Azərbaycan Turizm İnstitutunun beş yaşı
tamam olur
Bu
müddət ərzində təhsil ocağının
güclü elmi və təcrübə bazası
formalaşıb
Prezident
İlham Əliyev 2005-ci il avqustun 25-də ölkəmizdə
turizm sənayesinin ixtisaslı kadrlara olan ehtiyacının
ödənilməsini təmin etmək məqsədilə Azərbaycan
Turizm İnstitutunun (ATİ) yaradılması və lazımi
avadanlıqla təchiz edilməsi barədə fərman verdi.
2006-cı il fevralın 13-də Nazirlər Kabinetinin qərarı
ilə Azərbaycan Turizm İnstitutu fəaliyyətə
başladı, tarix elmləri namizədi Cəfər Cəfərov
institutun rektoru təyin edildi, təhsil ocağının
kollektivi formalaşdı. İnstitut Mədəniyyət və
Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərməyə
başladı. Yeri gəlmişkən, həmin vaxt
respublikamızda turizm sahəsində daha bir təhsil müəssisəsi
- Mingəçevir Turizm Kolleci də yaradıldı.
Beş ilin təhsil uğurları
İnstitut tədris fəaliyyətinə
2006-cı ilin sentyabrında bir fakültə - turizm işinin
təşkili və idarə edilməsi, üç ixtisas -
menecment (turizmdə), marketinq (turizmdə) və turizm və
sosial-mədəni sahədə servis, iki kafedra - turizm
ixtisası fənləri kafedrası, ümumi fənlər
kafedrası və 200 tələbə ilə başladı.
Növbəti tədris ili (2007-2008) üçün
ATİ-nin tələbə qəbulu planına 5 yeni ixtisas -
sanatoriya və kurort müəssisələrində tibbi xidmətin
təşkili, sağlamlıq və kurort, mədəniyyət
və incəsənət turizmi, linqvistika (bələdçi-tərcüməçi),
idman turizmi əlavə edildi. Tələbə qəbulunun
sayı isə 310 nəfərə qədər
artırıldı. Hazırda ATİ-də turizm sektoru
üçün bakalavr proqramında 11 ixtisas üzrə 1311
tələbə təhsil alır. 2010/2011-ci tədris ilindən
ATİ-də magistratura pilləsi də fəaliyyətə
başlayıb və 3 ixtisas üzrə 19 tələbə təhsil
alır. Tələbələrin ictimai həyatda aktiv fəaliyyətini
dəstəkləmək üçün institutda Tələbə
Gənclər Təşkilatı, Tələbə Həmkarlar
Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və
Turist Klubu kimi birliklər fəaliyyət göstərir.
ATİ hazırda Azərbaycanda turizm sahəsində yeganə
təhsil, treninq və tədqiqat mərkəzidir.
Onu da qeyd edək ki, ATİ 2007-ci
ildə TQDK-nın tələbə qəbulunun nəticələrinə
əsasən tərtib etdiyi reytinqə görə 3-cü,
2008-ci ildə 7-ci, 2009 və 2010-cu illərdə 5-ci yerə
layiq görülüb. 2009-cu illə müqayisədə
2010-cu ildə ATİ-də keçid balları bəzi
ixtisaslarda 100 % artıb.
İnstitut ilk gündən təhsil-tədris
işini Avropa standartlarına uyğun, Bolonya sistemi əsasında
qurub. Bu sistem təhsildə kredit sisteminin tətbiqi, tədris
prosesinin təqdimat və müzakirələr əsasında
keçirilməsi, mühazirə mətnlərinin əvvəlcədən
tələbələrə paylanması, tələbələrə
sərbəst müəllim və fənn seçmələri
üçün şəraitin yaradılması, hər bir tələbə
üçün fərdi tədris planının
hazırlanması, tələbələrin elmi
araşdırmalara fəal cəlb edilməsi, elmi-praktik
konfransların keçirilməsi və materialların nəşr
edilməsi, turizm sahəsində digər ali məktəblərlə
sıx əməkdaşlıq əlaqələrinin
qurulmasına zəmin yaradır.
Xarici
ali məktəblər və beynəlxalq təşkilatlarla
sıx əlaqələr
ATİ öz fəaliyyətində
beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət
ayırır. İnstitut fəaliyyət göstərdiyi
beş il ərzində bu sahədə önəmli
addımlar atıb. ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və
çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən
yeganə dövlət ali məktəbidir. AKTS çərçivəsində
institutun 6 tələbəsi xaricdə təhsil alıb.
ATİ-də Avstriyanın Krems
İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya
əsasən AATP (Azərbaycan-Avstriya Turizm Proqramı) adlı
beynəlxalq qrup təşkil edilib. Proqrama 2007-ci ildə 18 tələbə,
2008-də 25, 2009-da 31 və 2010-cu ildə 19 tələbə
qəbul olub. 2010-cu ildə proqramı 14 nəfər bitirib 2
diplom alıb. 2010-cu ildə ATİ-nin ilk
buraxlışında cəmi 74 nəfər məzun, o
cümlədən 14 nəfər həm ATİ-nin, həm də
İMC Krems TEU-nun diplomlarını alıb.
Tələbələrə turizm
sahəsində təcrübə qazanmaları
üçün mövcud imkanlar daxilində praktiki təcrübə
proqramları təklif olunur. Onlar Azərbaycanla yanaşı,
Türkiyə, Yunanıstan, Şimali Kipr, ABŞ, Ukrayna,
İsrail, Portuqaliya və s. ölkələrdə təcrübə
mübadiləsində olublar.
