Dahi Nizaminin böyük davamçısı
Əlişir
Nəvai - 570
Böyük özbək şairi və
mütəffəkiri, dövlət xadimi Nizaməddin Mir Əlişir
Nəvai Teymurilər sarayına yaxın zadəgan ailəsində
1441-ci il fevral ayının 9-da Heratda (indiki Əfqanıstan ərazisi)
anadan olub. Təhsilini Herat, Məşhəd və Səmərqənd
şəhərlərində alıb. Kiçik
yaşlarından özbək və fars dillərində
şeirlər yazıb, 15 yaşında şair kimi
şöhrətlənib. 1468-ci ildə məktəb
yoldaşı Hüseyn Baykara hakimiyyət başına gəldikdən
sonra Nəvai möhürdar təyin olunub, 1472-ci ildə vəzir
rütbəsinə yüksəlib, əmir titulu alıb.
Nəvai dövlət adamı kimi
dövrünün alim, şair, musiqiçi, rəssam və xəttatlarını
himayə edib, öz hesabına mədrəsə və xəstəxanalar
açıb, yollar, körpülər saldırıb,
karvansaralar tikdirib, sarayda sadə xalqın müdafiəçisi
kimi tanınıb.
Lakin Nəvainin bu nəcib işləri
irticaçı dairələrdə narazılıq
doğurub, onlar şair haqqında böhtan və iftiralar
yayıblar. 1476-cı ildə Nəvai vəzirlikdən imtina
etməyə məcbur olub. Sonra Astrabad vilayətinin hakimliyinə
göndərilib (1487), 1488-ci ildə Herata qayıdaraq,
ömrünün axırınadək yaradıcılıqla məşğul
olub. 1501-ci il yanvarın 3-də Heratda vəfat edib.
Əlişir Nəvai 6 divan
yaradıb. İlk şeirlərini “Bədaye ülbidayə”
(1470) adlı divanında toplayıb, 2-ci divanını “Nəvadir
ül-nəhayə” (1476-1483) adlandırıb. 1498-1499-cu illərdə
özbək dilində yazdığı lirik şeirlərini
“Çahar divan” adlanan 4 cilddə “Qəraib üs-sifər”
(“Uşaqlığın qəribəlikləri”), “Nəvadir
ül-şəvab” (“Gənclik nadirlikləri”), “Bədaiy
ül vəsət” (“Orta yaşın gözəllikləri”),
“Fəvaid ül-kibar” (“Böyüklüyün faydaları”)
toplanıb. Fars dilindəki qəzəlləri “Divani-Fani”
adı ilə məşhurdur.
Şairin
yaradıcılığının zirvəsi özbək
dilində yaratdığı “Xəmsə”dir. Bu əsərlərdə
Nəvai dövrünün ictimai məsələlərindən
bəhs edib, Nizami ədəbi məktəbinin
davamçılarından biri kimi şöhrətlənib. Nəvainin
yaradıcılığı Azərbaycan ədəbiyyatı
ilə yaxından bağlıdır. Şair Xəqani, Nizami və
Nəsiminin əsərlərini dərindən öyrənib,
onlara cavab yazıb. Onun əsərləri bir sıra
xalqların dillərinə tərcümə olunub, əlyazmaları
dünyanın ən iri kitabxanalarında mühafizə olunur.
Şairin əsərlərinin
süjetləri əsasında çoxlu musiqili əsərlər
(opera, balet və s.), həyat və
yaradıcılığından bəhs edən bədii əsərlər
(Aybəkin “Nəvai” romanı və s.) yaradılıb,
haqqında bədii film (“Əlişir Nəvai”, 1948) çəkilib.
Nəvai şəhəri şairin şərəfinə
adlandırılıb. Özbəkistanda adına maarif və mədəniyyət
müəssisələri, ali məktəb və küçə
var.
Azərbaycanda da böyük
özbək şairinin adı uca tutulur. Respublikamızın
Hacıqabul rayonunda Nəvai qəsəbəsi, Bakıda
şairin abidəsi ucaldılıb, Nəvai küçəsi
var.
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 13.