Ədəbiyyatımızın güzgüsü

 

   İntiqam Qasımzadə: “Azərbaycan”ın dəyişməyən ənənəsi vicdanlı seçimdir”

  

   Yanvarın 28-də “Azərbaycan” jurnalının 88 yaşı tamam oldu. İki səkkizin qoşa dayanması üçün “Azərbaycan” jurnalı bu illərdə ağır, ləngərli, həm də şərəfli bir yol keçdi. Mətbuat tariximizdə daimi fəaliyyətdə olan ən uzunömürlü jurnal da məhz “Azərbaycan” oldu. Elə bu gün də çağdaş ədəbiyyatımızın seçmə nümunələrini bu jurnalın səhifələrindən oxuyuruq. Gənc istedadların ədəbi uçuşu da çox vaxt şəffaf uçuş zolağından - “Azərbaycan”dan başlayır.

 

   Müsahibimiz “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadədir.

  

   “Azərbaycan”ın tarixindəki tarixlər

  

   1923-cü il yanvarın 28-də "Maarif və mədəniyyət” adı ilə işıq üzü görən jurnal daha sonralar “İnqilab və mədəniyyət”, “Revolyusiya və kultura”, “Vətən uğrunda”, 1946-1952-ci illərdə təkrar yenə “İnqilab və mədəniyyət”, 1953-cü ildən bu günə kimi isə Səməd Vurğunun təklifi ilə “Azərbaycan” adı ilə nəşr olunur. Tağı Şahbazi Simurq jurnalın ilk redaktoru olub. Sonralar Cəlil Məmmədzadə, Ruhulla Axundov, Mirzə İbrahimov, Məmməd Arif, Mehdi Hüseyn, İsmayıl Şıxlı və neçə-neçə böyük sənətkarlar bu missiyanı şərəflə daşıyıblar.

  

   - “Azərbaycan” jurnalı zaman-zaman ədəbi incilərimizin ilk müjdəçisi olub. Bu gün necə, “Azərbaycan” ədəbiyyatımızın ümumi mənzərəsini əks etdirə bilirmi?

   - “Azərbaycan” jurnalı yazıçılarımızın, şairlərimizin irihəcmli əsərlərini çap edən yeganə qalın jurnaldır. Dünən də, elə bu gün də məqsədimiz ən yaxşı əsərləri bu jurnalda çap eləməkdir. Bu gün də jurnalımıza axın çoxdur. Köhnə ənənələrə sadiq qalaraq, ən yaxşı əsərləri növbədənkənar çap edirik, redaktəyə ehtiyacı olan yazıları yaxşı mənada bir qədər darayırıq. Elə yazıçılar var ki, əsərini illər boyu cilalayır, nöqtə-vergülünə qədər düzəldir, duzunu-istiotunu vurub bizə təqdim edirlər, amma elə yazıçılar da var ki, çap olunmağa tələsirlər, onların yazılarının redaktəyə ehtiyacı olur, biz də üzərimizə düşən işi yerinə yetiririk. Özü də vicdanla.

   - Bir neçə il bundan əvvəl poeziyaya axın sizi narahat edirdi. Hətta poeziyaya axını epidemiyaya bənzətmişdiniz.

   - Bu gün müasir dünyada poeziyadan çox prozaya axın var. Bəli, biz bir az poetik xalqıq, zəngin poeziya ənənələrimiz var, amma bu gün şeir yazanların sayı çox olsa da, seçilən, yaddaqalan əsil şair azdır. Ədəbi hadisəyə çevrilə biləcək şeirlər, imzalar o qədər də çox deyil. Müqayisə üçün 60-cı illərə qayıdaq. 60-cı illərdə ədəbiyyata kimlər gəldi: Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Əli Kərim... Gələn kimi də tanındılar. O zamanlar şairlərin sayı indikindən qat-qat az idi, amma fərqlənən imzalar, istedadlı şairlər daha çox idi.

