da öz xalqı və öz bəşəriyyətinin
fəxri-major ovqatıdır. Bəşəriyyəti
ayrı-ayrı xalqların yetirdiyi fenomenlər
formalaşdırmırlarmı? Bu sual - müsbət qəbul
edildiyi halda - məlum «hamınındır - heç kəsin
deyil» formuluna yer qoymur.
Yuxarıdakı qənaətlərin
davamı olaraq deyim ki, böyük çaylar, dənizlər,
okeanlar yalnız bir xalqa, bir ölkəyə mənsub
olmadığı kimi, dahilər, korifeylər də -
bütün bunlara sahib olan dünyaya məxsusdur. Siyasi-strateji
qaliblik atributu olan böyük sulardan söz
düşmüşkən, dahisi olmayan xalqın dünyaya - bəşər
mədəniyyətinə çıxışı yoxdur. «Dünya
mədəniyyəti» deyilən isə elə zəngin, elə
kübar «ev sahibi»dir ki, əlidoluları yox, yalnız qəlbidolu
«qonaq»ları qəbul edir. O qəlbdəki mətah-bəratları
milli çəpərləri aşıb dünyəviləşirsə,
ümumbəşəri qidaya çevrilirsə, o müsafir,
daha heç bir səfər etmədən, bütün ölkələrin
fövqələbədi səfiri olur.
İlk abzasda ölkələrin
siyasi-strateji qaliblik göstəricisi olan böyük sulara
çıxışdan söz açdıq. Bu kiçik
yazı ilə doğum gününü (5 fevral 1918) qutladığımız
Qara Qarayev bizimçün dünyaya daha əbədi bir
çıxış açıb. Su, hava, quru kimi fiziki
çıxışlardan daha uzun, daha uca,
gömrüksüz, vergisiz, tufansız,
qeyri-«ildırımlı» mənəvi yollar. Bu yazımda bu məşhurlar
məşhurumuzun qəlblər əzbəri əsərlərindən
konkret bəhs açmayacağımı qərarlaşdırsam
da, bu məqamda «İldırımlı yollarla» şedevrini
xatırlatmaya bilmədim...
Onun
«avtoportreti». Fırçasız...
Onun fırça ilə
yaradılmış portretləri az deyil. Xüsusən Tahir Salahovun «Bəstəkar
Qara Qarayevin portreti»! Rəssamlar - görünənləri
hamıdan yaxşı görüb, hamıdan yaxşı
göstərə bilənlər - onlara «gəl-gəl»
simfoniyası çalan bu əsər-surəti biz adi görənlərə
böyük orkestrlər səviyyəsində göstərməlidirlər.
Bu, əlbəttə, bir göstəriş, şəxsi istəyiş
deyil - milli sifariş, xəlqi görsənişdir. Təəssüf
ki, bu ecazkar sifət-surət obrazının ən kamil
«ustadı» hələ də öz dövrünün
güzgüləri, fotoobyektivləri olaraq qalır...
Güzgülər, fotoobyektivlər
və bir də kino-tele lentlər. Rəssamlardan, qələm əhlindən
fərqli olaraq, olanı ola bilən kimi yox, məhz olan kimi təqdim
edən əşyalar. Sənətçilər yox, sənədçilər.
Bəs necə edəsən, necə vizual energetikaya malik olasan
ki, danışmadan, dinmədən bu sənədçiləri
də «kolleqa»laşdırasan?
Siz bir onun fotolarındakı
baxışlarını, kadrlardakı jestlərini
xatırlayın. Sakit... sakit... Şax və şahanə
duruşunda bir vuruş. Geniş və açıq alnı
sanki sənət ekranı. Bətndə vulkanizm, batində
humanizm saçan gözlər. Bir qulağı həmsöhbətində,
o biri - tanımadığı milyonların yeni gözləntilərində;
hay-küysüz, «darı dələn» nisbətində. Yenidən
xatırlayın. O heç vaxt heç kimə, heç nəyə
baxmır; nə adamlara, nə obyektivlərə. «Ağac bar gətirdikcə...»
məsəli. Amma bir fərqlə: başını yox,
baxışlarını aşağı dikir. Yəqin, belə
bir məqsəd-məramla ki, onsuz da bəlli
böyüklüyünü qarşısındakılara
duyurmaq təhlükəsi yarana bilər. Bəs necə,
çox-çox böyüklük bu kimi kiçik xətalardan
xələl çəkə bilər. Avtoportretlər rəssamların
kiçik bir dövr işləridirsə, digər sənət
adamlarının bütün ömür işləridir...
