Mədəni irsimiz təbliğ olunur
Fevralın 9-da Badamdar qəsəbəsindəki N.Nərimanov
adına Kütləvi kitabxanada “Miras” Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı
ilə “Azərbaycanda son orta əsr şəhər mədəniyyəti
və orta əsr Ağsu şəhəri” adlı seminar
keçirildi. Seminarda 91, 236, 239 və 162 saylı məktəblərin
müəllim və şagird kollektivi, kitabxananın fəal
oxucuları iştirak edirdi.
Tədbiri giriş sözü ilə
açan kitabxananın direktoru Arzu Soltan tədbir haqqında məlumat
verdi, belə tədbirlərin şagirdlərin Azərbaycan
tarixi ilə bağlı bilik və
dünyagörüşünün artırılmasına səbəb
olduğunu vurğuladı. Seminarda AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri
Akif Quliyev “Orta əsr Ağsu şəhərində
aparılan arxeoloji qazıntılar və nəticələr”
mövzusunda məruzə ilə çıxış etdi. O,
orta əsr Ağsu şəhərində aparılan
qazıntılardan, aşkar olunan maddi-mədəniyyət
nümunələrindən, həyata keçirilməkdə
olan arxeoloji layihələrin əhəmiyyətindən
danışdı. Seminarda “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyinin “Yeni istedadlar” uşaq və gənclər
mərkəzinin rəhbəri Cəfər Mənsiminin “Miras
İctimai Birliyi və mədəni irsimiz” mövzusunda məruzəsi
dinlənildi.
Seminarda qədim şəhərin
qalıqlarını əks etdirən videogörüntülər,
“Orta əsr Ağsu şəhərinin 3D
görüntülü video-filmi” nümayiş olundu,
mövzuya dair diskussiya aparıldı. Fərqlənən
şagirdlərə “Ağsu şəhəri orta əsrlərdə”
kitabı təqdim edildi.
Qeyd edək ki, ilk belə seminar
ötən ay M.Qorki adına Mərkəzi Səyyar Kitabxana
Fondunda gerçəkləşib. Azərbaycanın qədim
tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə
və intellektual dairələrə
çatdırılması, ictimaiyyətin Azərbaycan tarixi
ilə bağlı biliklərinin və
dünyagörüşlərinin hərtərəfli
inkişafına dəstək olmaq, onların mədəniyyət
ocaqlarına maraqlarının artırılması və
onların gözü ilə bu sahədəki problemləri
müəyyən etmək məqsədi güdən seminarlar
muzey və kitabxanalarda, ali və orta məktəblərdə
davamlı olaraq təşkil olunacaq.
Ceyhun
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 6.