“Azərbaycan ailəsi - 2011” film
festivalına start verildi
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi artıq bir neçə ildir ki, gənc nəslin
milli-mənəvi ruhda tərbiyəsi, onlara ailə dəyərlərinin
aşılanması məqsədilə “Azərbaycan ailəsi”
adlı film festivalı keçirir. Fevralın 9-da bu
sıradan növbəti festivala start verildi.
“Azərbaycan ailəsi-2011” film
festivalının açılışına həsr
olunmuş tədbirdə çıxış edən Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Aynur Sofiyeva 2009-cu ildən təşkil
olunan festivalın Heydər Əliyev Fondu və BMT-nin Əhali
Fondu ilə birgə layihə çərçivəsində
keçirildiyini dedi: “Müsabiqənin əsas məqsədləri
kinematoqrafiyanın imkanlarından istifadə etməklə
ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki
statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi
funksiyasının gücləndirilməsinə əlverişli
şərait yaratmaq, ailə dəyərlərinə
marağı artırmaq, gənc ailələrə yüksək
mənəvi dəyərlərin aşılanması, bu
yöndə maarifləndirmə işlərinin aparılması
üçün videomateriallardan ibarət fondun
yaradılmasıdır”.
Müsabiqənin münsiflər
heyətinin rəhbəri Əməkdar incəsənət
xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev ölkəmizdə
kinonun inkişafına töhfə olacaq belə bir müsabiqənin
keçirilməsinə görə təşkilatçılara
təşəkkürünü bildirdi: “Festival humanist
ideyaları təbliğ edir. Gənclərə kino aləmində
özlərini sınamağa geniş imkanlar yaradır”.
Onu da qeyd edək ki, ictimaiyyətin
tanınmış nümayəndələrindən ibarət
münsiflər heyəti təşkilat komitəsinə təqdim
olunan filmlərlə bağlı dörd nominasiya üzrə
öz seçimlərini aparacaq və festivalda qalib gələn
filmlər diplom və qiymətli hədiyyələrlə
mükafatlandırılacaq. Müsabiqəyə təqdim
olunan filmlərin mövzusu milli ailə dəyərləri,
ailədə valideyn-uşaq münasibətləri, valideynlərin
məsuliyyəti, gənclərin ailə həyatına
hazırlığı, çoxuşaqlı ailələr və
onların cəmiyyətdə rolu, sağlam və nümunəvi
ailələrin təbliği, ailə problemləri (məişət
zorakılığı, erkən nikahlar, qan qohumluğu və
onun yaratdığı fəsadlar) və onlarla mübarizə,
uşaq baxımsızlığı, müasir Azərbaycan
ailəsi mövzularını əhatə edəcək.
Üç ay davam edəcək “Azərbaycan
ailəsi - 2011” film festivalına materialların təqdim edilməsi
aprelin 25-də yekunlaşacaq. Festivalın bağlanış mərasimi
mayın 12-də keçiriləcək.
Yeganə
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 6.