Rəqs, musiqi və təhsil bir arada

 

   Bakı Xoreoqrafiya Məktəbindən zəngin təəssürat

  

   Çalınan zəng səsi adət etdiyimiz kimi dərsin başlamasından xəbər verirdi. İlk baxışda nə məktəb, nə iri çantalı şagirdlər, nə də dərsə tələsən müəllimlər heç nə ilə fərqlənmirdilər. Başını qaldırmadan, məktəb binasının önündəki lövhəni görmədən içəri keçirsən. Birdən otaqlardan gələn musiqi səslərini eşidib ayaq saxlayırsan. Pilləkənləri qalxan şagirdlərin hərəkətlərində də fərqli ritm, plastika, qədd-qamət hiss olunur. Başa düşürsən ki, bura adi məktəb deyil. Bura rəqs, musiqi və təhsili bir arada birləşdirən Bakı Xoreoqrafiya Məktəbidir.

     

   80 illik tarixi, zəngin ənənələri və özünəməxsus cəhətləri olan məktəblə bilavasitə tanışlıqdan öncə şagird və tələbələrdən bir neçəsi ilə ayaqüstü söhbət edirik. Qeyd edək ki, məktəbdə təhsil iki pilləlidir. I-IX sinif (şagirdlər) və sonra daha 3 illik təhsil (tələbələr).

  

   Zeynəb Kərimova (6-cı sinif şagirdi):

   - Altı ildir bu məktəbdə təhsil alıram. Buraya gəlməyim valideynlərimin istəyi və seçimi olsa da, indi özüm baleti çox sevirəm. Gələcəkdə böyük teatr səhnələrində çıxış etmək arzusundayam.

  

   Ayan Eyvazova (2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü):

   - Artıq 11 ildir ki, burada təhsil alıram. Məktəbimizi çox sevirəm, buranı özümə ikinci ev hesab edirəm. Balet mənim həyatımdır.

  

   Xamiz Cəfərov (3-cü kurs tələbəsi, Prezident təqaüdçüsü):

   - Təhsilimin 12-ci ilindəyəm, bu il məktəbi bitirirəm. Rəqqas olmağımla həmişə fəxr etmişəm. Rəqs incəsənətin çətin bir sahəsidir. Lakin hansı sənətlə məşğul olmağından asılı olmayaraq gərək onu sevəsən ki, o da səni tanıtsın. Amerika, Kanada, Belçika və s. ölkələrdə çıxış etmişəm. Bu uğurlarımızda məktəbin müəllim heyətinin böyük əməyi, zəhməti var. Gələcəkdə milli özünəməxsusluğu qorumaqla müasir üslubda rəqslərə quruluş vermək, özümün rəqs məktəbimi yaratmaq istərdim.

   

   Dinarə Şirinova (6-ci sinif şagirdi):

   - Bu məktəbi ona görə sevirəm ki, burada təhsil alanlar gözəl rəqqas olurlar. Məktəbimizin müəllimləri çox zəhmət çəkərək öz bilik və bacarıqlarını bizə öyrədirlər. Biz də çalışırıq onların öyrətdiklərini mükəmməl öyrənək.

   “Yeddi gözəl”, “Jizel”, “Don Kixot” tamaşalarını çox sevirəm və böyüyəndə onların hamısında oynamaq istərdim.

  

   80 illik tarixdən bəzi səhifələr

  

   Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb. 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1933-cü ildən Balet Məktəbi kimi fəaliyyətini davam etdirib. Opera və Balet teatrının baletmeysteri V.A.Kononoviç məktəbin direktoru təyin edilib, məktəbdə təhsil müddəti 4 ildən 9 ilə çatdırılıb.

   1936-cı ildən isə məktəbin adı dəyişdirilərək - “Bakı Xoreoqrafiya Məktəbi” adlandırılıb.

   80 illik fəaliyyəti ərzində Bakı Xoreoqrafiya Məktəbində bir çox tanınmış balet ustaları təhsil alıb, məşhur pedaqoqlar burada dərs deyib. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradova və onlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər.

   Hazırda məktəbdə 123 müəllim işləyir. Onlardan 82-si xüsusi fənlər (34-ü xoreoqraf, 48-i isə konsertmeyster və musiqişünas) üzrə müəllimlərdir. Onların arasında respublikanın xalq artistləri - Tamila Şirəliyeva, Yusif Qasımov, əməkdar artistlər - Tamilla Məmədova, Olqa Arifulin, Ramazan Arifulin, Samir Səmədov, Yuri Lobaçov, Səbinə Qasımova, iki Əməkdar müəllim - Alla İsakadze, Pellumb Aqallıyay, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov və s. peşəkarlar dərs verir.   

