Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişafı

 

   Proqramın ilkin layihəsi müzakirə olundu

 

   Fevralın 9-da Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan miniatür sənətinin tədqiqi, təbliği və inkişaf Proqramının (2011-2014-cü illər) ilkin layihəsinin müzakirəsinə həsr edilmiş iclas keçirildi.

  

   Nazir Əbülfəs Qarayev miniatür sənətinin inkişaf mərhələlərindən, indiki məqamda rəssamlarımızın müsəlman Şərqi xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən olan bu sənətin daha da təkmilləşdirilməsi istiqamətində gördükləri işlərdən danışdı. Qeyd etdi ki, Azərbaycan incəsənətinin əsas qollarından olan və nadir sənət növlərindən sayılan miniatür sənət ustalarının yaradıcılığının tədqiqi, təbliği, inkişafı və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Nazir vurğuladı ki, müzakirə edilən proqramın da əsas məqsədi xalqımızın yüzilliklər boyu yaratdığı olduqca nadir sənət növlərindən olan miniatür sənətinin kompleks şəkildə tədqiqi, onun tarixinin öyrənilməsi, Azərbaycan təsviri sənətinin genetik əsaslarının müəyyən edilməsi, dünyada tanıdılması, gənc nəsil arasında təbliğindən ibarətdir: “Milli miniatür sənətimizi beynəlxalq səviyyədə tanıtmağa nail olmalıyıq. Bunun üçün bizim geniş imkanlarımız və mütəxəssislərimiz var”.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sözü gedən layihənin hazırlanması zərurətindən danışdı və görülən işlər barədə ətraflı məlumat verdi.

   Miniatür sənətini əks etdirən slayd göstəriləndən sonra Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı müvafiq proqramın müzakirəsi davam etdirildi.

   Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, AMEA-nın Memarlıq və incəsənət institutunun direktoru Ertəkin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq rəssamları Altay Hacıyev, Arif Hüseynov, Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və başqalarının iştirak etdiyi tədbirdə miniatür sənətinin inkişafına təkan verəcək məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 11 fevral.- S. 3.