Nəsillərə örnək olan sənət yolu

 

   Bəhram Mənsurov - 100

  

   Qeyri-adi istedada malik məşhur tarzən, Xalq artisti Bəhram Mənsurovun anadan olmasının 100 ili tamam olur. Bəhram Mənsurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında muğamlarımız UNESCO xətti ilə vallara yazılaraq bütün dünyaya yayılıb. O, Azərbaycan muğamlarının qorunub saxlanması və təbliğində müstəsna xidmətlər göstərib. Nadir istedada malik sənətçi ilə bağlı yazının ərsəyə gəlməsində onun sənət yolundakı davamçıları - oğulları Elxan və Eldar Mənsurovlar bizə yardımçı oldu.

  

  

   Mənsurovlar nəsli və Bakının muğam məclisləri

  

   Azərbaycanın tanınmış nəsillərindən olan Mənsurovlar hələ Bakı xanlığı dövründə böyük hörmət və mənsəb sahibi olublar. Ağa Hacı Kərim bəy (1694-1768), onun oğlu Ağa Hacı Mənsur bəy (1731-1796) xanlıq hakimiyyətində vəzifə tutublar, çoxlu mülkləri, neft quyuları, gəmiləri, dükanları, meyvə bağları olub. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Eldar Mənsurov öncə daşıdıqları soyadın tarixçəsindən danışdı: “İnsanlara münasibətdə səmimi, geniş qəlbli Ağa Hacı Mənsur bəyin xatirəsinə hörmət kimi övladları onun adını soyadımızda əbədiləşdirdilər. Beləcə Mənsurbəyovlar soyadı yarandı, sonralar isə məlum siyasi nüanslar səbəbindən Mənsurov oldu».

   Mənsurovlar Bakının, Azərbaycanın tarixinə bir çox parlaq və istedadlı şəxsləri bəxş edib. Onların arasında Ağa Hacı Mənsur bəyin nəvəsi Ağa Salah bəyin (1800-1848) adını çəkmək olar. Tanınmış iş adamı kimi çar Rusiyasının müxtəlif şəhərləri, hətta uzaq ölkələrlə ticarət əlaqələri yaratmışdı. Bir çox şəhərlərdə dükanları var idi. Bakıda, İçərişəhərdə apardığı abadlaşdırma işlərinə görə, Ağa Salah bəyə «Bakının fəxri vətəndaşı» adı verilmişdi.

   Ağa Salah bəyin kiçik oğlu - Məşədi Məlik-Məmməd bəy Bakı və Abşeronda ilk muğam məclislərinin yaradıcısı kimi musiqi mədəniyyəti tariximizdə layiqli yer tutub. Eldar Mənsurov: «Bu məclislər qədim Azərbaycan muğamlarının öyrənilməsi, elmi tədqiqi və geniş yayılmasında önəmli rol oynayıb. Məşədi Məlik-Məmmədin oğlu Məşədi Süleyman bəy atasının başladığı işi davam etdirdi. Mənsurovların İçərişəhərdəki evlərində və Şüvəlandakı bağlarına xanəndələr, musiqiçilər, şairlər, Azərbaycan müxtəlif yerlərindən, Tiflisdən, İrandan gəlmiş ziyalılar yığışar və muğam məclisləri qurulardı. Məşədi Süleyman bəy mahir tarzən və muğam bilicisi idi. Onun bir sevimli məşğuliyyəti də vardı - səyahət etmək. Məşədi Süleyman bəy 11 dəfə Avropanı, Şərq ölkələrini o baş - bu baş gəzmişdi. Səyahətlər zamanı Məşədi Süleyman bəy hökmən konsert salonları və teatrlara baş çəkərdi, kübar məclislərində iştirak edərdi”.

   Məşədi Süleyman bəyin kiçik qardaşı - Mirzə Mənsur bəy (1887-1967) Azərbaycan muğamlarının tanınmış nəzəriyyəçisi hesab olunur. Konservatoriyada dərs deyib, muğam tədrisi proqramının müəlliflərindən biri olub. 1940-cı ildə Mirzə Mənsur Mənsurova «Əməkdar incəsənət xadimi» fəxri adı verilib. Mirzə Mənsur həmçinin tar ustası kimi də yaxşı ad qazanmışdı. Onun rekonstruksiya etdiyi 4 tardan biri Ermitajda, biri Luvrda, biri də İstanbulda muzeydə qorunur. Sonuncusu isə onun şəxsi tarı idi.

  

   "Hiss edirəm ki, sən tarı birdən-birə öyrənəcəksən”

  

   Məşədi Süleyman bəyin oğlu Bəhram Mənsurov 1911-ci il fevralın 12-də Bakıda doğulub, bütün Mənsurovlar kimi, İçərişəhərdə boya-başa çatıb. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib, Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi böyük xanəndələri müşayiət edib. Babası Məşədi Məlik bəy dövrünün mütərəqqi fikirli şəxslərindən biri, həm də mahir çalğıçı idi. Hər axşam İçərişəhərdəki evlərinin pəncərəsindən muğam və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılırdı. Həmin məclislər bir növ "xalq konservatoriyası" rolunu oynayıb, çoxları üçün bir sənət məktəbi olub. Evlərində çoxlu tar var idi. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu başa düşər və "mənim tarıma kim toxunub?" - deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi.

   Oğlunun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə öyrənəcəksən”. Doğrudan da, Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edir.

   Opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayırdı.

