Polad kimi Polad
O, tək
elə 2009-cu “İlin Adamı” yox...
...həm
də iki əsrin canlı dəbidir. Həm sənətdə,
həm siyasətdə. “Necə”-“niyə”sini soruşan
tapılmaz qənaətindəyəm. Nədən ki, o,
bütün yaradıcı və ictimai-siyasi fəaliyyətində
bu sayaq sual-çalarlar üçün bir boşluq
qoymayıb. Yox, əgər bu “cəsarətdə” bulunan bir
respondent varsa, buyurub, bir “internet-referendum” keçirə bilər.
Amma bəri başdan praqmatiklik edə bilərəm ki, o
“şəkkak”ın cəhdi havayı gedəcək. Yəni
bu sentimental “referendum”un nəticələrinə görə,
Azərbaycan üzrə 100, keçmiş Sovetlər
İttifaqı məkanı üzrə 101, dünya
çapı üzrə isə - təbliğ-reklam
çatı, o dövr tikanlı məftillərinin energetik
kilovatı, bir az da sözügedən sənətkarın səsindəki
hədsiz millilik qatı və şərqlilik zatı səbəbindən
- minimum 99,9 faiz uduzacaq...
Ailədən
aləmə
Yəni, ümumi yanaşdıqda,
statistik bir şəxsin sıradan bir fərdi ailədən
ictimai ailə-aləmə gəlişi. Ancaq söhbət, sadəcə,
1945-ci il fevralın 4-də Bakıda anadan olan Məmmədov
Polad Bülbül oğlundan yox, elə ilk gəncliyindən
elə ilk mahnıları ilə (xüsusən, “Barı, bir zəng
elə!”) bütün Azərbaycana, SSRİ-yə, ardınca
dünya-aləmə doğulan Polad Bülbüloğlundan
gedirsə, sözün-sovun üslubu ilə bərabər,
fikrin “üsul-idarə”sinə də məsuliyyətlə
yanaşmaq gərəkdir. Deməli, yuxarıdakı bir qədər
ala-qaranlıq təsiri bağışlayan
yarımbaşlığı da işıqlandırmaq
lazım. Yəni Poladın fərdi (və dahi) sənətkar
ailəsindən ictimai sənət ailəsinə -
ümummilli mədəniyyət aləmimizə gəlişi.
Yeri gəlmişkən, yazımın lap başdakı sərlövhəsini
də izahat ayağına çəkmək istərdim. Yəni
ona görə “polad kimi Polad” ki, böyük
Bülbülün hələ bundan belə yeddi nəslini də
barındırıb-yarındırası fəxr-fəxarət
işığı onun gözlərini qamaşdırıb
çaşdıra bilmədi. Polad oğul Palıd atanın nəinki
təkcə “dalı-qabağı”, hətta qəbzəsi də
(xüsusən sağlığında) kəsən sənət-şöhrət
“qılınc”ının cənnətməkan kölgəsinə
əyilmədi. O dövrün ən psixo-konspirativ sindromu olan
eyforiyaya yoluxmadı. Öz qabiliyyəti ilə qədəmlənib,
öz istedadına güvənib, orijinal səsinin sədası
arxasınca düşüb, bu dünyanı ölkə-ölkə
fəth etməyə başladı. Bu gün artıq 6-cı
ildir ki, müstəqil respublikamızın fövqəladə
və səlahiyyətli səfiri olduğu Rusiyada isə o, hələ
40 il bundan öncə mədəniyyətimizin fövqəlziyadə
səfirliyinə başlamışdı. Sovetlərin müttəfiq
respublikalarını tək elə idarə-siyasət aspektindən
yox, həm də mədəniyyət sarıdan yönləndirən
Moskvanın qəlbində (xüsusən,
xanımlarının!) Azərbaycan musiqisi 60-cı illərdən
başlayaraq, əsasən iki adla ehtiva olunurdu: Müslüm
Maqomayev və Polad Bülbüloğlu! Yeri gəlmişkən,
onların həyatda dostluq, sənətdə duallıq tandemi
də ayrıca bir yaradıcılıq hadisəsi, əsər
mövzusudur.
Gənc Polad - öncə məhəlli,
sonra bakılı, azərbaycanlı yaşıdlarından
daim bir boy yuxarı görünən, öz milli soy-kök
ağacı üstdə oturub Şimalın, Qərbin sənət
budaqlarına boylanan, xaraktercə “dəcəl”,
prinsipiallıqca bir qədər “dəbbə”, auraca tunc Polad hər
gün bir yerdə, hər ay çox yerdə, hər il hər
yerdə idi. Bu sözlərin ritmi, istər-istəməz,
günümüzün ahıl, ağır-batman sənətkarının
cavanlığını Fiqaronun (“Fiqaronun toyu”) məşhur
ariyasının dinamikası ilə də müqayisəyə
çəkir (özü də məhz rusca): “Fiqaro tam, Fiqaro
tut...”
Bəli, Polad orada, Polad burada, Polad
hər yerdə!
