Maestronun musiqisi daima yaşayacaq
L.
və M.Rostropoviçlərin ev-muzeyində xarici
diplomatların xanımları ilə görüş
Fəaliyyət
göstərdiyi illər ərzində L. və
M.Rostropoviçlərin ev-muzeyi gördüyü işlərlə,
təşkil etdiyi tədbirlərlə nəinki Azərbaycanda,
eyni zamanda ölkəmizin hüdudlarından kənarda da kifayət
qədər tanınır. Bakıda səfərdə olan bir
sıra xarici dövlət rəsmiləri, incəsənət
xadimləri məmnuniyyətlə muzeydə qonaq olurlar, burada
keçirilən tədbirlərdə iştirak edirlər.
Fevralın 9-da ATƏT-in Bakı
ofisinin dəstəyi ilə ATƏT, UNİCEF, BMT-nin
Bakıdakı nümayəndəliklərinin rəhbərlərinin
xanımları, ABŞ səfirliyinin nümayəndəsi
A.Sterlinq, Moldova və Norveç səfirlərinin
xanımları muzeyimizə təşrif buyurmuşdular.
Qonaqları muzeyin direktoru Şeyla Heydərova
qarşıladı. Muzeyin kiçik elmi işçisi
R.İbazadə ingilis dilində gələn qonaqlara ekskursiya
keçdi. Muzeylə tanışlıqdan sonra qonaqlar Mstislav
Rostropoviçin həyat və yaradıcılığı
ilə bağlı yeni və maraqlı faktlar öyrəndiklərini
bildirdilər. Ekskursiyadan sonra qonaqlara maraqlı konsert
proqramı nümayiş etdirildi.
Konsertdə BMA-nın IV kurs tələbəsi,
beynəlxalq müsabiqələr laureatı, M.Rostropoviç
təqaüdçüsü, simfonik orkestrin üzvü,
violençelist J.Əliyeva, BMA-nın I kurs tələbəsi,
beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü,
skripkaçı A.Seyidov, Bülbül adına orta ixtisas
musiqi məktəbinin VII sinif şagirdi, prezident təqaüdçüsü,
pianoçu V.Vəkilov çıxış etdilər.
Onların ifasında Azərbaycan və Avropa bəstəkarları
- Q.Qarayev, F.Şopen, Elqar, Venyavski və Paqanininin əsərləri
səsləndi. Konsert proqramının sonunda V.Vəkilov
özünün bəstələdiyi və Aybəniz Vəkilovaya
həsr etdiyi “Elegiya” əsərini ifa etdi. Musiqi nömrələri
böyük alqışlarla qarşılandı. Tədbirin
sonunda qonaqlara Heydər Əliyev fondunun təşəbbüsü
və Mehriban xanım Əliyevanın redaktəsi ilə nəşr
olunmuş “Rostropoviç Dahi Bakılı ” kitabı təqdim
olundu. ATƏT-in Bakıdakı nümayəndəliyinin rəhbərinin
xanımı İclal Cankorel təşkil olunmuş tədbirdən
razı qaldığını bildirdi. Qonaqlar muzeyin rəy
kitabına ürək sözlərini yazdılar.
Rəna
İbadzadə,
Vüsalə Abdullayeva,
muzeyin kiçik elmi işçiləri
Mədəniyyət.-
2011.- 11 fevral.- S. 3.