İnteqrativ Tamaşaların V Milli Festivalı

 

   Əlilliyi olan uşaq və gənclər aktyor bacarıqlarını nümayiş etdirdilər

  

   Fevralın 9-da «Müstəqil həyat» İnkişaf və Dəstək Mərkəzi və «Müşviq» Əlil Uşaqlara Yardım İctimai Birliyi təşkilatçılığı ilə Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının V Milli Festivalı keçirildi. Teatr Xadimləri İttifaqında gerçəkləşən tədbirin əsas məqsədi incəsənət vasitəsilə Azərbaycanda əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların müsbət imicinin formalaşdırılmasıdır.

     

   Festival bununla yanaşı əlilliyi olan insanların teatral inkişafına dəstək olmaq, Azərbaycanda «xüsusi» teatrların yaradılmasına və inkişafına kömək etmək məqsədi daşıyır. Festivalın əsas vəzifəsi əlil insanlarla işləyən təşkilatlarda teatr sahəsinin yaradılması və mövcud teatrlarda onların da aktyor kimi çalışmasına nail olmaqdır. Buna görə də hər festivala Azərbaycanda əlilliyi olan uşaq və gənclərin inkişafı və cəmiyyətə inteqrasiya sahəsində fəaliyyət göstərən müxtəlif reabilitasiya mərkəzləri və birliklər cəlb olunur.

   «Müstəqil həyat» İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilov bildirdi ki, hər il yeni təşkilatlar bu layihəyə cəlb olunur: «Artıq beşinci ildir ki, bu festival keçirilir. Hər il çalışırıq yeni təşkilatları bu layihəyə cəlb edək. İncəsənət sahəsində ilk addımları atan təşkilatları cəlb edirik ki, müxtəliflik olsun. Keçən il master-klaslar keçirib, xaricdən bu sahədə peşəkar olanları dəvət etmişik. Biz istəyirik ki, bu layihənin əhatəsi daha da genişlənsin, bu çərçivədə Mədəniyyət və İncəsənət Universitetində dərslər keçirilsin, əlilliyi olan insanlarla necə işləməli, onları necə teatrlara cəlb etməli olduğumuzu öyrənək. Bu sahəni incəsənət və insanlıq üçün inkişaf etdirməliyik».

   A.Xəlilov onu da bildirdi ki, təşkilatın işi təkcə əlillərin incəsənət sahəsindəki bacarıqlarını üzə çıxarmaqla bitmir: «Biz sadəcə teatra deyil, təhsil, iş sahəsinə də diqqət yetiririk. Artıq əlil olan insanları bəzi şirkətlərin köməyi ilə işlə təmin edirik. İnkluziv dövlət təhsil proqramı var. Bu proqram əlil insanları təhsilə cəlb etməkdən ibarətdir. Bu layihəni ilk vaxtlar yaxşı qarşılamırdılar. Deyirdilər ki, əlil insanlar fiziki və əqli cəhətdən sağlam olanlarla necə təhsil ala bilərlər? Amma atıq 5-6 ildir ki, layihə davam edir. Bütün məktəblərdə bu layihə həyata keçiriləcək və bütün dünyada olduğu kimi əlillər hamı ilə bərabər təhsil alacaqlar. Təhsil sistemində bir az dəyişiklik oldu. Məncə incəsənət sahəsində də bu tipli dəyişiklik edib, ortaq məxrəcə gəlmək olar». A.Xəlilov onu da bildirdi ki, budəfəki festivalda Bakı və Mingəçevirdən əlil təşkilatları iştirak edir.

   Qeyd edək ki, layihəyə təşkilati dəstək verən qurumlar arasında Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Save the Children Humanitar Təşkilatı var.

   «Save the children» Uşaqların Xilası təşkilatının Azərbaycan üzrə nümayəndəsi Samir Məmmədov bildirdi ki, festival əlil insanların cəmiyyətin tamhüquqlu üzvü olduqlarını anlamaları üçün reallaşdırılır: «Festival Amerika Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və əlilliyi olan insanlarla bağlı layihə çərçivəsində «Save the children» təşkilatının dəstəyi ilə ərsəyə gəlib. Amerika bu sahəyə 3 milyon dollardan artıq vəsait ayırır. Layihə təkcə əlil insanlar üçün deyil, ümumiyyətlə ictimaiyyət üçün çox önəmlidir».

   «Müşviq» Əlil Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Validə Abbasova isə festivalın yaranmasından danışaraq, əlil insanlara olan münasibətdə humanizm prinsipinin hər zaman öndə olmasının zəruriliyini vurğuladı: «Mən dünyanın bir çox ölkəsini gəzmişəm və bu vəziyyəti çox görmüşəm. Mənim oğlumun əlilliyi olduğu üçün bu işə başlayanda Müşviqi düşündüm. Nə olsun ki, əlildir. Hər bir insan yaşamalıdır. Müşviqin simasında mən onun kimilərini başıma yığdım. Gördüm ki, incəsənət əlilliyi olan insanlara da məxsusdur. Bizimlə onlar arasında fərq yalnız görünüşdədir. Bəlkə də onların ürəkləri bizimkindən daha genişdir. İdeyaları daha çoxdur. Onlarla işlədiyimizdən bütün bunların şahidi olmuşuq».

   ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Terri Devidson isə əlil uşaq və gəncləri dəstəkləməklə onların cəmiyyətə inteqrasiya etmələrinə şərait yaratdıqlarını bildirdi: «Bu tədbir sırf uşaqlarla bağlıdır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi bu uşaqlara dəstək olmaq və onların istedadını göstərməsi üçün festival bir şansdır. Əlilliyi olan uşaq və gənclərin özlərini idarə etməsi üçün şərait yaradılmalıdır. Onlar cəmiyyətə inteqrasiya etməlidirlər. Biz çalışırıq ki, bu sahədə inkişaf olsun».

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə nazirliyin bu layihəni həmişə dəstəkləyəcəyini diqqətə çatdırdı: «Bu gün belə bir layihədə iştirak etdiyimə görə fəxr edirəm. Nazirlik olaraq gələcəkdə bu layihələrdə daha yaxından iştirak edəcəyik. Mədəniyyət və Turizm Nazirliyinin balansında gözdən əlillər üçün uşaq musiqi məktəbi var. Biz həmişə belə uşaqların yanında olacağıq».

   Layihə rəhbərləri festivalın keçirilməsində yardımçı olan Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD təşkilatı və digərlərinin nümayəndələrini mükafatlandırdılar.

   Qeyd edək ki, festivalda «Validə» Valideyn Assosiasiyası tərəfindən «Cücələrim» musiqili tamaşa səhnəsi, «Göy qurşağı» Reabilitasiya Mərkəzi tərəfindən «Hamı iş başına» səhnəciyi, «Müşviq» Əlil Uşaqlara Yardım İctimai Birliyi tərəfindən «Ulduz» filmindən səhnəcik, Qan Donorları Assosiasiyası tərəfindən «Dəli» dramı və s. təqdim olundu.

  

 

   Gülər Nizamiqızı

 

   Mədəniyyət.- 2011.- 11 fevral.- S. 4.