Mədəniyyəttelekanalı fevralın 14-də yayıma başlayacaq

 

   Yeni telekanalın açılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyində görüş keçirildi

  

   Telekanalda kommersiya reklamları olmayacaq, verilişlər hər gün 14 saat ərzində həm yerüstü ötürücülər, həm də peyk vasitəsi ilə yayımlanacaq

  

   Son illər ölkəmizin mədəniyyət həyatının müxtəlif sahələrində özünü göstərən yeniliklərin, həyata keçirilən böyük layihələrin sırasına bu günlərdə daha bir əlamətdar hadisə əlavə olunacaq - respublikamızda ilk dəfə “Mədəniyyət” televiziya kanalı yayıma başlayacaq. Xatırladaq ki, Azərbaycanda mədəniyyət sahəsində ixtisaslaşmış telekanalla bağlı tender ötən il keçirilib və yeganə iştirakçısı olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tenderin qalibi elan edilib. Yeni telekanalın fəaliyyətə başlaması ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

  

   Fevralın 3-də “Mədəniyyət” kanalının efir planlaşdırılması, iş prinsipləri, kanalın əsas məqsədləri və gələcək perspektivlərini müzakirə etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyində Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyi ilə görüş keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində “Mədəniyyət” kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik etdi: “Mədəniyyət” televiziya kanalının açılması Azərbaycanda mədəniyyətin inkişafına yönələn mühüm bir addım olacaq. Son illər mədəniyyət sahəsində mühüm işlər görülür və Azərbaycan regionun mədəniyyət paytaxtına çevrilib. Bu baxımdan geniş ictimaiyyət qarşısında mədəniyyət sahəsində görülən işlərin, gedən proseslərin daha geniş və məzmunlu həcmdə işıqlandırılması vacibdir”.

   Nazir qeyd etdi ki, son illər AzTV-də mədəniyyət sahəsinə ayrılan vaxt, verilişlərin məzmunu ictimaiyyət tərəfindən də təqdir olunur. Turizm və mədəniyyət yüksək səviyyədə təbliğ olunur: “Bu işdə Mədəniyyət və Turizm Nazirliyi ilə AzTV sıx əməkdaşlıq edib. Bəzi layihələri birgə həyata keçirmişik və onların bəzilərinin müəllifləri də məhz bu televiziyanın işçiləridir. Bu gün isə qarşımızda daha məsuliyyətli bir iş dayanır. “Mədəniyyət” televiziya kanalında Azərbaycan dövlətinin mədəniyyət siyasətinin düzgün təbliğatından çox şey asılıdır. Bu gün Azərbaycan mədəniyyəti ona layiqdir ki, onun işıqlandırılması dövlət tərəfindən yüksək səviyyədə təmin olunsun. Ümid edirəm ki, yeni telekanalın kollektivi öz işinin öhdəsindən məsuliyyətlə gələcək, bizim də bu sahədə əməkdaşlığımızda yeni mərhələ başlayacaq”.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov çıxış edərək mədəniyyətimizi qorumaq, dünyaya düzgün və layiqli şəkildə göstərmək baxımından “Mədəniyyət” televiziya kanalının üzərinə böyük vəzifə düşdüyünü vurğuladı: “Azərbaycan ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, ziyalılarımız belə televiziya kanalının açılmasını çoxdan istəyirdi. Bu gün Azərbaycanda gedən sosial-iqtisadi inkişafın dünya ölkələri arasında özünün aparıcı olduğunu bir daha təsdiq etməsi, regionda lider ölkəyə çevrilməsi təbii ki, mədəniyyətin inkişafına da öz müsbət təsirini göstərir. Bu baxımdan Azərbaycan Televiziyasının nəzdində “Mədəniyyət” televiziya kanalının açılması əlamətdar hadisədir”.

   A.Alışanov qeyd etdi ki, yeni telekanalın əsas məqsədi Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini və turizm potensialını təbliğ etmək olacaq. Onun sözlərinə görə, “Mədəniyyət” kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı var.

   Yeni telekanal fevralın 14-də - Azərbaycan televiziyasının yaranma günü (14 fevral 1956) fəaliyyətə başlayacaq. Telekanal həm yerüstü ötürücülər, həm də peyk vasitəsi ilə yayımlanacaq. Görüşdə yeni yaradılacaq kanalda yayım planlaşdırılması, proqram və mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edildi.

   Qeyd olundu ki, “Mədəniyyət” telekanalının bir əsas xüsusiyyəti də odur ki, onun efirində kommersiya xarakterli reklamlar yer almayacaq. Yalnız sosial reklamların, çarxların yayımına icazə veriləcək. Kanal hər gün saat 12.00-dan gecə saat 02.00-dək, 14 saat müddətində yayımlanacaq.

   

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 4 fevral.- S. 3.