«Atəşgah»
qoruğunun ərazisi genişləndiriləcək
Arxeoloji qazıntılar nəticəsində
maraqlı faktlar əldə edilib
Azərbaycanda
tarix və mədəniyyət abidələrinə dövlət
səviyyəsində diqqət və qayğı göstərilir.
Ölkə başçısının bu sahəyə dair
imzaladığı fərman və sərəncamlar,
aparılan məqsədyönlü siyasət nəticəsində
bir sıra abidələrimizin UNESCO-nun mədəni irs
siyahılarına daxil edilməsi, qədim tariximizi yaşadan
məbədlərin təmir və bərpası, bölgələrdə
aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar buna bariz
nümunədir.
Azərbaycanın maddi mədəniyyət
abidələri sırasında Bakının Suraxanı
rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst
məbədinin qalıqları üzərində inşa
olunmuş və UNESSO-nun “Dünya irsinin ilkin siyahısı”na
daxil edilmiş “Atəşgah məbədi” Dövlət
tarix-memarlıq qoruğunun özünəməxsus yeri var. Dövlət
tarix-memarlıq qoruğu ölkə
başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı
ilə yaradılıb. 1 iyul 2009-cu il tarixdə isə prezident
tərəfindən “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı
barədə sərəncam imzalanıb.
Bu günlərdə qoruğun ərazisinə
baş çəkib görülən işlərlə
maraqlandıq.
«Atəşgah»
tarixi muzey mərkəzi yaradılacaq
«Atəşgah» qoruğunun direktoru
Rəşid Babayi görülən işlərdən
danışaraq bildirdi ki, dövlət başçısı
tərəfindən imzalanan sərəncam üç mərhələdə
icra olunur: «Birinci mərhələdə «Atəşgah məbədi»
Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya və bərpası
üzrə layihə-smeta sənədlərinin
hazırlanması idi ki, bu iş artıq yekunlaşıb. İkinci
mərhələ Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə
birlikdə arxeoloji-tədqiqat işlərini əhatə edir. Bu
mərhələ hələ davam edir. Üçüncü
mərhələdə isə «Atəşgah» tarixi muzey mərkəzinin
yaradılması nəzərdə tutulur. Bu iş yaxın bir
neçə ayda başlanacaq. Bu mərhələdə «Atəşgah»
qoruğunun ərazisinin genişləndirilməsi də nəzərdə
tutulur. Hazırda qoruğun ərazisi 1300 kvadrat metrdir. Arxeoloji
qazıntılar nəticəsində çox maraqlı
eksponatlar tapılıb. Bunların hamısı muzeyə
qoyulacaq. İstəyirik muzey maraqlı eksponatlarla zəngin
olsun. Xarici qonaqlar gələndə görməlidirlər ki,
Azərbaycanın nə qədər qədim tarixi var».
Həmsöhbətimin sözlərinə görə, qoruq ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bir sıra maraqlı faktlar əldə olunub. Ən maraqlı yeniliklərdən biri Atəşgahın tarixi ilə bağlıdır: «Biz indiyədək Atəşgah məbədinin tarixini XVII-XVIII əsrlərə aid edirdik. Son qazıntılar isə bu tarixin XVI əsrin sonuna gedib çıxdığını göstərir. Atəşgaha həmişə xarici qonaqlar böyük maraq göstəriblər. Bütün ölkələrdən buranı ziyarət etməyə gələnlər var. Türkiyədən, Hindistandan gələn insanlar daha çoxdur. Bu yaxınlarda Yaponiyanın, Niderlandın ölkəmizdəki səfirləri gəlmişdi. Onu da qeyd edim ki, qış aylarında ziyarətçilərin sayı azalır. Atəşgaha ziyarətçi mövsümü Novruz bayramından başlayaraq oktyabrın sonunadək davam edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra turizm şirkətləri ilə əməkdaşlıq edirik. Bu abidəni həm öz insanlarımıza, xüsusilə orta məktəb şagirdlərinə, həm də əcnəbi qonaqlara daha geniş tanıtmağa çalışırıq. Çünki bu bizim tariximizdir”.