Bir vaxt Polad da doğma ölkəmizdən
böyük “doqma” ölkəmizin paytaxtına getdi və...
qayıtdı. Özü də bir çox başqaları
kimi yox, məhz özü kimi gedib-qayıtdı. Gedişini
deyə bilmərəm, qayıdışını birmənalı
qarşılamayanlar da oldu: “Cavanlıq şirəsini yadlara
verib, üstümüzə “cecə”si ilə qayıtdı”
kimi dedi-qodular da səsləndi. Amma Polad yenidən səsləndi,
təzədən avazlandı. Radionun düyməsinə
toxundular: “Oxuyur Polad Bülbüloğlu”, televizoru
açdılar: “Polad Bülbüloğlunun yeni
mahnılarından ibarət konsert”. Teatrlarda, filmlərdə:
“Musiqisi Polad Bülbüloğlunundur”. Hələ bu
poetik-musiqili qəlbdəki rəngarəngliyə baxın:
“Uşaqlığın son gecəsi”, “Abşeron ritmləri; “Ən
vacib müsahibə”, “Bombardman”, “Aktrisanın təbəssümü”,
“Babək”, “Ay çox, il çox”, “Ərənlər”,
“Müstəqillik yollarında” (dörd film), “Tikdim ki, izim
qala...”, “Rəfibəylilər”... Sayıb başa
çatdırılması belə zarafat olmayan yüzə qədər
ciddi əsər. Və onun atalı vaxtları ilə əlaqədar
bəhs etdiyim mətləbə dair akkord: O, “hazıra...” yox,
öz şəxsi sənət və fəaliyyət
industriyası hesabına nazir oldu.
Bir
az da aləmdən ailəyə
Polad Bülbüloğlunun 1994-cü ildə sədri seçildiyi TÜRKSOY təşkilatının adının necə doğma səsləndiyinin fərqində olduğumu burdaca duyurmaya bilmirəm. Hələ o vaxtlar bu yeni terminin yaradılmasında Poladın kök-soyuna bir hissi dəxalət olması variasiyam da vardı. Bu hissin kökü Poladın anasının böyük Bülbül haqda “Xatirələr”indən yaranmışdı. Tələbəlik illərimdə oxuduğum o “Xatirələr”də ən çox yadımda qalan on bir nüansın ən birincisi Bülbülün Stalinin çox nadir hallarda baş verən səmimiyyətini - “...bəlkə Moskvada qalasınız” təklifini yerə salıb, Bakıya qayıtması cəsarəti, millətinə bağlılığı, müqəddəs Azərbaycan dənizinin namını müqtədir Rusiya okeanına verməməsi idi. 1937-ci ilin “Azərbaycan dekadası”nda Moskvanın Böyük Bədaye Teatrındakı məlum və məşhur tamaşanın sonunda Üzeyir bəyə (əlini kürəyinə çəkərək): “Belə operadan birini də yaza bilərsinizmi?” (Allah bilir, fikrində hansı mövzunu tutubmuş!) deyən, Bülbülə isə sözügedən təklifi edən Stalini bu fövqəladə səmimiyyətə Azərbaycana olan məhəbbəti yox, ölməz “Koroğlu” operasına heyrəti gətirmişdi! Yeri gəlmişkən, Azərbaycan mədəniyyətinin incisi hesab edilən bu operaya aid zirvə epitet də ilk dəfə Bülbülün dilindən səslənib. Belə ki, yazılma prosesində əsəri öz aralarında partiya-partiya müzakirə edərkən ”Nigarın ariyası”nı dinləyən Bülbül heyrətə gələrək: “Əşi, bu ki şah əsərdir!” deyib.
Böyük sənət Bəyimizin vəfalı Bayanı o “Xatirələr”ində yazır: “Nə gizlədim, qatarla geri qayıdarkən, mən, bir qadın kimi, “nəhəng, hər nə desən tapılan Moskva!” xəyalı ilə Bülbülə dedim, bəlkə Stalin yoldaşın təklifi ilə razılaşasan?.. O isə - buna etirazının bir neçə səbəbindən sonra, söhbətimizi belə yekunlaşdırdı: “Yox, neçə illərdi məşğul olduğum aşıq musiqiləri ilə bağlı tədqiqatlarım yarımçıq qala bilər...”
Uşaqlıqda belə bir ailədə maya tutub aylar-illər yaşamış Polad, böyüklükdə - “Polad Bülbüloğlu”luq erasında mənən necə böyüməyə bilərdi? Və bu neçə illərin birində necə “İlin Adamı” olmaya bilərdi?..
“Məhəbbət və
ölüm” (?..)
Qrammatik qanunla cümlə olmasa da, bitmiş bir fikri ifadə edən bu tərkibdə hər iki söz - “və”nin hər iki tərəfi əzəli və əbədi məfhumlardır. Biri qeyri-maddi, o biri maddi... Bu ən bəşəri halət baletinin adındakı birinci söz başdan-başa müəllifin özünü də ifadə edirsə, ikinci kəlmə onun sənətindən tam iraq bir olay, çox gümrah görünən səhhətindən isə hələ çox uzaq bir avans-assosiasiyadır. Çox geniş və xüsusən professional resenziyaya ehtiyacı olan bu gözəl əsər haqda yeganə deyə biləcəyim bu: müəllif “Məhəbbət və ölüm” baleti ilə bu janrın anası sayılan Qərbin şablonlaşmaqda olan soyuq ağuşuna daha bir isti, çılğın, cilvəkar “Şərq balası” vermiş oldu...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 7.