   Sənətkarın oğlu və davamçısı Elxan Mənsurov atası ilə bağlı maraqlı xatirələrini belə dilə gətirdi: «Onun tarının qeyr-adi səsini orkestrin səsi ilə müqayisə edirdilər. Hətta fasilə zamanı xarici qonaqlar əllərini onun tarına toxundurur, bu səsin sehrini öyrənməyə çalışırdılar. Bunun sadəcə bir izahı var idi. Atam tara ürəkdən bağlı idi. Klassik muğamlarımızın qorunub saxlanılması, dünyaya tanıdılmasında da Bəhram Mənsurovun müstəsna rolu olub. O vaxtlar bir çoxları muğamı müasirləşdirib ifa edirdilər. Amma atam bunun qarşısını aldı, klassik muğamlarımızın itib-batmasına imkan vermədi. Həmin dövrdə klassik muğam ifa edən yeganə tarzən idi. Atamın sənətçi kimi qeyri-adiliyi həm də onda idi ki, o, öz tarı ilə aşıq havalarını da gözəl ifa edirdi. Yəni aşıq havasını tarda elə ifa edirdi ki, saz havasına bənzəyirdi”.

   Tarzən kimi atasının yolunu davam etdirməyə çalışdığını deyən Elxan müəllim bu sənətə anasının arzusu ilə gəldiyini bildirdi: «Bəhram Mənsurov əsl sənətçinin formalaşmasını, bu yolun necə çətin olduğunu yaxşı bilirdi. Nəsil ənənəsini davam etdirərək tarzən olmağımda anamın böyük rolu oldu. Amma mənim müəllimim atam olub. 15 il onunla Dövlət Opera və Balet Teatrında çiyin-çiyinə çalışmışam».

  

   “Bütün əhvalı, sevinc və kədəri tar ifasına köklənirdi”

  

   Bəhram Mənsurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərbaycan muğamlarından "Çahargah" (1970) və "Rast" (1978) nota salınıb, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" ilk dəfə UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib. Onun ifasında bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mənsurov tərəfindən nota salınıb: «Bəhram Mənsurov mənim üçün həm ata, həm də böyük sənətkar idi. Tarı əlindən yerə qoymazdı, elə bil ki, onunla yaşayırdı. Bu gün sənətlə məşğul olmaq istəyənlərin əksəriyyəti öz sənətinə məşhur olmaq, tanınmaq, pul qazanmaq aspektindən yanaşırlar. Atam özünü sənətə fəda etdi. Hətta deyirlər ki, Bəhram Mənsurov toylara gedən zaman fasilə vaxtı da tarı əlindən yerə qoymazdı, onu dizinin üstündə saxlayardı. Evdə boş vaxtı olanda da mütləq tar çalırdı. Bütün əhvalı, sevinc və kədəri tar ifasına köklənirdi”.

   Bəstəkar atasının çox ailəcanlı olduğunu da deyir: «Evə bazarlıq etməyi, yemək hazırlamağı da çox xoşlayırdı. Həmişə deyirəm ki, əgər o musiqiçi olmasaydı, çox gözəl bir aşpaz olardı. Hələ uşaqlıq illərində anasını itirmişdi, babam da evlənməmişdi. Ailədə üç oğul, bir qız olublar. Ona görə atam və qardaşları ev işlərini özləri görüblər. Həmişə zəhmətkeş olub”.

   Klassik muğamlarımızın mahir ifaçısı olmaqla yanaşı, Bəhram Mənsurov həm də, gözəl simfonik musiqi zövqünə malik olub. Eldar müəllimin dediklərindən:

   «Konservatoriyada təhsil aldığım illərdə çox vaxt imtahan öncəsi Bethoven və digər bəstəkarların musiqilərinə qulaq asırdım və bir də görürdüm atam da mənimlə birlikdə həmin musiqiləri dinləyir. Elə musiqilər səslənirdi ki, orada mənim üçün muğama bənzər element tapmaq çətin olurdu. Amma bir də görürdün, atam deyirdi ki, bax, musiqinin bu yeri «Mahur-hindi» muğamına bənzəyir. Musiqinin bütün janrları haqqında anlayışı vardı. Estrada musiqisini də bəyənirdi. «ABBA», «Bittlz» qruplarının musiqilərini dinləməyi sevirdi. Çünki onların musiqisi çox melodik idi”.

   Azərbaycan Dövlət Opera və Balet Teatrında 54 il fəaliyyət göstərmiş qayğıkeş insan, ifası ilə neçə-neçə Məcnunlara, Leylilərə həyan olmuş Xalq artisti Bəhram Mənsurov 1985-ci il mayın 14-də, ömrünün 75-cı ilində vəfat edib. Amerikanın tanınmış yazarı və şairi Ralf Valdo Emerson deyib ki, «xarakter zəkadan daha üstündür. Dahi qəlb yaşamağa güclü olacaq, həmçinin düşünməyə də». Adını Azərbaycan mədəniyyətinə, musiqi tarixinə qızıl hərflərlə yazan Bəhram Mənsurov da malik olduğu güclü xarakterlə Azərbaycan muğamlarını dünyaya tanıda bilmişdi. Bu səbəbdən ömrü zəngin, gələcək nəsillərə örnək ola biləcək səhifələrlə dolu görkəmli tarzənin xatirəsi hər zaman sənətsevərlərin, xalqımızın yaddaşında yaşayır.

  

 

   Mehparə Sultanova

 

  Mədəniyyət.- 2011.- 11 fevral.- S. 7.