“Əməyimizə
verilən yüksək
qiymət bizi daha əzmlə işləməyə
ruhlandırır”
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 8-də Mədəniyyət və
Turizm Nazirliyinin bir qrup əməkdaşının fəxri ad
və medallarla təltif edilməsi barədə sərəncam
imzalayıb. Təltif olunanları bir daha təbrik edir, gələcək
fəaliyyətlərində uğurlar arzulayırıq. Dövlət
təltifinə layiq görülmüş şəxsləri
oxucularımızla daha yaxından tanış edirik.
Mahir
Qəhrəmanov
(«Tərəqqi»
medalı ilə təltif olunub)
1959-cu ildə İmişli rayonunda anadan olub. Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutunu ingilis və fransız dilləri müəllimi ixtisası üzrə bitirib. 1984-1992-ci illərdə SSRİ Dövlət
Turizm Komitəsinin Bakı şöbəsində
inspektor vəzifəsində
çalışıb. 1992-1994-cü illərdə Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının direktoru, 1994-1997-ci illərdə
isə «Azərtur» turizm müəssisəsində
1-ci dərəcəli inspektor
işləyib. 1997-ci ildə Dövlət Əmlak Komitəsinin İşlər İdarəsinin
rəisi təyin olunub, 1999-cu ilə qədər həmin vəzifədə işləyib.
2000-2001-ci illərdə «İnturist» mehmanxanasının
Xidmət bürosunun müdiri, Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında
şöbə müdiri
vəzifələrində çalışıb.
2001-2006-cı illərdə
Gənclər, İdman
və Turizm Nazirliyində aparıcı
və baş mütəxəssis işləyib.
2006-cı ildən Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsində
işləyir. Hazırda daxili
turizmin inkişafı
sektorunun müdiridir.
İstanbulda keçirilən beynəlxalq turizm sərgisində ölkəmizi
təmsil edən M.Qəhrəmanov xoş xəbəri də elə orada alıb. Onun dediklərindən: «2011-ci ilin
«Turizm ili»
elan edilməsi ilə bu xəbərin
üst-üstə düşməsi
məndə ikiqat sevinc yaratdı. İnsan əməyinə qiymət
verildiyini gördükdə
daha da ruhlanır.
Bu təltifə görə ölkə başçısına dərin
təşəkkürlərimi bildirirəm».
Zülqədər Cəfərov
(«Dövlət qulluğunda fərqlənməyə görə»
medalı ilə təltif olunub)
1956-cı ildə Bərdə rayonunun Molla İsalar kəndində dünyaya gəlib. 1982-ci ildə Azərbaycan
İnşaat Mühəndislər
İnstitutunu bitirib.
1978-1979-cu illərdə «Bakıbaştikinti» İdarəsində
texnik, baş texnik və mühəndis vəzifələrində
çalışıb. 1982-1997-ci illərdə Mədəniyyət
Nazirliyinin Əsaslı
Tikinti İdarəsində
mühəndis, 1997-2002-ci illərdə
«Teomontaj» Dövlət
Kiçik Müəssisəsində
və «Texno» şirkətində mühəndis,
2002-2006-cı illərdə isə Mədəniyyət
Nazirliyində baş mütəxəssis və
böyük məsləhətçi
işləyib. 2006-cı ildən Mədəniyyət
və Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin
Təmir-tikinti və bərpa layihələrinin
idarə olunması sektorunun müdiridir.
Z.Cəfərov
bu təltifi böyük sevinclə qarşıladığını deyir: «Sevincimin həddi-hüdudu yoxdur. Möhtərəm prezidentimizə və
cənab nazirə təşəkkür edirəm».
Olqa Borislavovna Qaloçkina
(“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif olunub)
Bakıda anadan olub, ali təhsillidir. Moskva Sosial Əlaqələr və Əmək Akademiyasının Sosial İqtisadiyyat İnstitutunu
bitirib. 1983-1984-cü illərdə Layihə İnstitutu «Azərkommunlayihə»də texnik vəzifəsində çalışıb.
