Xəttatlıq, illüminasiya
və miniatür əsərlər
sərgisi
Fevralın 8-də Azərbaycan Rəssamlar
İttifaqının Vəcihə Səmədova adına sərgi
salonunda İran xəttatlıq, illüminasiya və
miniatür əsərlər sərgisinin
açılışı oldu.
İran İslam inqilabının qələbəsinin
32-ci ildönümü münasibəti ilə düzənlənən
sərgidə çıxış edən Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov
bildirdi ki, indiyədək Bakıda bir çox İran rəssamlarının
əl işləri nümayiş olunub və bu sərgi də
onların davamıdır: “Ölkələrimiz arasında mədəniyyət
və incəsənət sahəsində əlaqələr
ilbəil inkişaf edir”.
Daha sonra çıxış edən
İran İslam Respublikasının Azərbaycandakı səfiri
Məhəmmədbağır Bəhrami iki ölkə
arasında tarixən mövcud olmuş müştərək
mədəniyyətdən, bu zəmində sıx əlaqələrdən
danışdı: “Bizim Azərbaycanla həm tariximiz, həm mədəniyyətimiz,
həm də dinimiz müştərəkdir. Onu da bildirim ki,
İranda incəsənət, mədəniyyətin əsas sahələrindən
biridir. Azərbaycan rəssamlarının İranda, eyni zamanda
iranlı rəssamların da Azərbaycanda sərgilərinin təşkil
edilməsi iki ölkə arasındakı əlaqələrin
daha da möhkəmlənməsinə şərait yaradacaq”.
Səfirin çıxışından sonra sərgilənən sənət əsərlərinə baxış keçirildi. Sərgi fevralın 10-dək davam edəcək.
Yeganə
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 4.