 

   Xoreoqrafiya məktəbinin özəllikləri nədir?

  

   Məktəbdə iki bölmə fəaliyyət göstərir: klassik bölmə və xalq bölməsi. Klassik bölməyə 5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən şagird qəbul olunur. 1-4-cü siniflər hazırlıq mərhələsidir. Həmin siniflərdə xoreoqrafiya sənətinin ibtidai, təməl elementləri şagirdlərə aşılanır. 4-cü sinifdən sonra isə şagirdlərdən kimlərsə professional mərhələyə başlama imkanına nail olur, kimlərsə məktəblə vidalaşmalı olur. Bu şagirdin qabiliyyətindən asılıdır. Əgər bu sinfə qədər şagird mükəmməl nəticələr göstəribsə, plastikası, musiqi duyumu, keçirilən materialı mənimsəməsi normativə uyğundursa o, növbəti - professional mərhələyə keçir.

   5-ci sinifdən artıq professional xoreoqrafiya sənətinin tədrisinə başlanılır.

   Məktəbin direktoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi Neylüfər Kərimova məktəbə qəbulun müsabiqə yolu ilə aparıldığını bildirdi: ”Müsabiqə üç mərhələdən ibarətdir: birinci mərhələdə uşağın xarici görünüşünə, bədənin proporsiyasına, plastikasına diqqət yetirilir. Çünki bu göstəricilər xoreoqrafiya sənətində olan üçün əsasdır. İkinci mərhələ tibb mərhələsidir. Məktəbdə təhsil almaq istəyən şagirdin sağlamlıqla bağlı problemi olmamalıdır. Bədən çəkisi, gözlər, onurğa və s. yoxlanılır. Üçüncü mərhələ isə “musiqi və ritm” - yəni gələcək şagirdin musiqi duyumunun yoxlanılmasıdır. Əgər şagird 5-ci və ya 8-ci sinfə qəbul edilirsə, əsas 3 mərhələdən başqa onun ümumi dünyagörüşü də yoxlanılır və keçdiyi məktəb proqramı üzrə imtahan olunur”

   Məktəbin digər özəlliyi isə burada sanki 3 məktəbin bir araya gəlməsindədir: orta məktəb, musiqi məktəbi və əsas sayılan xoreoqrafiya sənəti ixtisasının tədrisi. Məktəb dərsləri ilə yanaşı qrim sənəti, duet rəqsi, tarixi-məişət rəqsləri, nəfəs dərsi, xalq-səhnə rəqsi və Azərbaycan rəqsləri fənləri yüksək səviyyədə tədris olunur. Klassik rəqs dərsləri isə bütün siniflərdə keçilir. Bundan başqa, məktəbdə birinci sinifdən fransız dili fənni tədris edilir. Çünki bu, balet dilidir.

   Təhsili başa vuranlar dövlət imtahanı verirlər. Məktəbin direktoru hər il buraxılış imtahanlarına sədrlik etmək üçün müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunduğunu deyir. Tədrisin son ilində şagirdlər səylə həmin imtahana hazırlaşır və iyun ayında Opera və Balet Teatrında məzunların hesabat konserti olur. Məzunlar bu illər ərzində qazandıqlarını səhnədən professional komissiya üzvlərinə nümayiş etdirirlər.

   Bakı Xoreoqrafiya Məktəbində məzunların sayı hər il təxminən 30-35 nəfər olur. Professional müəllim heyəti tərəfindən yetişdirilən məzunlar ABŞ, Almaniya, Çin, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və s. ölkələrin nüfuzlu teatrlarında və təhsil ocaqlarında çalışaraq Azərbaycan xoreoqrafiya sənətini uğurla təmsil edirlər.

   Bakı Xoreoqrafiya Məktəbi Azərbaycan xoreoqrafiya sənətinin təməl məkanıdır. Bu gələcək balet sənətinin, rəqsin inkişafına təkan verə bilən mühüm tədris ocağıdır. Buna görə də məktəbə layiqli şagirdlərin seçilməsi, düzgün təhsilin verilməsi gələcək nəsillərə bu sənətin daha peşəkar ötürülməsinin təminatıdır.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 16 fevral.- S. 15.