Avropa İttifaqının
Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində
2008-ci ildən Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya,
Litva, Portuqaliya, Niderland və s. ölkələrin universitetləri
ilə əməkdaşlıq imkanları əldə edilib.
Keçən dövr ərzində 9 müəllim və 17 tələbə
bu proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini
artırıb. Həmçinin ATİ 2 müəllim və 4
xarici tələbəni qəbul edib. Xarici mübadilə
imkanları çərçivəsində 2007-ci ildən bu
yana ATİ-yə 47 müəllim və ekspert dəvət
olunub. Avstriyanın Krems, Almaniyanın Yade, Şimalı Kipr
Türk Cümhuriyyətinin Girnə Amerika və Doğu
Akdeniz universitetləri ilə əməkdaşlıq
memorandumları imzalanıb. Ümumiyyətlə ATİ
yarandığı gündən bu yana 30 xarici ali məktəb
və 34 beynəlxalq təşkilatla əlaqələr qurub.
ATİ turizm sahəsində təlim
və tədqiqat proseslərində də yaxından
iştirak edir. Bununla bağlı institutda ATİ Təlim Mərkəzi
və ATİ Tədqiqat və İnkişaf Şöbəsi
fəaliyyət göstərir. Mərkəz BMTİP, GTZ, BMU,
IUCH/POSC, GFA, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi, ATİB,
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası və s. sifarişi ilə
tədqiqatlar həyata keçirib.
Bu günlərdə Azərbaycan
Turizm İnstitutu BMT-nin “Akademik təsir” (Academic İmpact)
proqramının üzvləri sırasına da qoşulub.
“Akademik təsir” proqramı insan hüquqları,
savadsızlıq, davamlı inkişaf və konfliktlərin həlli
yollarına dair 10 qlobal prinsipin dəstəklənməsi
yolunda ali təhsil müəssisələrini BMT ilə əlaqələndirən
qurumdur. BMT Baş katibinin Kommunikasiya və ictimai informasiya məsələləri
üzrə müavini cənab Kiyo Akasaka ATİ-nin
üzvlüyünü təsdiq edən sertifikatı ATİ-yə
göndərib.
ATİ eyni zamanda bir sıra yerli və
beynəlxalq konfransların təşkilatçısı və
iştirakçısı da olub. 2006-cı ilin dekabrında
“Turizm təhsilində problemlər və perspektivlər“
adlı respublika konfransı, 2007-ci il aprelində turizm sahəsində
bakalavr dərəcəsində təhsil alan tələbələrin
“Azərbaycan turizmi: bu gün və sabah” adlı birinci
respublika elmi-praktik konfransı, 2007-ci ilin dekabrında “Turizm və
rekreasiya: problemlər və perspektivlər” adlı I Respublika
elmi-praktik konfransı keçirilib. 2007-ci ilin mayında
keçirilən “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi
Asiya” II Beynəlxalq Konqresdə ATİ əməkdaşları
aktiv iştirak ediblər. İnstitut 2007-ci ilin iyununda
Bakıda keçirilmiş “İKT-yə üzv ölkələrin
iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi
konfransın həmsədri olub.
İnstitut həmçinin 2008-ci
ilin mayında turizm sahəsində bakalavr dərəcəsində
təhsil alan tələbələrin “Azərbaycan turizmi: bu
gün və sabah” adlı ikinci Respublika elmi-praktik
konfransını və əməkdaşlıq etdiyi «İMC
TEU Krems»lə birgə “Hər mövsümdə Azərbaycan”
adlı beynəlxalq konfrans təşkil edib.
Hazırda ATİ-də turizm sahəsində müxtəlif kitabların toplandığı ATİ Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bu, respublikamızda turizm sahəsində bu cür zəngin tərkibə malik yeganə mərkəzdir. Bu kitabxanadan təkcə ATİ-nin kollektivi deyil, eyni zamanda digər ali məktəblərin tələbələri, elmi işçilər də istifadə edirlər. Əsasən xarici ölkələrin nəşri olan kitablar instituta Heydər Əliyev Fondu, AMEA, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikası Boğaziçi Universiteti, Dünya Turizm Təşkilatı, ABŞ-ın Azərbaycandakı səfirliyi, BMT-nin Azərbaycan təmsilçiliyi, Bakı Səyahət və Ekskursiya Şurası, Avstriyanın İMC Tətbiqi Elmlər Universiteti kimi müxtəlif qurum və təşkilatlar tərəfindən bağışlanıb.
Gələcək planlar çoxdur
Beləliklə, Turizm İnstitutu cəmi beş illik fəaliyyəti müddətində bir sıra uğurlar əldə edib. Bu müddətdə institut dünyanın turizm təhsili sahəsindəki təcrübəli ali məktəbləri ilə ayaqlaşacaq səviyyədə inkişaf etmək üçün zəruri baza formalaşdırıb.
ATİ ilə bağlı gələcək planlar çoxdur. İnstitutda təhsil islahatları ilə əlaqədar Himayədarlar Şurasının əsasnaməsi hazırlanıb və Təhsil Nazirliyinin müvafiq komissiyasına təqdim edilib. Yaxın vaxtlarda Himayədarlar Şurasının yaradılması nəzərdə tutulur.
2011-ci ilin martında ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək. Nazirlər Kabinetinin qərarı ilə ATİ-nin nəzdində Turizm Peşə Liseyinin yaradılması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əməkdaşlığın dərinləşdirilməsi də həyata keçiriləcək planlara daxildir. Qeyd edək ki, ötən il ATİ-nin 2010-2014-cü illər üzrə Elmi-Tədqiqat Planı təsdiq edilib. Hazırda bu planın icrası əsas hədəflərdən biridir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 9.