Xanəndə
Süleyman Abdullayev və Dədə Süleyman
Xanəndə
Süleyman Abdullayevi sənətsevərlər çox
yaxşı tanıyırlar. Bəs Dədə
Süleymanı necə? Yaxşı olardı ki, elə
onların hər birindən ayrı-ayrılıqda söhbət
açaq. Çünki ünvan eyni olsa da, məqsəd bir qədər
fərqlidir. Biri sənətə, digəri isə xeyriyyə
işlərinə xidmət edir. Bəli, bu iki yüksək
amil bir şəxsdə cəmlənir. Əvvəlcə xanəndə
Süleyman Abdullayevin həyat və yaradıcılıq yoluna
nəzər salaq.
Süleyman Cümşüd
oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun
Qoçəhmədli kəndində anadan olub.
Uşaqlıqdan məlahətli səsi onu
yaşıdlarından fərqləndirib və hamının
sevimlisi edib.
Sənətkar o illəri belə
xatırlayır: “Uşaq ikən eşitdiyim xalq
mahnılarını, muğam parçalarını öz
ağlıma gələn kimi oxuyurdum. Bir də onda xəbər
tutdum ki, hamı da mənim oxumağımdan xəbər tutub.
Kəndimizdə olan el şənliklərində,
toy-düyünlərdə böyük həvəslə
oxuyurdum. Belə-belə məndə bu sənətə maraq
yarandı. Bunu görüb mən də yeni-yeni mahnılar
öyrənməyə başladım. Bir dəfə ustad xanəndə
Seyid Şuşinski Füzuliyə gəlmişdi.
İstedadlı gəncləri axtarırdılar. Məni də
ona nişan verdilər. Səsimə qulaq asıb çox bəyəndi.
Bakıya gəlib burada təhsil almağımı məsləhət
gördü. Beləcə, xanəndəlik sənətinə
yiyələndim”.
1960-1964-cü illərdə Süleyman
Abdullayev Bakıda Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində
ondan muğam dəstgahlarını öyrənərək
püxtələşir. 1964-cü ildən Dövlət
Filarmoniyasının solisti yaradıcılıq fəaliyyətinə
başlayır. 1969-cu ildə Türkiyədə keçirilən
ümumdünya festivalının qalibi olur, dünyanın
müxtəlif ölkələrində olduğu qastrol səfərlərində
milli musiqimizi dünya sənətsevərləri
qarşısında əzmlə təbliğ edir.
Süleyman Abdullayev
ifaçılığının özünəməxsus məziyyətləri
var. Bu əvvəla, onun seçilən səs tembri və
özünəxas oxu manerası, muğamların yadda qalan ifa
təfsiri ilə xarakterizə oluna bilər. Onun yanıqlı
və məlahətli səsindən eşidilən neçə-neçə
mahnılar («Qarabağ», «Aşiqəm», «Səni qəmli
görəndə»), muğam üstə oxuduğu qəzəllər
sənətsevərlərin yaddaşına əbədi həkk
olunub. Qarabağ muğam ənənələrinin
davamçısı olan sənətkar 1998-ci ildən Prezident
təqaüdçüsüdür, 2005-ci ildə Həsən
bəy Zərdabi adına Dünya Azərbaycanlıları
Xeyriyyə Cəmiyyətinin «Qızıl səs» medalına
layiq görülüb. Bütün bunlar xanəndə
Süleyman Abdullayevin sənət uğurlarıdır.
İndi isə bir qədər Dədə Süleymandan
danışaq.
Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən Süleyman Abdullayev xalq arasında «Dədə Süleyman» deyə çağırılır. Bu isə onun xeyirxah xidmətlərindən soraq verir. Sənətkar insanların xeyir-şərindən qalmır, neçə-neçə yurd-yuvasından didərgin düşən insanlara dayaq durur. Demək olar ki, onların toy-düyünlərində təmənnasız iştirak edir, ağır günlərində dərdlərinə şərik olur. Odur ki, belə bir insana xalqın “Dədə” deyə müraciət etməsi təbiidir. Ən başlıcası ona görə ki, bu deyim xalqın öz sevimli sənətkarına olan hədsiz məhəbbətini ifadə edir. Bu gün Dədə Süleyman həm də vətən nisgili, torpaq həsrəti ilə yaşayır.
Sonda Süleyman müəllimlə qısa söhbəti də təqdim etmək istərdim.
- Süleyman müəllim, hər bir azərbaycanlının qəlbində Qarabağ nisgili, torpaq dərdi var. Sizin kimi sənətkarlar üçün bu ikiqat ağrıdır. Bu dərdi xanəndə Süleyman Abdullayev daha çox çəkir, yoxsa dədə Süleyman?
- Bəlkə xanəndə Süleyman olmasaydı, Dədə Süleyman da olmazdı. Amma bu gün Dədə Süleymanın dərdi, o dediyiniz ağrı-acısı daha çoxdur, nəinki xanəndə Süleymanın. Niyə? Çünki xanəndəlik işdir, sənətdir. Onunla yalnız özün məşğul olursan. Düzdür, sənətin də məsuliyyəti var, qayğıları var. Amma bundan fərqli olaraq dədəlik daha məsuliyyətlidir. Çünki özündən başqa neçə-neçə insanların qeydinə qalıb, onlara lazım olan yerdə əl tutub, kömək etməli bir sözlə onların dərdinə, sevincinə şərik olmalısan. Odur ki, mənə görə Dədə Süleyman o dediyiniz ağrı-acını daha çox çəkir. Xanəndə Süleyman əgər o ağrı-acıları səsində yaşayırsa, Dədə Süleyman büsbütün həyatında yaşayır. Hər dəfə Qarabağ deyəndə ürəyim tel-tel olur, qəlbim göynəyir.
- Sənətin kamillik zirvəsində duran Süleyman Abdullayev üçün bu günün muğam mənzərəsi necə görünür?
- Bu gün muğam ifaçılığı çox yüksək səviyyədədir. Bunun da əsas səbəbi odur ki, bu ulu sənəti möhtərəm Prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyeva dəstəkləyir. Onlar həm muğama, həm də onu ifa edənlərə hər cür qayğı göstərirlər. Bu da ulu öndərimiz Heydər Əliyevin ənənələrinin davamıdır. 1998-ci ildə o dahi şəxsiyyətin sərəncamı ilə mən də Prezident təqaüdünə layiq görüldüm. Sənətkarı xalqın məhəbbəti və dövlətin qayğısı yaşadır. Bu gün gəncliyə geniş meydan açılıb. Bir-birindən gözəl yeni muğam ifaçıları gəlir bu meydana. Onlara məsləhətim və tövsiyəm budur ki, bu müqəddəs sənəti həmişə uca tutsunlar, onun sirlərinə dərindən bələd olmaq üçün, bu sənətin bütün tələblərinə cavab verə bilmək üçün onu yaxşıdan da yaxşı öyrənsinlər. Daim axtarışda olsunlar. Bu sənət uluların yadigarıdır, onların əmanətidir. Əmanətə də xəyanət olmaz. Onu göz bəbəyi kimi qorumaq lazımdır. Əminəm ki, gələcəkdə də belə olacaq.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 15.