Ömrün anları
Hər
bir insan həyatını elə yaşamalıdır ki, illər
keçdikdən sonra geriyə baxanda təəssüflənməsin
Ya zaman tez keçdi, ya ömür
tələsdi. Ömrünün yarıdan çoxunu mədəniyyət
sahəsinə həsr etdi, işlədi,
çalışdı, qayğıkeşliyi, səmimiyyəti
ilə insanların hörmətini qazandı. Ağlı-qaralı
yollar ömrün 70-ci zirvəsinə gəlib çatdı.
Odur ki, gəldiyi yollara təkrar dönüb baxanda qəribə
bir hiss keçirir. Gərək ki, bu hissin adı
qürurdur...
Zərdabi Rəfiqə 1941-ci il
fevralın 9-da Zərdab rayonunda ziyalı ailəsində
dünyaya göz açıb. 1957-ci ildə Ağdam rayon 5
saylı orta məktəbi bitirib, elə həmin il də 6
saylı Bakı Tibb Məktəbinə qəbul olub. Tələbə
ikən Bahəddin Zərdabi ilə xoşbəxt ailə həyatı
qursa da, bu xoşbəxtik uzun sürməyib, üç il
sonra həyat yoldaşı qəflətən vəfat edib.
Gənc olmasına baxmayaraq Rəfiqə
xanım həyatın ağır zərbəsini təmkinlə,
səbirlə qarşılayıb. Həyat ona keçmişə
yox, gələcəyə baxmağı öyrədib. Rəfiqə
xanım təhsilini davam etdirmək məqsədi ilə
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
kitabxanaçılıq fakültəsinə daxil olub, həm
oxuyub, həm işləyib, həm də kiçik
qızının tərbiyəsi ilə məşğul olub.
İllər tez keçib. 1966-cı ildə universiteti bitirib Mədəniyyət
və Turizm Nazirliyinin Elmi-Metodika kabinetində metodist, 1970-ci
ildə Mədəniyyət Nazirliyinin Xor cəmiyyətində
böyük metodist vəzifələrində
çalışıb.
1970-1978-ci illərdə Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma kursunda metodist,
1978-1992-ci ildə metodiki şöbənin müdiri, 1992-ci ildən
1994-cü ilə kimi tədris metodiki iş və təlim tərbiyə
üzrə direktor müavini vəzifələrində işləyib.
İxtisasartırma kursunda dinləyicilərin iştirakı
ilə bir sıra mədəni kütləvi tədbirlər,
görkəmli sənət adamlarının
yaradıcılıq gecələrini keçirib.
Rəfiqə xanımın mədəniyyətimizin
inkişafındakı xidmətləri yüksək qiymətləndirilib,
1992-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq görülüb.
1994-cü ildən 2008-ci ilədək
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və İxtisasartırma
Mərkəzində direktor vəzifəsində işləyən
Rəfiqə xanım üzərinə düşən məsuliyyəti
layiqincə yerinə yetirib. Rayonlardan gələn mədəniyyət
işçilərinin hazırlıq və
ixtisasartırmasını yüksək səviyyədə həyata
keçirmək məqsədi ilə tədris prosesinə
müxtəlif ali məktəblərdən professor və
nüfuzlu müəllimləri cəlb edib. Dərslərin
keyfiyyətinə, nizam-intizam və davamiyyətə xüsusi
nəzarət edib.
Mədəniyyət və Turizm
Nazirliyi Kollegiyasının 2007-ci il 23 aprel tarixli qərarına
uyğun olaraq təşkil olunmuş 2 aylıq hazırlıq
kurslarını müvəffəqiyyətlə həyata
keçirib, bacarıqlı müəllimlərin səyi nəticəsində
dinləyicilərin digər biliklərlə yanaşı
musiqi sahəsində də savadların artırmağa şərait
yaradıb. Rəhbər olduğu müddətdə Mərkəzdə
kurs keçən dinləyicilərin asudə vaxtını təmin
etmək üçün muzeylərə, tarixi abidələrə
ekskursiyalarını təşkil edib.
Hazırda Rəfiqə xanım Mərkəzin
kitabxana müdiri vəzifəsində yenə də əvvəlki
həvəsilə çalışır və oxuculara
yüksək səviyyədə xidmət göstərir. Rəfiqə
xanım işgüzar insan olduğu kimi eyni zamanda fədakar
ana, qayğıkeş nənədir.
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin bütün işçiləri
adından Rəfiqə xanımı 70 illik yubileyi münasibəti
ilə təbrik edirəm, ona uzun ömür, xoşbəxt həyat
arzulayıram.
Validə
Hacıyeva,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin
Hazırlıq və İxtisasartırma
Mərkəzinin
böyük kitabxanaçısı
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 12.