“Turan Mübarizi”
Milli
Qəhrəmana həsr olunmuş kitab maraqla
qarşılandı
Fevralın 4-də Dövlət Gənc
Tamaşaçılar Teatrında Mədəniyyət və
Turizm Nazirliyi və “Ozan” nəşriyyatının təşkilatçılığı
ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimova həsr olunmuş “Turan Mübarizi” adlı
kitabın təqdimat mərasimi keçirildi. Mərasimdə
Mədəniyyət və Turizm, Müdafiə nazirliklərinin
əməkdaşları, Milli Qəhrəmanın
yaxınları, millət vəkilləri, ziyalılar, gənclər
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə
açan kitabın elmi redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Asif Rüstəmli kitabda Milli Qəhrəman Mübariz
İbrahimovun həyatı ilə bağlı maraqlı
faktların, sənədlərin, məlumatların əks
olunduğunu dedi. Kitabın təqdimatının Mübariz
İbrahimovun ad günü (7 fevral 1988) ərəfəsinə
təsadüf etdiyini vurğulayan A.Rüstəmli bildirdi ki,
onun həyatı, qəhrəmanlığı, igidliyi gənclərə
örnəkdir.
Mədəniyyət və Turizm
Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
kitabla bağlı fikirlərini bölüşdü. Bildirdi
ki, Mübariz İbrahimovun igidliyi sözlə ifadə oluna
bilməyən qəhrəmanlıqdır: “Bu gün Azərbaycan
ordusunda Mübariz İbrahimov kimi zəngin mənəviyyatlı,
tərbiyəli, özünü Vətən uğrunda qurban
verməyə hər an hazır yüzlərlə igid var. Mübariz
İbrahimovun şəhid olması şüurlu, dərk
olunmuş müqəddəs ölümdür. Onun igidliyi, qəhrəmanlığı
heç vaxt unudulmayacaq. Hər kəs bu qəhrəmanlığa
öz vəfa borcunu verməlidir. İnanıram ki, Mübariz
haqqında filmlər çəkiləcək, rəsm əsərləri
yaranacaq, sənət adamları zaman-zaman bu mövzuya
müraciət edəcəklər”.
Tədbirdə Milli Qəhrəmanın
həyatından bəhs edən çıxışlar oldu, ədəbi-bədii,
musiqili kompozisiya nümayiş etdirildi. Qeyd edək ki, polkovnik
Yəhya Yusif Canıyarın müəllif olduğu “Turan
Mübarizi” kitabında M. İbrahimovla bağlı rəsmi sənədlər,
ölkə başçısı İlham Əliyevin Milli Qəhrəmanla
bağlı söylədiyi fikirlər, elm və mədəniyyət
xadimlərinin, ziyalıların, Mübarizi tanıyan
insanların ürək sözləri, şeirlər, məqalələr,
fotoşəkillər və digər materiallar yer alıb.
Ceyhun
Mədəniyyət.-
2011.- 9 fevral.- S. 13.