“Üzeyir
işığında”
Yeni nəşrlər
Böyük dühaların, görkəmli şəxsiyyətlərin
əməlləri hər zaman doğma xalqının yoluna
işıq salıb. Üzeyir Hacıbəyli də məhz
belə nurlu simalardandır. Xalqımızın neçə-neçə
yaradıcı nəsilləri bu nurun ziyasından bəhrələnib
və hələ neçələri də bəhrələnəcək.
Çünki o yaradıcılıq nuru tükənməzdir.
Üzeyirşünas alim, Əməkdar incəsənət
xadimi, bəstəkar Sərdar Fərəcovun yeni kitabına
bu adı seçməsi də təsadüfi deyil: “Üzeyir
işığında”.
Müəllifin 20 il ərzində Üzeyir bəylə bağlı yazdığı məqalələrin belə bir topluda nəşr olunması bütün sənətsevərləri sevindirdi. Çünki bu həm Üzeyir bəyə həsr olunan dəyərli mənbədir, həm də Üzeyir bəyin ruhu qarşısında varislərinin ona olan ehtiramının növbəti ifadəsidir. Kitab barədə fikirlərimizi deməzdən öncə musiqişünas alim və bəstəkar Sərdar Fərəcov haqqında bir qədər söz söyləmək istərdim. Ən başlıcası ona görə ki, o, Üzeyir bəy irsinə sadiq olan insanlardan biri və bu dahi şəxsiyyətin addım-addım gəzdiyi, divarlarına nəfəsi hopmuş və daim ruhu orada dolaşan, uzun illər yaşadığı ev-muzeyinin direktorudur. Yəqin ki, onun barəsində qısa da olsa məlumat almaq yerinə düşər.
Sərdar Fərəcov 1957-ci ildə
Bakıda anadan olub. 1982-ci ildə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
fakültəsini bitirib. 1983-cü ildə I simfoniyası
Ümumittifaq müsabiqəsində laureat diplomu qazanıb.
1990-cı ildən Azərbaycan Bəstəkarlar
İttifaqı İdarə Heyətinin üzvüdür. 4
operetta, 2 simfoniya, uşaqlar üçün rok-opera,
Şeksprin «Tədbirə qarşı tədbir» əsərinə
müzikl və bir sıra simfonik, kamera, xor əsərlərinin
müəllifidir. 40-dək teatr tamaşasına, «Koroğlu» və
«Cavad xan» filmlərinə musiqi bəstələyib.
1984-cü ildən Ü.Hacıbəylinin
ev-muzeyində çalışır, 2005-ci ildən bu muzeyin
direktorudur. Ü.Hacıbəylinin bir sıra naməlum və
unudulmuş əsərlərini tədqiq edib, bəstəkarın
«Ər və arvad» operettasını bərpa edib.
Sərdar Fərəcov
musiqişünas kimi elmi yaradıcılığının
böyük hissəsini məhz Üzeyir irsinə həsr
edib. Uzun illər Üzeyir bəy irsinə dair hər yeni
tapıntıya, mətbuatda Üzeyir bəylə bağlı
hər hansı bir xəbər və s. məsələlərə
elə mətbuatda da münasibət bildirib. «Üzeyir
işığında» kitabı da məhz həmin mətbuat
səhifələrindəki məqalələrdən ibarətdir.
Onlardan bir neçəsinin adını çəkək: «Oxu
tar» («Ədəbiyyat və incəsənət» qəzeti, 6
fevral 1987-ci il), «Üzeyir Hacıbəylinin iki marşı» («Ədəbiyyat
və incəsənət» qəzeti, 14 iyun 1989), «Bir daha himn
haqqında» («Mədəniyyət» qəzeti, 7 mart 1991), «Bahar nəğməsi»
(«Mədəniyyət» qəzeti, 21 mart 1991), «Əgər onlar
da tamamlansaydı, yaşasaydı» (Üzeyir Hacıbəylinin
naməlum və yarımçıq qalmış bəzi əsərləri
haqqında düşüncə) “Musiqi dünyası”
jurnalı, 1999). Bu və ya digər məqalələr Sərdar
müəllimin Üzeyir bəy irsinə yalnız bir tədqiqatçı
kimi deyil, həm də bir bəstəkar, elmi işçi,
publisist və ən başlıcası vətəndaş
mövqeyini ifadə edir.
Müəllif kitaba
yazdığı “Ön söz”də «Oxu tar» məqaləsinin
yaranmasını belə izah edir: «Üzeyir Hacıbəylinin
tarın pərdələrinin quruluşunda, kök sistemində,
not tədrisində, muğam proqramının tərtibində
gördüyü cəsarətli işləri, uzun illər
tarın inkişafında göstərdiyi xidmətləri
şübhə altına alan, yanlış, ziyanlı bir
mövqedən «Ədəbiyyat və incəsənət» qəzetində
çıxış edən bir naşının «meydan
sulamasına» və musiqi ictimaiyyətinin buna susmasına laqeyd
qala bilmədim».
Sərdar müəllimin kitabda diqqətçəkən
yazılarından biri də «Üzeyir bəyin əsərləri
talan olunur» (“Xalq qəzeti”, 12 yanvar 1999) məqaləsidir. Bu məqalənin
tarixi barədə də müəllif belə yazır:
«1998-ci ilin son həftəsi İstanbulda olarkən
Ü.Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları»
kitabının türk musiqişünası Şənel
Önaldı tərəfindən öz kitabı kimi çap
edilməsini aşkar edincə «Üzeyir bəyin əsərləri
talan olunur» məqaləmi «Xalq qəzeti»ndə dərc etdirdim.
Ölkəmizdə böyük hiddətlə
qarşılanan bu xəbər hamı tərəfindən
müzakirə edilirdi. Hətta ümummilli liderimiz Heydər Əliyevin
mötəbər bir iclasda bu məsələ ilə
maraqlanması və yüksək rütbəli dövlət məmurlarına
müvafiq göstərişlər verməsi televiziya vasitəsi
ilə bütün ölkəyə
yayımlanmışdı».
Bütün bu deyilənlərdən
aydın olur ki, Sərdar Fərəcovun «Üzeyir
işığında» kitabına daxil olan məqalələri
məqsədyönlü axtarışların və tədqiqatların
təcəssümüdür. Bu yazılar elə Üzeyir
işığında meydana gəlib. Odur ki, bu məqaləni
elə Sərdar Fərəcovun kitabda yer alan fikirləri ilə
tamamlayırıq: «Dahi Üzeyir Hacıbəylinin qüdrətinə
sığınaraq, onun yaradıcılığından
güc alaraq, öyrənərək yazılan hər yazı
günəbaxanlar günəşə üz tutan kimi, onun
ilahi nuruna üz tutub. Bəlkə buna görə bu kitabın
adını düşünərkən fikrimiz iki kəlmənin
üstündə qərar tutdu: «Üzeyir
işığında...». Bu işıq çox-çox illər
ürəkləri isidəcək, düşüncələri
öz nuruna qərq edəcək...»
Səadət
Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 12.