   - Ədəbiyyata üz tutan gənclərin intellektual səviyyəsi necə, sizi qane edirmi?

   - Ədəbiyyata gələn gənclərin arasında yüksək intellektual səviyyəli çox istedadlı uşaqlar var. İndi ucdantutma deyirlər ki, təhsildə vəziyyət acınacaqlıdır - oxuyan yoxdur. Amma belə deyil, auditoriyada 40 tələbə arasında iki istedadlı tələbə varsa, kifayət edər. Hər oxuyan Molla Pənah olmur. O mənada intellektual səviyyəsi kifayət qədər yüksək olan, geniş dünyagörüşlü, zövqlü gənclərimiz var.

  

   “Hər xalqın milli xüsusiyyətləri var”

  

   - Nəsrimizdə vəziyyət necədir?

   - Nəsrimizdə vəziyyət eynən poeziyamızda olduğu kimidir. 90-cı illərə qədər Azərbaycan nəsrinin ənənəvi bir yolu vardı. Müasir gənclik o ənənədən uzaqlaşmağa cəhd eləyir. Hətta yaşlı nəslin nümayəndələri - 60-cılar nəslinə məxsus yazıçılarımızın da, məsələn, Elçinin, Anarın son yazılarında forma axtarışları, dövrümüzə uyğun yazı tərzi, üslub özünü göstərir. Bu ondan irəli gəlir ki, yaşlı yazıçılarımız zamanla ayaqlaşmağa çalışırlar və buna ustalıqları, peşəkarlıqları ilə nail olurlar.

   Amma bir çox gənclər bəzən mexaniki təqlid yolunu tutur, Avropa ədəbiyyatında, nəsrində olan bir çox hadisələri tam özününküləşdirmədən, ürəyinin süzgəcindən keçirmədən, milli variantını tapmadan qələmə alır. Hər xalqın öz mili xüsusiyyətləri, psixologiyası, adət-ənənələri ilə yanaşı, ədəbi ənənələri də var. Öyrənmək lazımdır. Ötən əsrin 20-ci, 30-cu, 40-cı, 50-ci, 60-cı illərində Azərbaycan ədəbiyyatı rus ədəbiyyatından çox şey əxz eləyib. Sözün düzü, təqlid eləyənlər onda da olub, ancaq onlar heç nə əldə edə bilmədilər. O kəslər ki, öyrəndilər, yaradıcı tərzdə mənimsədilər və öz əsərlərini İsmayıl Şıxlı, İsa Hüseynov, Elçin, Anar, Əkrəm Əylisli, Sabir Əhmədov kimi ortaya qoydular, bu əsərlər qəbul olundu, sevildi və yaşadı. O illərdə İsmayıl Şıxlı “Dəli Kür” romanını yazdı. “Dəli kür” əslində Avropa-rus romanı səpkisində yazılmış bir əsərdir. Mən niyə birbaşa rus demədim, ona görə ki, rus romanının özü də Avropa romanının təsirindən yaranmış bir roman idi. Bizə qonşu olan, dilini bildiyimiz bir xalqın ədəbiyyatından öyrəndik, ona görə də bu roman milli bir roman kimi uğur qazandı. Biz dünya ilə təmasdayıq. Ədəbiyyatda inteqrasiya lap qədimdən olub. Vaxtilə Şərq poeziyasına inteqrasiya etmişik; ərəb şeiri, fars şeiri, türk şeiri bizə çox şey verib. Ədəbiyyatın, sənətin sərhədi olmur.

   - Vaxtilə “Azərbaycan” jurnalında çap olunmaq üçün müəlliflər uzun müddət, hətta illərlə gözləməli olurdular.

