“Misranın sahibi hisslər olanda”
Görkəmli rus ədibi Boris Pasternakın Azərbaycan
dilində nəşr edilən kitabı təqdim olundu
Fevralın 9-da Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan
“525 kitab” seriyasından sonuncu kitabın təqdimatı oldu. “Misranın
sahibi hisslər olanda” adlı kitabda görkəmli rus şairi
və yazıçısı, ədəbiyyat üzrə
Nobel mükafatı laureatı Boris Leonidoviç Pasternakın
(1890-1960) Azərbaycan dilinə tərcümə olunmuş
şeirləri yer alıb. Kitab Xalq yazıçısı
Anar və gənc yazar, şair Səlim Babullaoğlunun tərcüməsində
ərsəyə gəlib.
“Misranın sahibi hisslər olanda”
kitabı 1000 nüsxə tirajla “Mütərcim” nəşriyyatında
çapdan çıxıb.
Təqdimatı giriş
sözü ilə açan, AYB-nin katibi, “525 kitab”
seriyasının rəhbəri Rəşad Məcid Boris
Pasternakı əsərləri dilimizə ən az çevrilən
rus şairlərindən biri olduğunu qeyd etdi: “Bunu həm
çevrilmiş şeirlərin kəmiyyəti ilə, həm
də tərcüməçilərin seçiminə əsasən
söyləmək olar”. Tədbirdə AYB-in katibi, Xalq
yazıçısı Çingiz Abdullayev layihənin əhəmiyyətindən
danışdı, ədəbiyyatın xalqlar arasında
körpü olduğunu vurğuladı.
Rusiyanın Azərbaycandakı səfiri
Vladimir Doroxin Boris Pasternakın keçmiş rus-sovet ədəbiyyatının
ilk Nobel mükafatı alan şair, yazıçı və tərcüməçi
kimi şöhrət qazandığını söylədi.
Xalq şairi Söhrab Tahir, “Azərbaycan”
jurnalının baş redaktoru İntiqam Qasımzadə və
başqaları ədibin “Dan söküləndə”, “Avqust”,
“Fani həyat”, “Qış gecəsi”, “Hamlet”, “Yaxşı
deyil məşhur olmaq, tanınmaq” və digər şeirlərində
həssas bir şairin həyata və insanlara saf məhəbbətinin
tərənnüm olunduğunu bildirdilər.
Sonda B.Pasternakın öz səsi
ilə xatirə lent yazısı səsləndirildi,
kitabın tərtibçisi və redaktoru S.Babullaoğlu ədibin
rus və Azərbaycan dillərində nəşrlərindən
nümunələr oxudu.
Yeganə
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 4.