Unudulmaz sənətkarlar

 

   Möhsün Sənani

 

   Sənət dünyamızda əbədiyaşarlıq qazanmış sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Xalq artisti Möhsün Sənanidir. O, milli aktyorluq sənətimizin inkişafına, teatr sənətimizin və kinomuzun parlaq gələcəyinə layiqli töhfələr verib...

      

   Möhsün Sənani (Cəfərov) 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində anadan olub. Erkən yaşında ata-anasını itirir. Nənəsinin himayəsində qalır. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Məqsədi onu mollalığa hazırlamaq və gələcəkdə atası kimi mərsiyəxan eləmək olur. Lakin nə Möhsün mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi də vəfat edir. Xalası molla Zinyət onu öz himayəsinə götürür. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğunu başa düşür. Odur ki, işləmək və ailəyə kömək etmək qərarına gəlir. Beləliklə, Şeytanbazarda hər cür əzab-əziyyətə qatlaşaraq işləyir...

   Onda səhnə həvəsi yeniyetmə vaxtlarında baş qaldırır. Yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxır. O, həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Beləliklə, özünün oxumaq qabiliyyətini inkişaf etdirir.

   1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxır. Bərk həyəcan keçirsə də, çıxışı tamaşaçılara yaxşı təsir bağışlayır. 1912-ci ildə həvəskarlar dərnəyinə qoşulur. İlk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olur. Mirzəli Abbasov, Mustafa Mərdanov və İbrahim İsfahanlı kimi Tiflis aktyorları onun istedadına hörmətlə yanaşırlar. Bu münasibət Möhsünün səhnəyə olan həvəsini daha da artırır.

   Onu da qeyd edək ki, bu teatrın yetirmələrinin Azərbaycan aktyor məktəbinin formalaşmasında böyük rolu olub. İlk addımlarını bu teatrda atan aktyorlar sonralar Azərbaycana gəlib, burada sənət yollarını davam etdiriblər. Onlardan biri də Möhsün Sənani olub. O, 1941-ci ildə Bakıya gəlir, Azərbaycan Dövlət Dram Teatrında işə düzəlir.

   İlk gündən səhnəyə görkəmli aktyorlarla çıxıb. Ona görə də özünə qarşı həmişə məsuliyyətli olub. “Vaqif “ (Səməd Vurğun) pyesində Eldarı çox yaxşı oynayıb. Belə qeyd edirlər ki, onun oynadığı Eldar sonradan ifa edilənlərdən olduqca fərqli olub. “Göz həkimi” (İ.Səfərli) tamaşasındakı sürücü Həsənağanı da çox gözəl ifa edib. Ümumiyyətlə, onun oynadığı rollarda bir şirinlik olub. Daima tamaşaçını gərgin vəziyyətdə saxlayıb və bolluca gülüş bəxş edib. Tezliklə məşhurlaşır, xalqın sevimlisinə çevrilir, sonra “Xalq artisti” fəxri adına da layiq görülür.

   Möhsün Sənani teatrla yanaşı kinomuzun da aparıcı aktyorlarından olub. Çəkildiyi filmlərdə müxtəlif xarakterli obrazlara ekran həyatı verib. Onun çəkildiyi “İsmət”, “Kölgələr sürünür”, “Dağlarda döyüş”, “Koroğlu”, “Sehirli xalat”, “Kəndlilər” və digər filmlərə tamaşa edənlər bu aktyorun yüksək istedada malik olduğunu bir daha təsdiq edə bilər. O, “Kəndlilər“ filmində Eldar obrazını yaradıb. Bu gənc, çox qorxmaz və cəsurdur. İnqilabi mübarizənin genişləndiyi bir dövrdə o da öz yolunu seçir və sona kimi əqidəsinə sadiq qalır. Filmdə Eldar baş qəhrəman olmasa da, hadisələrin inkişafında diqqəti çəkən rolu olur. Hər dəfə onun ekranda görünməsi tamaşaçıda xüsusi bir əhval-ruhiyyə yaradıb.

   “O olmasın, bu olsun” filmində aktyor qoçu Əsgər obrazını məharətlə yaradıb. Tamaşaçı onun ifasından həqiqətən razı qalır və həzz alır. “Bir məhəlləli iki oğlan”, “Qızmar günəş altında” filmlərində də o, yaddaqalan rollar ifa edib.

   “Dağlarda döyüş” filmindəki Qəmbər rolu onun kino yaradıcılığında əhəmiyyətli yer tutur. Sərhədə yaxın kənddə yaşayan Qəmbər kişi öz qızı Hicranı diqqətdən kənar qoymur. Ləyaqətli, mehriban və qayğıkeş ata, ailə başçısıdır. O, öz qəhrəmanının ən kiçik xarakterik cizgilərini belə ustalıqla yaradır.

   Möhsün Sənani geniş yaradıcılıq imkanlarına malik aktyor olub. Adı çəkiləndə hər kəsin üzündə sevinc, bir təbəssüm görünüb. Onu xalqa sevdirən bənzərsiz sənətkarlığı, fitri istedadı ilə yanaşı, gənc nəslə daim qayğı ilə yanaşması idi. M.Sənanidə aktyora xas olan hər cür qabiliyyət, oxumaq, oynamaq, çalmaq bacarığı olub. 50 il ərzində səhnədən ayrılmayan M.Sənani 1981-ci il fevralın 11-də vəfat edir.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2011.- 11 fevral.- S. 11.