1984-cü ildən 1992-ci ilə qədər “Azərxalça” İstehsalat
Birliyi HİK-də baş mühasib və Yerli sənaye
və kommunal məişət müəssisələri
fəhlələri Həmkarlar
İttifaqının AR Komitəsi
Maliyyə şöbəsində
təlimatçı işləyib.
1992-1995-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsində
müfəttiş vəzifəsində
çalışıb. 1995-ci ildə Gənclər
və İdman Nazirliyində aparıcı
mühasib təyin edilib. 2006-cı ildən isə Mədəniyyət və
Turizm Nazirliyində işləyir. Hazırda Maliyyə-iqtisadiyyat
şöbəsində müdir
müavini və baş mühasibdir.
Olqa Borislavovna təəssüratlarını
bizimlə bölüşərkən
bildirdi ki, xəbər onun üçün gözlənilməz
olsa da, çox sevinib: «Heç bilmirəm, nə deyim. Etiraf edim ki, bu,
həyatımda aldığım
ən xoş xəbərlərdən biridir».
Fərrux Məsimov
(«Tərəqqi» medalı ilə təltif olunub)
1939-cu ildə Gürcüstanın
Marneuli rayonunun Qaçağan kəndində
anadan olub. 1988-1989-cu illərdə Dövlət İncəsənət
İnstitutunda anbardar,
Dövlət Rəsm Qalereyasında təsərrüfat
müdiri vəzifələrində
çalışıb. Sonra Mədəniyyət Nazirliyinin
İşlər İdarəsinə
rəis müavini təyin edilib. 1991-1992-ci illərdə Azərbaycan Dövlət Rəsm Qalereyasının
direktor müavini işləyib. 1992-1993-cü
illərdə fəaliyyətini
«Şəfəq» Bədii
İstehsalat Müəssisəsində
istehsalat şöbəsinin
rəisi kimi davam etdirib. 1993-cü ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirliyində
müxtəlif vəzifələrdə
çalışıb. 2006-cı ildən Mədəniyyət və
Turizm Nazirliyinin İşlər şöbəsində
aparıcı məsləhətçi
işləyir.
Fərrux Məsimovun təəssüratı
belədir: «Mən bütün zəhmətkeş
insanları alqışlayıram.
Çünki həyatda zəhmətkeş
insanın əməyi
gec-tez qiymətləndirilir.
Bizim rəhbərlikdən çox
razıyam və hər kəsə minnətdarlığımı bildirirəm».
Rübabə Ənnağıyeva
(«Tərəqqi» medalı ilə təltif olunub)
Bakıda anadan olub.
1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Rus və fransız dillərini bilir. 1978-ci ildən Mədəniyyət
Nazirliyində çalışmağa
başlayıb. 28 il bu qurumda
müxtəlif vəzifələrdə
işləyib, 2006-cı ildən
isə Mədəniyyət
və Turizm Nazirliyində ümumi şöbədə baş
məsləhətçidir.
Rübabə Ənnağıyeva: «Mənim
üçün gözlənilməz
hadisə oldu. Əməyimizə verilən bu
yüksək qiymətə
görə ölkə
rəhbərliyinə, hörmətli
nazirə dərin təşəkkürümü bildirirəm. Bu təltif bizi daha da əzmlə,
səylə işləməyə
ruhlandırır”.
Tahirə Əliyeva
(“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif olunub)
Bakıda anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu
bitirib. 1979-1982-ci illərdə Lənkəran
şəhər Mədəniyyət
Evində bədii rəhbər, 1982-1983-cü illərdə
isə Respublika Elmi Metodiki Mərkəzdə
metodist işləyib.
1983-cü ildən
2006-cı ilə qədər
Mədəniyyət Nazirliyində
müxtəlif vəzifələrdə
çalışıb. 2006-cı ildən Mədəniyyət və
Turizm Nazirliyində işləyir. Hazırda nazirlikdə
baş məsləhətçi-kollegiyanın
məsul katibidir.
