İstəklə məqsəd
üst-üstə düşəndə...
Fevralın 15-i unudulmaz aktyor Əliabbas Qədirovun anadan
olmasının 65 ili tamam olur
1974-cü
ildə “Ömrün səhifələri” kinoalmanaxı
ekranlara çıxdı. Tamaşaçılar ekran əsərindəki
“Nəğmə dərsi” novellasında ata rolunda Əliabbas Qədirovu
gördülər və gənc aktyorun oyun tərzi diqqətdən
yayınmadı. Rejissor G.Əzimzadənin bu filmində Ə.Qədirov
şəxsi həyatı müvəffəqiyyətsizliyə
uğrayan gənc sürücünün I sinifdə oxuyan
oğlu ilə gizli görüşü zamanı
keçirdiyi həyəcan, oğlunun gələcəyi ilə
bağlı yaşadığı narahatlıq hissləri o qədər
təbii, səmimi və real alınmışdı ki, uzun illər
keçməsinə baxmayaraq, aktyorun bu rolu indi də
xatırlanır, hətta müasir dövrümüzlə səsləşir.
Bu rolu ifa edənə qədər
gənc aktyor M.Əliyev adına Azərbaycan Dövlət
Teatr İnstitutunda, SSRİ Xalq artisti M.Məmmədovun kursunda
oxumuş, 1969-cu ildə institutu bitirib təyinatını
Akademik Milli Dram Teatrına almışdı. Artıq dörd
il idi ki, teatrda fəaliyyət göstərirdi. Hələ tələbə
ikən teatrda “Xəyyam” tamaşasında ilk rolunu - Yusifi
oynamışdı. Bundan sonra “Mahnı dağlarda qaldı”
(Nicat), “Xurşidbanu Natəvan” (Seyid Hüseyn), “Bizim qəribə
taleyimiz” (Kamran), “Tənha iydə ağacı” (Kərim bəy),
“Müdriklər” (Qlumov) və s. tamaşalarda bir-birindən
maraqlı surətlər yaratmışdı. Kinoda
debütünü isə 1972-ci ildə “Xatirələr sahili”
filmində İmran rolu ilə etmişdi.
Ə.Qədirov böyük
arzularla yaşayırdı. Səməd Vurğunun “Vaqif”
tamaşasında Vaqifi, Cəfər Cabbarlının “Sevil”ində
Balaşı oynamaq istəyirdi və istədiyinə də nail
olurdu. Çünki qarşısına qoyduğu məqsədlə
istəyi üst-üstə düşürdü.
Rejissor Y.Əfəndiyev 1976-cı ildə “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” tammetrajlı sənədli filmini lentə almağa başlayanda burada “Vaqif” tamaşasından bir parçanı ekranlaşdırmağı qərara alır. Vaqif roluna Əliabbası dəvət edir. Sənədli filmə daxil edilmiş bədii parçada aktyor Vaqifi o qədər həvəslə və şövqlə oynayır ki, onun oyunu dram teatrının rejissorlarının diqqətindən belə yayınmır. Tezliklə Ə.Qədirov “Vaqif” tamaşasında əvvəlcə Vaqifi, sonra isə Kürd Musanı oynayır.
Bundan sonra bu istedadlı aktyorun yaradıcılıq bioqrafiyasına teatr tamaşalarında oynadığı 40-dan artıq obrazın adı yazılır: Givi (“Darıxma, ana!”), fotoqraf (“Şöhrət və ya unudulan adam”), Alman oğlu (“İnsan”), Şərif (“Məhəbbət əfsanəsi”), Vasif (“İblis”), Həbib (“Büllur sarayda”), Qazan xan (“Torpağa sancılan qılınc”), Mirzə Şəfi (“Mənsiz dünya”), Kamran (“Bizim qəribə taleyimiz”), Mir Cəfər Bağırov (“Sevgililərin cəhənnəmdə vüsalı”), İbrahim xan (“Hökmdar və qızı”), Qara xaqan (“Özümüzü kəsən qılınc”), Ənvər (“Ulduz, yaxud Ədirnə fəthi”) və s.
Bu dövrdə o, kinoda da fəaliyyətini uğurla davam etdirir. Rejissor T.Tağızadənin “Evin kişisi” filmində Mənsur, E.Quliyevin “Babək” tarixi filmində Fəzl, F.Əliyevin “Qızıl uçurum” melodramında Cəlil, E.Qasımovun “Qocalar, qocalar” televiziya filmində Fərid rollarında çıxış edir.
Bu filmlərin arasında Cəlil
obrazı xüsusi yer tutur. Yaxın tarixi keçmişi əks
etdirən “Qızıl uçurum” filmi (1980) XX əsrin əvvəllərində
yazıçı İ.Musabəyovun eyniadlı povesti əsasında
çəkilmiş “Neft və milyonlar səltənətində”
filminin rimeykidir.