R.Babayi deyir ki, indiyədək qoruğa gələn insanların dincəlməsi üçün kiçik bir istirahət mərkəzi, yüngül qəlyanaltı yeri belə yox idi: «Bu səbəbdən biz hələlik buraya çoxsaylı turizm marşrutları reallaşdıra bilmirik. Atəşgah qoruğunun yenidən konservasiyası məqsədilə hazırlanan layihə-smeta sənədlərində bunların hamısı nəzərə alınıb”.
Ərazidə yeraltı qaz təchizatı
sistemi aşkarlanıb
Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Abşeron Arxeoloji Ekspedisiyasının rəhbəri İdris Əliyev isə bizimlə söhbət zamanı Atəşgah məbədinin tarixinə nəzər saldı: “Atəşgah qədim dövrlərdə atəşpərəstlərə xidmət edib. Sonralar hindlilərin sitayiş yeri olub. Məlum olduğu kimi, XVIII əsrdə ticarət məqsədilə Azərbaycana hindlilərin axını yaranmışdı. Onlar iqtisadi baxımdan Abşeronun aparıcı qüvvəsinə çevrilmişdilər. Bu dövrdə onlar Atəşgahdan öz dini etiqadlarına uyğun istifadə etməyə başlamışdılar. Yerli əhali İslam dinini qəbul etdiyindən Atəşgaha od çıxan müqəddəs məkan kimi baxırdı. Varlı hindli tacirlərin köməyi ilə Bakı xanı bu ərazini onlara ticarət məqsədilə verib. Həmin dövrdə hindlilər bu ərazinin ətrafını abadlaşdırıb özlərinin sitayiş yerinə çeviriblər. Bu səbəbdən də bəzi tarixi mənbələrdə Atəşgah hindlilərin adı ilə bağlanır. Əslində isə qeyd etdiyim kimi, Atəşgah qədimdən ölkəmizdə atəşpərəstlərin etiqad yeri olub. Rəvayətlərə görə, Balaxanıda və Suraxanının daha bir neçə yerində atəşgahlar olub. İnsanlar buranı od çıxdığına görə müqəddəs yer sayıblar».
Arxeoloq ərazidə aparılan qazıntılar barədə də məlumat verdi: «Tarixi mənbələrdən məlum idi ki, Atəşgah ərazisini qazla təmin etmək üçün böyük bir sistem olub. Qazıntılar nəticəsində biz bu sistemi aşkar edə bildik. Məlum oldu ki, qazın toplandığı quyuların üzəri əhənglə, gillə bağlanıb. Bu quyulardan xüsusi xəndəklər vasitəsilə hücrələrə qaz xətləri çəkilib. Xəndəklərin də üzəri gillə örtülüb. Bu, dünyada unikal hesab edilən bir qazlaşdırma sistemidir. Suraxanı camaatı qazdan təkcə istilik üçün yox, həm də evləri işıqlandırmaq məqsədilə istifadə edirdi. Otağın bir küncünə bir qamış basdırırdılar və oradan çıxan qazı yandırırdılar. Əhali hətta qazdan xörək bişirmək üçün də istifadə edə bilirdi. Bu, tarixi mənbələrdə də var».
