«Ölkələrimiz arasında
işbirliyi yüksək
səviyyədə qurulub»
Ötən həftə Ankarada TÜRKSOY-un “2011 - Abdullah
Tukay” ilinin açılışı və türkdilli
ölkələrin media mənsublarına təşkilatın
“Mətbuata şərəf mükafatı”nın təqdimatı
mərasimində Türkiyə Cümhuriyyətinin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay da iştirak edirdi. Fürsətdən
istifadə edib onunla qısa söhbət etdik.
- Cənab nazir, Azərbaycanla
Türkiyə arasında mədəni əlaqələrin
hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?
- Azərbaycan bizə ən
yaxın tərəfdaş, qardaş ölkədir. Ölkələrimiz
arasında bütün səviyyələrdə olduğu
kimi, mədəniyyət sahəsində də işbirliyimiz
yüksək səviyyədə qurulub. Bu sahədə əlaqələrimiz
sürətlə inkişaf edir. Azərbaycanın mədəniyyət
və turizm naziri hörmətli Əbülfəs Qarayevlə
çox sıx münasibətlərimiz var, tez-tez müxtəlif
tədbirlərdə görüşürük. Eyni zamanda,
TÜRKSOY çərçivəsində müxtəlif tədbirlər,
ortaq layihələr həyata keçiririk. Ötən il Azərbaycanın
məşhur şairi Rəsul Rzanı Türkiyədə
önəmli tədbirlərlə andıq. Ondan öncə
böyük şair Bəxtiyar Vahabzadə ilə bağlı
tədbir düzənləmişdik. Eyni zamanda, Azərbaycanın
istiqlal şairi, Türkiyədə yaşamış Almas
İldırımla bağlı Bakıda tədbir
keçirildi və mən də həmin mərasimə
qatılmışdım. Gördüyünüz kimi, ölkələrimiz
arasında mədəniyyət sahəsində çoxlu sayda
mədəni tədbirlər keçirilir. Bunun özü də
mədəni münasibətlərimizin hansı səviyyədə
olduğunu göstərir. Bu əlaqələr gələcəkdə
daha da genişlənərək davam edəcək.
Məsələn, böyük
türk şairi Mehmet Akifi anmaq və anlatmaq üçün
Azərbaycanda tədbir keçirməyi
planlaşdırırıq. Birgə sərgilər, səhnə
əsərləri ilə bağlı fikir mübadiləsi
aparmaq niyyətindəyik. Bir sözlə, Azərbaycanla birlikdə
çoxlu sayda həyata keçirəcəyimiz layihələr
var.
- Cənab nazir, TÜRKSOY çərçivəsində
ölkələrimizin əlaqələri, Azərbaycanın
bu təşkilatda rolu barədə nə deyə bilərsiniz?
- Bu il TÜRKSOY-un “Abdulla Tukay ili”
çərçivəsində Türkiyədə, Azərbaycanda
tədbirlər, toplantılar keçirəcəyik. TÜRKSOY
bizim son zamanlarda sadəcə Azərbaycan və Türkiyə
arasında deyil, Qazaxıstan, Türkmənistan, Tatarıstan
daxil olmaqla bütün bu türk mənşəli respublikalar
arasında əlaqələrin inkişafında mühüm
işlər görüb. İndi TÜRKSOY-un bütün
layihələrini, Türkiyədə həyata
keçirdiyimiz kimi, Azərbaycanda və Qazaxıstanda da
reallaşdıracağıq. Bildiyiniz kimi, ötən il
«Koroğlu» operası İstanbulda, TÜRKSOY layihəsi
üzrə nümayiş olunmuşdu. Bu operada 6 türkdilli
ölkənin sənətçiləri iştirak edirdi və
möhtəşəm sənət əsəri ortaya qoyuldu. Eyni
formada bu il biz Şimali Kipr Türk Cümhuriyyətində və
digər türkdilli ölkələrdə bəzi incəsənət
tədbirləri keçirəcəyik. Bu tədbirlərdə
azərbaycanlı sənətçilər də yer alacaq. Bu
yaxınlarda Azərbaycan bəstəkarı Polad
Bülbüloğlunun “Məhəbbət və ölüm”
baleti Türkiyədə uğurla nümayiş olundu. Mədəniyyət-sənət
körpüləri ilə beynəlxalq barışa xidmət
edən TÜRKSOY başda olmaqla bu cür mədəniyyət
layihələrinin ərsəyə gəlməsində əməyi
olan hər kəsə təşəkkür edirəm.
- Ölkələrimiz arasında
turizm əlaqələri ilə bağlı nə deyə bilərsiniz?
Bu sahədə böyük təcrübəyə sahib bir
dövlətin mədəniyyət və turizm naziri olaraq Azərbaycan
turizmi ilə bağlı fikirləriniz maraqlı olardı.
- Turizm sahəsində Türkiyə
dünyada öncül yerlərdən birini tutur, dünyada ilk
onluğa daxildir. Bildiyim qədər, Azərbaycanda da bu sahə
son zamanlar uğurla inkişaf edir. Mən bunu ölkənizə
gedərkən görürəm. Yeni hotellər tikilir, yeni
turizm xidmətləri yaradılır. Düşünürəm
ki, ölkələrimiz yerləşdiyi coğrafiyada turizmin
inkişafından bərabər şəkildə faydalana bilər
və bunun bəhrəsini görəcəyik. Yetər ki, bu
regionda sülh, barış olsun. Atatürkün söylədiyi
kimi, yurdda barış, dünyada, cahanda barış olsun.
- Ötən ili TÜRKSOY
böyük başqırd türkoloqu Əhməd Zəki Vəlidi
Toğanın xatirəsinə həsr etmişdi. Bu il tatar
şairi Abdulla Tukaya həsr olunub. Bu tədbirlərin əsas
qayəsini necə görürsünüz?
- Biz bu yolla türk
dünyasının dəyərli şəxsiyyətlərini
dünyaya və əlbəttə ki, türk xalqlarına daha
geniş tanıtmağa çalışırıq. Bu
gün Çingiz Aytmatovu və ya Nazim Hikməti bəlkə
də bütün dünya tanıyır. Amma Abdulla Tukayı
və yaxud Mehmet Akif Ərsoyu dünyanın tanıması
vacibdir. Bununla bağlı işlər görürük. Beləcə,
bir-birimizin mədəniyyətindən, duyğularından,
yazdıqlarından daha çox ilham almağa və daha
çox tanış olmağa çalışırıq.
Ötən il Əhməd Zəki Vəlidi Toğanla, Rəsul Rza ilə bağlı tədbirlər keçirdik. Əhməd Zəki Vəlidi Toğan Türkiyədə yaşayıb, böyük alim, şəxsiyyət olub. Bu il Mehmet Akif Ərsoyu Türkiyə və türkdilli respublikalarda anlatmaq, tanıtmaq, bir-birimizlə paylaşmaq üçün tədbirlər keçirəcəyik. Qeyd etdiyim kimi, Abdulla Tukayla bağlı tədbirlər reallaşdıracağıq. Bütün bunlar bir-birimizdən daha çox xəbərdar olmağımıza, daha çox tanımağa, tanış olmağımıza səbəb olur. Yunis Əmrənin gözəl bir sözü var: gəlin tanış olaq, işi asan görək. Biz də bunu etməyə çalışırıq.
Mehparə
Mədəniyyət.-
2011.- 4 fevral.- S. 5.