Hamının və hər kəsin Qara Qarayevi
Qara Qarayevin xalq içrə
portretləri də az deyil. Bunlar müxtəlif
«janr»lardadır; söyləmələr, qoşular və s.
Bunlardan ikisi mənimçün daha maraqlıdır. Birində
sənətkaranə «dəcəllik», o birində -
bütün korifeyləri müşayiət edən
halay-valaylıq. İşə baxın, onun pəncərə
şüşəsi sındırmasını da məqbul
hesab etməmək olmur. Belə ki, bir gün sübh tezdən
Üzeyir bəy indiki İqtisad Universitetinin yanından ötərkən
görür ki, bir uşaq üçüncü mərtəbədəki
taybatay açılı pəncərəyə dalbadal daş
atır. Soruşur ki, niyə belə edirsən, dillənmir.
Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın
gözlərində nə görürsə,
yaxınlaşıb başını sığallayır və
bir də soruşur. İçində gələcək dahi
gizlənmiş uşaq millətin bu sənət
babasının sığalındakı səmimiyyətə
güvənib, fikrini bir nəvə sadəlövhlüyü
ilə bəyan edir; mən sınan şüşə
cingiltisini çox xoşlayıram, deyir.
Onun haqqında olan xəlqi
«portret»lərdən söyləyəcəyim ikinci «rəvayət»in
şəxsən şahidiyəm. On-on iki il əvvəl, bir
dostumun maşınında Qara Qarayevin «Vals»ını dinləyib
təəssüratlarımızı
bölüşürdük. Onun 7-8 yaşlı nəvəsi
də maşında idi. Bu dostum və yaşıdım 50-ci
illərlə bağlı bir hekayət söylədi. Dedi ki,
indi işğal altındakı rayonumuza yenicə radio
qovşağı çəkilmişdi və 105 yaşlı
nənəm tez-tez gileylənir, biz nəvə-nəticələrinə
«onun səsini kəsin!» əmri verirdi. Qərəz, bir gün
o mənə bir saçaqlı konfet verib, dilə tutdu ki, onun
adından radio-studiyaya bir məktub yazım. Yazım ki, o, Qara
Qarayevi tez-tez səsləndirsinlər. Ucqar bir kəndin 105
yaşlı ağbirçəyinin müasir musiqi
zövqünə məəttəl qalan radio işçilərindən
bir qrupu iki həftədən sonra bizim kəndə gəldi. Xoş-beş,
çay-çörəkdən sonra bunun səbəbini
soruşdular. Nənəm nə cavab versə
yaxşıdır? Dedi ki, ay bala, mən bir xəstə adamam,
başım səs-küy götürmür, o cürənə
musiqilər veriləndə isə uşaqlar özləri
bağlayır radionu...
Sonra dostum əlavə etdi ki, indi mənim
nəvəm, mən nəvə olarkən nənəmin
sözünə baxıb yol verdiyim o qüsurun
«qisasını» məndən alır. Deyir, baba, «dərslərinə
fikir ver» deyib, mənə klassiklərin disklərini
almırsan,
Epiloq
əvəzi
Bu xalqa, dünyaya mükafat
olanlarımızdan birisinin təltif və
mükafatlarını sadalamağa nə ehtiyac? SSRİ Xalq
artisti, bir dəfə Lenin, iki dəfə Stalin mükafatı
laureatı, Sosialist Əməyi qəhrəmanı, akademik... Bu
adlar çoxdur, böyükdür, lakin onun təkrarsız əsərlərinin
böyüklüyünə o qədər də adekvat deyil. Musiqisini
yazdığı filmlərin hər birində ikinci baş qəhrəman
mütləq mənada onun notlarıdır. Baletlərindəki
parçaların hər biri həm də müstəqil sənət
nümunələridir. Simfonik poemaları dünyanın
bütün könül-nəşriyyatlarında eyni dildə,
lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan
bəşəri nəğmələrdir.
... Və yəqin ki, on-on iki il
öncə dostumun maşınında «Vals» davası edən o
uşaq indi ordudadır. Sözsüz ki, o oğlan bu Vətəni
təkcə maddi yox, hələ o yaşda ikən o qədər
sevdiyi o «Vals» da daxil olmaqla, mənəvi nemətlərini
qoruduğunun fərqindədir və bu ölkənin o «Vals» qədər
parçasını düşməndən azad etməyə
çalışır.
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 7.