Aparılan qazıntı işləri nəticəsində arxeoloq Atəşgahın qərb tərəfində yerləşən hücrələrin birində ilkin məbədin binasını təyin edə bilib. Hazırda məbədin mərkəzində olan abidənin XIX əsrdə tikildiyini deyən həmsöhbətimiz aşkar edilən hücrənin tarixinin daha qədim olduğunu deyir: «Bu tarix təxminən XVII əsrə gedib çıxır. Saxsı materiallara, tikilmə formasına və memarlıq elementlərinə görə bu abidəni qədim Şərq memarlıq üslubuna aid etmək olar. Atəşgah tədricən bir neçə yüz il ərzində beşkünc - pentaqrama formasına düşüb. Əsas ibadətgah hücrələrlə əhatələnib. Qazıntılar zamanı bu hücrələri su ilə təmin edən quyunu da aşkarladıq. Quyu Abşeron üslubunda olub, dördkünc formadadır. Üst hissə daşdan tikilib, alt hissə isə qayadan çapılıb. Qazıntı 6 metrədək davam edir. Atəşgahın başqa bir hücrəsində də quyu aşkar edilib. Vaxtilə həmin quyunun yerləşdiyi yer həyət olub, sonradan orada otaq tikilib. Burada qazıntı davam edir. Bundan başqa, məbədi odla təmin edən qaz xətləri, 2 qurbangah, atəşpərəstlərin ölü yandırdıqları yeri aşkar etdik. Bildiyiniz kimi, atəşpərəstlərin dini qaydalarına görə, ölünü torpağa qoymaq olmazdı, torpaq müqəddəs hesab edilirdi. Bu səbəbdən də onlar ölüləri xüsusi hazırlanmış yerlərdə yandırırdılar».
İdris Əliyevin sözlərinə görə, bir çox tarixi mənbələrdə yerli əhalinin varlı olması ilə bağlı məlumatlar var. Qazıntılar nəticəsində bu faktın da doğruluğu üzə çıxıb: «Buradan qızıldan hazırlanmış bir Niderland dukatı (pul vahidi) aşkar etdik. Bu pullar XIX əsrdə məxfi şəkildə məhdud çevrə üçün Rusiya imperiyası tərəfindən buraxılırdı. Qazıntılar nəticəsində çox maraqlı bir faktı aşkar etdik ki, Atəşgahın qədim hissəsi qərb tərəfdədir. Hazırda evlərin altında olan kommunikasiya sistemləri qərbə tərəf istiqamətlənir. Məbədin şimal-şərq tərəfi isə qayalıqdır».
Suraxanıda XIX əsr Abşeronuna
xas qiymətli abidələr var
Qazıntılar nəticəsində Atəşgah ətrafında da qədim abidələrin olduğu məlum olub. İ.Əliyevin dediyinə görə, məbəddən 300 metr şimalda ağ neft quyusu var. Həmin quyudan ağ neft çıxarılıb və birbaşa tankerlərə doldurularaq xaricə ixrac edilib. Bundan əlavə, Bülbülədə, Əmircanda da XIX əsr Abşeronuna xas qiymətli abidələrimiz var: «Bu ərazilərdə apardığımız kəşfiyyat xarakterli qazıntı işlərinə əsasən məlum olub ki, burada 4 qəbiristanlıq var. Onlardan birinin tarixi XV əsrə gedib çıxır. Atəşgahın qərb tərəfindən üst-üstə yığılmış xeyli insan sümükləri aşkarlandı. Amma bura yaşayış yeri olduğundan biz qazıntını davam etdirə bilmədik. Ona görə də qoruğun ərazisi mütləq genişləndirilməlidir. Ümumiyyətlə isə Atəşgah kimi tarixi abidələrin 15-20 metrliyində yaşayış yeri olmamalıdır».
Sonda arxeoloq-alim bir arzusunu da diqqətə çatdırdı: «Biz çox istəyərdik ki, Suraxanı Rayon İcra Hakimiyyəti Atəşgahın ərazisinin genişləndirilməsi, burada qoruğun yaradılması üçün yardımçı olsun. Çünki təkcə Atəşgah ərazisində, yox, ümumiyyətlə Suraxanı rayonunda unikal memarlıq abidələrimiz çoxdur. Onlar bizim özündə bir neçə əsrlik tariximizin zəngin və maraqlı faktlarını cəmləşdirən parçasıdır. Bu abidələri qorumaq və gələcək nəsillərə saxlamaq bizim borcumuzdur”.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 9.