Qara Qarayevin həyat və yaradıcılığı Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin materiallarında
Fevralın 5-də böyük bəstəkar Qara
Qarayevin anadan olmasının 93 ili tamam oldu. Bu münasibətlə
keçirilən tədbirlərdən biri M.F.Axundov adına
Milli Kitabxanada “Qara Qarayev. Həyat və
yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin materiallarında” kitabının təqdimatı
idi. Təqdimatda mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev iştirak edirdi.
Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq Azərbaycan musiqisinə
dünya şöhrəti gətirən sənətkarlar
arasında Qara Qarayevin xüsusi yer tutduğunu qeyd etdi,
böyük bəstəkar, pedaqoq və ictimai xadimin sənətdə
daim axtarışda olduğunu vurğuladı.
Mədəniyyət və turizm
nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkarın
yaradıcılığına həsr olunmuş belə bir
maraqlı kitabın nəşrinə verdiyi dəstəyə
görə Heydər Əliyev Fonduna təşəkkürünü
bildirdi. Kitabın elmi redaktoru, Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru, sənətşünaslıq
namizədi Alla Bayramova kitabın məziyyətlərindən
danışdı. Qeyd etdi ki, kitab Musiqi Mədəniyyəti
Dövlət Muzeyində saxlanılan materiallar əsasında ərsəyə
gəlib. Muzeydə 50 mindən artıq eksponatın
saxlanıldığını, onların arasında Qara
Qarayevin və onun sənət dostlarının, yaxınlarının
fotoşəkillərinin, not və mətnlərin əlyazmalarının,
afişalar, proqramlar, təsviri sənət nümunələri,
bəstəkarın şəxsi kitabları və əşyalarının
yer aldığını dedi.
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə,
Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq
doktoru, professor Zemfira Səfərova, Xalq artisti, bəstəkar
Xəyyam Mirzəzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael
Hüseynov və başqaları çıxış edərək
bəstəkarın yaradıcılığından, onun
gözəl müəllim olmasından, neçə-neçə
gözəl bəstəkarlar yetişdirməsindən
danışdılar.
Tədbirdə Azərbaycan Dövlət
Simli Kvartetinin ifasında Qara Qarayevin əsərlərindən
nümunələr səsləndi.
Sonda Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış “Qara Qarayevin əsərləri”
və “Qara Qarayev. Elektron məlumat bazası” adlı disklər
nümayiş etdirildi və tədbir
iştirakçılarına təqdim olundu. “Qara Qarayevin əsərləri”
adlı diskdə bəstəkarın əsərləri, “Qara
Qarayev. Elektron məlumat bazası” adlı diskdə isə sənətkarın
həyat və yaradıcılığı, fəaliyyətinin
əsas tarixləri, görkəmli şəxslərin onun
haqqında dediyi fikirlər, Qara Qarayevə həsr olunmuş
musiqi əsərləri, elmi əsərlər, fotoqalereya və
s. yer alıb.
* * *
Böyük bəstəkarın əsərləri məktəblilərin
ifasında
Q.Qarayev adına 8 nömrəli
uşaq musiqi məktəbinin kollektivi də görkəmli bəstəkar
və pedaqoqun anadan olmasının 93-cü
ildönümünü qeyd ediblər. Musiqi Mədəniyyəti
Dövlət Muzeyində təşkil edilmiş tədbirdə
məktəbin direktoru, Əməkdar müəllim Kamal
Paşazadə və müəllim Elmira Pənahova dünya
şöhrətli bəstəkar Q.Qarayevin həyat və
yaradıcılığı barədə ətraflı məlumat
veriblər.
Bildirilib ki, bəstəkar “Yeddi
gözəl” və “İldırımlı yollarla” baletləri,
“Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun” simfonik
poeması, simfoniyaları, kamera-instrumental və vokal
janrlarında yaratdığı əsərlər, teatr
tamaşalarına və kinofilmlərə yazdığı
musiqilərlə dünya mədəniyyəti xəzinəsinə
böyük töhfə verib.
Qara Qarayev böyük bəstəkar
olmaqla yanaşı, ensiklopedik biliyə malik musiqiçi-alim və
istedadlı pedaqoq olaraq milli bəstəkarlıq məktəbinin
bir çox görkəmli nümayəndələrini yetirib. Tədbirdə
musiqi məktəbinin şagirdləri Qara Qarayevin və onun tələbələrinin
əsərlərini səsləndiriblər.
Yeganə
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 6.