“Göyçək Fatma” tamaşasının premyerası
oldu
Fevralın 5-də Dövlət Gənc
Tamaşaçılar Teatrında “Göyçək Fatma”
tamaşasının premyerası oldu. Eyniadlı xalq
nağılının motivləri əsasında səhnələşdirilən
tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət
Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev,
rejissor və xoreoqrafı Nicat Kazımov, musiqi tərtibatı
Cahangir Zülfüqarovdur.
Göyçək Fatma rolunu
aktrisa Asya Atakişiyeva canlandırıb. Əməkdar artistlər
Sərvər Əliyev, Kübra Dadaşova, Naibə Allahverdiyeva,
Nübar Novruzova, Qəmər Məmmədova və Lətifə
Əliyevanın ifalarında müvafiq nağıl
personajlarının təqdimatı balaca
tamaşaçılar tərəfindən böyük maraqla
izlənilib.
Tamaşanın rejissor və
xoreoqrafı Nicat Kazımov xalq nağılının səhnələşdirilməsini
uşaqlarımız üçün də gərəkli
olduğunu bildirdi: “Bizim teatrda “Yatmış gözəl”,
“Çəkməli pişik”, “Pişiyin evi” Avropa
nağılları, “Ələddinin sehirli
çırağı”, “Əlibaba və qırx quldur” ərəb
nağılları uğurla səhnələşdirilib. Xalq
nağıllarından əvvəlki illərdə “Cənnətin
üç alması” (“Məlikməmməd”
nağılının motivləri əsasında)
oynanılıb. “Göyçək Fatma” isə
uşaqların hər birinin bildiyi və tərbiyəvi əhəmiyyəti
böyük olan nağıldır. Tamaşada əsasən
teatrımızın yaşlı aktyorları
çıxış edir. Burada üç heyət var və
onlarla işləmək təbii ki, asan iş deyildi. Tamaşa
bir aydan da az bir zamana hazırlanıb. Amma qeyd etməliyəm
ki, çox gözəl aktyor heyəti var”.
Tamaşada qəhrəmanların
milli geyimdə olması, milli musiqinin işlənməsi də
(“Qaytağı”, “Mirzəyi” və s.) “Göyçək
Fatma” nağılının üslubunu tamamlayırdı.
Bütün nağıl nəqledicinin dilindən söylənilir.
Digər diqqət çəkən məqam Fatmanın
anasının vəfat etməsi səhnəsinin tamaşaya
daxil edilməsidir. Tamaşanın “yaxşı məhv olmur,
yalnız formasını dəyişir” ideyası da ananın
ruhunun qızıl inəyə keçməsində, inəyin
kəsilməsindən sonra isə zınqırova keçərək
daim Fatmaya kömək etməsində öz sübutunu
tapır. Xeyirxah, göyçək Fatma qarşısına
çıxan hər cür çətinlikləri təmkinlə
aradan qaldırıb sonda layiq olduğuna çatır.
Qeyd edək ki, “Göyçək Fatma”
Gənc Tamaşaçılar Teatrında 2011-ci ilin ilk
premyerası idi.
Reyhan
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 6.