Amsterdamda bəstəkar Firəngiz Əlizadənin yeni əsərinin premyerası
olub
Niderlandın paytaxtı Amsterdamda
“Flamenco Biennale” III Beynəlxalq Flamenko Musiqisi Festivalı keçirilib.
Yanvarın 21-dən 30-dək davam edən festival çərçivəsində
dünyanın müxtəlif
ölkələrindən gələn
tanınmış musiqiçilərin
ifasında qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadənin
musiqi tarixində ilk dəfə olaraq flamenko ilə muğamın sintezindən
bəhrələnən “Mugflamenko”
əsərinin premyerası
Amsterdamda inşa olunmuş 1200 nəfərlik
“Muzikcentrum” konsert salonunda baş tutub.
Bəstəkar bu əsəri
festivalın təşkilat
komitəsinin təklifi
ilə qələmə
alıb. Əsər
xanəndə, Əməkdar
artist Zabit Nəbizadə,
tarzən Ələsgər
Məmmədov, eləcə
də tanınmış
dirijor Ed Spanyardın idarə etdiyi Niderlandın məşhur
“Nieuw Ensemble” kamera orkestri, həmçinin məşhur flamenko ifaçısı Karlos
Moreno Deniya Arturo Ramon tərəfindən
təqdim olunub və tamaşaçıların
sürəkli alqışları
ilə qarşılanıb.
Dahi qəzəlxanımız Əliağa
Vahidin “Ey gül, sənə qəlbimdə məhəbbət
yenə vardır…” qəzəli həm Azərbaycan, həm də ispan dilində
oxunub. Qəzəl həmçinin tamaşaçılar
üçün holland
dilinə də tərcümə edilib.
Konsertdən sonra festivalın
bədii rəhbəri
Ernestino Fon De Noort bu dəyərli
əsərə görə,
Firəngiz Əlizadəyə
təşəkkürünü bildirib. Qeyd edək ki, festival çərçivəsində 27 konsert, onlarla seminar, mühazirələr, master-klasslar
keçirilib ki, bu tədbirlərdə də 10 minlərlə tamaşaçı iştirak
edib.
Mədəniyyət.- 2011.-
4 fevral.- S. 5.