XIX əsrin sonu. Bakıda neft sənayesi
yaranır... Kasıb Cəlil taleyin hökmü ilə neft
sahibkarı olur. O, kasıbçılığın
daşını atır. Özünə böyük imarət
alır. Lakin bu evdə yaşamaq onlara heç də qismət
olmur. Gözlənilmədən əldə olunan var-dövlət
Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz
qazanılmış milyonlar onu yoldan çıxarır. O,
Lütfəli bəyin qurduğu tələyə
düşür, pullarını göyə sovurur, mənəvi
iflasa uğrayır. Aktyor Cəlilin ən xoşbəxt və
ən faciəvi günlərində keçirdiyi sevinc hisslərini
və mənəvi sarsıntılarını eyni səviyyədə
bacarıqla tamaşaçılara çatdırır.
Ə.Qədirov filmlərə
az-çox çəkilsə də,
kinematoqrafçıların diqqəti sayəsində
heç də ərköyünləşmir. Çünki
onu filmlərə tez-tez dəvət edir, lakin çox vaxt foto
və ya kino sınaq çəkilişlərindən
uğurlu çıxmırdı. Hətta elə olurdu ki,
filmlərə çəkilirdi, amma çəkilişlər
başa çatmamış, konservasiya olunurdu, yəni ləğv
edilirdi. Misal üçün, 70-ci illərin əvvəllərində
rejissor H.Seyidzadəyə “Qatır Məmməd” adlı filmin
çəkilişləri tapşırılır. Ssenarini
Moskva kinodramaturqları yazdıqları üçün burada
Qatır Məmmədən başqa nə desən var idi. Hətta
Qatır Məmməd Çapayevə oxşayırdı. Ona
görə də rejissor ssenariyə əl gəzdirməli
olur, Qatır Məmməd roluna Ə.Qədirovu dəvət
edir.
Filmin çəkilişləri Gəncəbasarda
aparılarkən yaradıcı heyət iş günündən
sonra Qatır Məmmədin arvadı ilə görüşə
gedir. O vaxt xalq qəhrəmanının həyat
yoldaşı hələ sağ idi. Qadın Əliabbası
Qatır Məmməd libasında və qrimində görəndə
çaşıb qalır, hətta özünü itirir:
İlahi, aktyor Qatır Məmmədə necə də
oxşayarmış! Rejissor H.Seyidzadəyə də elə bu
lazım idi. Çəkilişlər öz qaydasında
gedirdi. Filmin istehsalı başa çatmaq üzrə idi.
Heç kəsin gözləmədiyi bir hadisə baş
verir. Moskvalı ssenaristlər Bakıya gəlib
kinostudiyanın rəhbərliyindən tələb edirlər
ki, çəkilişlər dayandırılsın.
Çünki rejissor filmi onların ssenarisi üzrə yox,
özünün istədiyi kimi çəkir.
Beləliklə, film konservasiya
olunur. Yaradıcı qrup buraxılır. Filmi yenidən
çəkmək rejissor R.Ocaqova tapşırılır.
Rejissor yeni aktyor heyətini seçərkən Qatır Məmməd
rolunu Şahmar Ələkbərova tapşırır.
Rejissorun Əliabbası filmdən uzaqlaşdırması nəticəsində
aktyor bərk sarsıntı keçirir.
Nə yaxşı ki, teatr var idi. Nə
yaxşı ki, bir-birindən maraqlı tamaşalar var idi:
“Yollara iz düşür”, “Kimdir haqlı?”, “Kölgələr
pıçıldaşır”, “Yol ayrıcında”, “Sənsiz”,
“Qarabağ əfsanəsi”, “Fırtına”, “Əcəb işə
düşdük”, “Fitnə”, “Kral Lir”. Aktyor bu tamaşalarda
oynamaqla kinoda baş verənlərdən fikri bir qədər
yayınır, əsəbləri sakitləşirdi.
Aktyor kinoda ikinci böyük zərbəni
“Sönməyən çıraq” filmində aldı.
1994-cü ildə çəkilişinə başlanan
üç seriyalı bədii film milyonçu Hacı
Zeynalabdin Tağıyevə həsr olunmuşdu. Filmin rejissoru
Rasim İsmayılov deyirdi ki, filmdə H.Z.Tağıyevi, onun
yaşadığı dövrü, o dövrdə baş verən
hadisələri, bu hadisələrdə Hacının
iştirakını bəzək-düzəksiz, olduğu kimi
göstərməyə çalışacaq. Ə.Qədirov
filmdə H.Z.Tağıyev rolunda çıxış edirdi.