   - Qovluqlar yenə doludur. 35 ildir bu jurnalda çalışıram, 14 ildir ki, baş redaktoram. Bu illərdə Əkrəm Əylisli, İsmayıl Şıxlı, Cabir Novruz, Yusif Səmədoğlu kimi redaktorlarla işləmişəm. Sizə bir sirr açım, çox istedadla yazılmış əsərlər heç vaxt ləngiməyib, heç vaxt da növbə gözləməyib. İrad tutublar ki, filankəs niyə növbə gözləmir? Cavabımız bu olub ki, filankəs ona görə növbə gözləmir ki, istedadla yazılmış əsəri saxlamaq olmaz. O əsəri tez çap edib oxucusuna catdırmaq lazımdır ki, başqaları da ondan yaxşı mənada bəhrələnsinlər.

  

   Müsahibə içində müsahibə

  

   - Bu gün ədəbi tənqiddə nə baş verir?

   Söhbətimizin bu yerində qapı açıldı. Bir anlıq sükut yarandı.

   İntiqam müəllim “Görkəmli tənqiçimiz, ədəbiyyatşünas alimimiz Rüstəm Kamal, gördüyünüz kimi, təşrif buyurub. Etiraz etmirsizsə, bu sualı ona ünvanlayaq”, - dedi. Etiraz etmədim. O, isə sualı belə cavablandırdı:

   - Çox çətin sualdır. Mənim aləmimdə, müasir tənqidin estetik proqramı, müstəvisi məlum deyil. Tənqidçi sözü öz siyasi anlamını bir qədər itirib. Bölgü aparsaq, görərik ki, var estetik tənqid, yəni əsərlərin yaxşı tərəflərini görən, onu qabardan yazılar, buna tənqidi yazı demək mümkündürsə, bir də var şou atmosferindən gələn, bir qədər şəxsi qərəzin üstün olduğu yazılar. Əslində, ədəbi tənqid daha böyük anlam daşıyır.

   İntiqam müəllim “Bizim görkəmli tənqidçimiz, baxmayaraq ki, özü də tənqidçidir, tənqidimiz haqqında çox tənqidi münasibət söylədi” - deyib ədəbi tənqidlə bağlı Rüstəm müəllimin fikirlərinə öz fikirlərini də əlavə etdi:

   - Yenə qayıdırıq sovet dönəminə, o dövrdə Yaşar Qarayev, Akif Hüseynov kimi tənqidçilər sistemli olaraq ədəbiyyatı izləyirdilər. Akif Hüseynov Azərbaycan nəsrini ardıcıl olaraq izləyirdi, Yaşar Qarayev isə çoxşaxəli idi. O həm dramaturgiyanı, həm poeziyanı izləyirdi. Bu cür peşəkar, operativ, özünü bu işə həsr etmiş sırf tənqidçilər bu gün demək olar ki, yoxdur. Varsa da bir-iki nəfərdir.

   - “Azərbaycan” jurnalının bir missiyası da dünya ədəbiyyatının ən qiymətli nümunələrini Azərbaycan oxucusuna çatdırmaq olub.

   - İndi “Azərbaycan” jurnalı o ənənəni saxlasa da, daha çox Azərbaycan ədəbiyyatına yer ayırır. Dediyim kimi, o dövrdə başqa jurnallar yox idi, ona görə də bu missiyanı öz üzərimizə götürmüşdük. İndi sırf tərcümə əsərləri çap edən jurnallar var, ona görə də daha çox öz ədəbiyyatımızın nümunələrini çap edirik.

   - Zaman dəyişdikcə münasibətlər, baxışlar, üslublar, mövzular, hətta nəsillər dəyişir, “Azərbaycan” jurnalının dəyişməyən ənənəsi hansıdır?

   - “Azərbaycan” jurnalının dəyişməyən ənənəsi vicdanlı seçimdir. Vicdanla, ədəbiyyata xəyanət eləmədən istedadlara yol açmaq, müasir ədəbiyyatın mənzərəsini mümkün qədər əhatəli əks etdirməkdir. İstedadlı yazılara zaval yoxdur. Yaxşı ənənələr yaşayır. Biz dəridən-qabıqdan çıxırıq ki, o ənənələr hər zaman yaşansın.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.-2011.- 11 fevral.- S.5.