Fəxri ad alması Tahirə Əliyeva üçün də gözlənilməz olub:
“1983-cü ildən Mədəniyyət
Nazirliyi sistemində çalışıram. Həyatımda ilk yaddaqalan və sevindirici hadisə Lənkəran şəhərində
çalışdığım zaman ümummilli liderimiz Heydər Əliyevlə görüşüm
olub. İkinci önəmli hadisə
isə cənab prezident İlham Əliyevin sərəncamı
ilə əməyimin
qiymətləndirilməsi oldu.
Bu, mənim üçün
həqiqətən də
gözlənilməz oldu.
Gözlənilməz hadisələr isə
həmişə şirin
olur. Cənab prezidentə və
nazir başda olmaqla nazirliyin rəhbərliyinə minnətdarlığımı
bildirirəm”.
Sevda Məlikova
(“Əməkdar mədəniyyət
işçisi” fəxri
adına layiq görülüb)
Bakıda anadan olub.
1983-cü ildə N.A.Rimski-Korsakov
adına Dövlət Konservatoriyasının
musiqişünaslıq ixtisasını
bitirib. 1976-1978-ci illərdə
Səməd Vurğun
adına Mərkəzi Mədəniyyət
evində musiqi nəzəriyyəsi müəllimi
işləyib. 1983-1989-cu illərdə Azərbaycan
Dövlət Filarmoniyasında
baş redaktor vəzifəsində işləyib.
1989-cu ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirliyində
müxtəlif vəzifələrdə
çalışan S.Məlikova
2006-cı ildən Mədəniyyət
və Turizm Nazirliyində İncəsənət
şöbəsinin musiqi
sektorunda işləyir.
Hazırda həmin şöbədə
Musiqi sektorunun müdiridir.
Sevda Məlikova bu təltifin onun üçün böyük
sürpriz olduğunu dedi: «Hələ də çox həyəcanlıyam. Mənim üçün
gözlənilməz oldu.
Çoxillik iş fəaliyyətimi layiqli qiymətləndirdiyinə görə
cənab prezidentə və hörmətli nazirə təşəkkürümü
bildirirəm».
Gülnarə İbrahimova
(“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif olunub)
Bakı şəhərində dünyaya göz açıb. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunu klub işinin təşkilatçı-metodisti
ixtisası üzrə
bitirib. Əmək fəaliyyətinə 1979-cu ildən 1 nömrəli Musiqi Məktəbində
fortepiano müəllimi kimi
başlayıb. Sonralar Xarici
Dillər İnstitutunda
müəllimə, Musiqi
Tədrisi üzrə
Tədris-Metodika Kabinetində
laborant, Mədəniyyət
Nazirliyində katibə-stenoqrafçı
işləyib. 1985-1990-cı
illərdə Musiqi Tədrisi üzrə Tədris-Metodika Kabinetində
metodist işləyib.
1990-cı ildən
2006-cı ilə qədər
Mədəniyyət Nazirliyində
çalışıb. 2006-cı ildən Mədəniyyət və
Turizm Nazirliyinin Kadrlar şöbəsində
böyük məsləhətçi
işləyir.
Gülnarə İbrahimova gözəl bir kollektivdə çalışdığını və bundan qürur duyduğunu bildirdi: «Bu yaxınlarda Mədəniyyət və
Turizm Nazirliyinin yaranmasının 5 illiyi tamam oldu. Bu,
nazirlik üçün
çox önəmli
hadisə idi. Əmək fəaliyyətimizə nəzər
salarkən isə görürük ki, artıq uzun illərdir bu sistemdə çalışırıq.
Bu gün çox
gözəl bir kollektivdə işləyirik.
Mənim
üçün çox
fərəhlidir ki, orden, medal və fəxri adlara layiq görülən həmkarlarım arasında
mənim də adım var. Bunu çox yüksək dəyərləndirirəm və
ölkə başçımıza,
nazirliyin rəhbərliyinə
minnətdarlığımı bildirirəm».
Hazırladı: Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 8.