Aktyor çox həvəslə işləyirdi. Hacı
haqqında çox şey öyrənmişdi. Amma rol ona qismət
olmadı. Çünki filmin də istehsalı baş
tutmadı. Sonralar teatrda “Mesenant” tamaşasında
H.Z.Tağıyevin obrazını uğurla yaradanda aktyor deyəcəkdi:
“Şükürlər olsun ki, arzum ürəyimdə qalmadı”.
Yaradıcılıq isə davam
edirdi. Əliabbas müəllim teatrdan başqa televiziya
tamaşalarında da maraqlı rollar ifa edirdi: “Laçın
yuvası”nda Cahangir, “Təkan”da Dilqəm, “Atayevlər ailəsi”ndə
Cahangir, “Hacı Qara”da Heydər bəy, “Bəxtsiz cavan”da Fərhad.
Televiziyaya baxan tamaşaçılar bu rolların bir neçəsini
yəqin ki, xatırlayırlar. “Komediyalar aləminə səyahət”
əyləncəli verilişinin aparıcısı kimi Əliabbasın
yolunu gözləyən televiziya tamaşaçıları
lap çox idi.
O, çox işləyirdi.
Tamaşaçılar da bunu başa düşür, onun əməyini
yüksək qiymətləndirir, onu sevirdilər. Bu sevgi
qarşılıqlı idi. Ona görə də aktyor
tamaşaçılarının sevgisinə yorulmadan işləməklə
cavab verirdi. Teatr və kino sahəsində qazandığı
nailiyyətlərə görə 1982-ci ildə Əməkdar
artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb. Vaxtilə özünün təhsil
aldığı institutda pedaqoji fəaliyyət göstərir.
Öz bilik və bacarığını gənclərə həvəslə
öyrədir. 2000-ci ildə professor adını alır.
Ə.Qədirov kinoda ilk rolunu
1972-ci ildə, sonuncu rolunu isə 2004-cü ildə
(“Küçələrə su səpmişəm” bədii
filmi, Çərkəz) oynamışdır. 32 il ərzində
cəmi 10 film, bunların da bir hissəsi epizodik rollardır.
Bu filmlərin arasında rejissor
E.Quliyevin 1977-ci ildə çəkdiyi “Sevinc buxtası”
tarixi-inqilabi filmi Əliabbasın
yaradıcılığında xüsusi yer tutur.
İkiseriyalı filmdə aktyor baş rolda - Nazim rolunda
çəkilib. Nazim vaxtilə İliç buxtasını
yaradanlardan biridir. O, inanır ki, bu çətin layihəni fəhlə
yoldaşları ilə birgə həyat keçirə biləcəkdir.
Aktyor istər dramatik, istərsə də sevgilisi Leyla ilə
olan lirik səhnələrdə ustalıq nümayiş
etdirir, öz oyunu ilə yaratdığı surəti
tamaşaçıya psixoloji cəhətdən təbii və
inandırıcı şəkildə çatdırır. Təsadüfi
deyil ki, 1978-ci ildə filmin rejissoru E.Quliyev, ssenari müəllifi
G.Mdivani, operator R.İsmayılov, rəssam R.İsmayılovla
bərabər aktyor Ə.Qədirov da Azərbaycan Dövlət
Mükafatına layiq görülmüşdü.
Mənalı ömür
yaşamış Əliabbas sıravi aktyorluqdan Akademik Milli
Dram Teatrının direktoruna qədər yüksəlmiş,
burada bədii rəhbər olmuş, ancaq vəzifələr
onu heç vaxt dəyişdirməmişdi. Elə bu xasiyyətinə,
rəftarına görədir ki, el arasında onun böyük
hörməti var idi. Əliabbas dövlətin də
qayğısını daim öz üzərində hiss edirdi.
60 illiyi teatrda çox yüksək səviyyədə keçiriləndə
o, “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
Həyatın ən gözəl
çağlarını yaşayan aktyorun taleyində gözlənilməz
hadisə baş verir: Neçə onillər bir yerdə
mehribanlıqla yaşamış, xoşbəxt həyat
sürmüş həyat yoldaşı vəfat edir. Bu hadisə
Ə.Qədirovun həyatını büsbütün dəyişir,
hətta tamaşaçılarla görüşlərinin
birində ömür-gün yoldaşından sonra çox
yaşamayacağını bildirir. Elə bil o,
ömrünün sonunu hiss edirmiş. Həyat
yoldaşının ili çıxmamış, 2006-cı il
martın 8-də Ə. Qədirov dünyasını dəyişir.
“Biz gedərik bu dünyadan...” misrasını deyən Xalq
artisti, Dövlət mükafatı laureatı, “Qızıl Dərviş”
mükafatı laureatı Əliabbas Qədirov
ölümündən sonra xatirələrdə
yaşayır.
Aydın
Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 10.