O, istedadlı rəssam, gözəl insan idi...

 

   Fevralın 12-də “ART Group” və “ART Garden”in təşkilatçılığı ilə görkəmli rəssam Rasim Babayevin qrafik və rəngkarlıq əsərlərindən ibarət sərgi öz işinə başladı. 10 gün davam edəcək sərginin açılışında iştirak edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mərhum sənət dostu Rasim Babayevin hələ sovet dövründə təkcə ölkəmizdə deyil, xaricdə də yaxşı tanındığını dedi, onunla bağlı xatirələrini danışdı. Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da tədbirə toplaşanlara Rasim Babayevin yaradıcılığından söz açdı, onun maraqlı şəxsiyyət olduğunu bildirdi.

     

   Rasim Babayevin sənətkarlığından danışan dostları onun əsərlərinin mövzusunun həyatın təzadları üzərində qurulduğunu, yaradıcılığında xalq motivləri, mifoloji simvolların mühüm yer tutduğunu, rəng palitrasının zənginliyini qeyd etdilər, rəssamın Şərq və Qərb sənətindən bacarıqla bəhrələndiyini vurğuladılar.

   Dörd il əvvəl - 79 yaşında dünyasını dəyişən rəssamın əsərlərinə baxarkən insan sanki qayğısız uşaqlıq çağlarına qayıdır. Onun işlərində qəribə bir saflıq, işıqlı paklıq hiss olunur. Onun qəhrəmanlarında yalan maskası yoxdur. Əksinə, o, bütün maskaları açır, bir-bir şərh edir, həyatın əbədi kökünü açıqlayır, məhəbbəti, ehtirası, ümid və ümidsizliyi, xeyir və şəri - iki danılmaz həyat həqiqətini təhlil edir. O, qarşısına çıxan maneələrə baxmayaraq təfəkkürü, ləyaqəti, vicdanı ilə tutduğu yoldan dönməyərək səbir və təmkinlə işlərini davam etdirərək özünə və sənətinə sadiq qalırdı.

   Adama elə gəlir ki, işığın və qaranlığın əlaqəsi R.Babayev yaradıcılığında çox təbiidir, öz-özünə meydana çıxır. Bu, istedadın kimsəyə tabe olmayan hökmündən irəli gəlir. Onun yaratdığı lövhələr adətən vəhdəti, yetkinliyilə də seçilir. Onlarda qara rəng faciə təcəssümü deyil. Bu, zamanın, baş verən hadisələrin düzümünü, inkişafını təqdim edir. Qara rəng yaranış, yaradıcılıq, əmək rəmzi kimi özünü göstərir.

   Rəssamlar öz çıxışlarında vurğuladılar ki, Rasim Babayev yaradıcılığı ilə tanış olarkən onda Azərbaycan avanqardizminin başlanğıcını görürsən. Burada milli mədəniyyət ümumdünyəvi sivilizasiya ilə çarpazlaşır, əlaqəli inkişafını davam etdirir.

   Sərginin açılış mərasimində iştirakçılar S.Vurğun adına Rus Dram Teatrının artistlərinin R.Babayevin əsərləri əsasında hazırlanmış xoreoqrafik rəqsə də tamaşa edib muğam ifaçılarımızı dinlədilər. O da bildirildi ki, yaxınlarda sənətkarın belə bir sərgisi Moskva şəhərində də keçiriləcək. Sonda onun yolunu davam etdirən oğlu Elnur tədbirin iştirakçılarına, onun təşkilatçılarına ailələri adından minnətdarlıqlarını bildirdi.

   Tamaşaçıların bəziləri təəssüratlarını bizimlə bölüşdülər.

   Həbibə Bəhri (rəssam): “Rasimi gənclik illərindən tanıyırdım, emalatxanasındakı şəkillərlə də tanış idim. O, istedadlı rəssam olmaqla yanaşı, həm də gözəl, təvazökar insan idi. Şadam ki, bu gün onun əsərlərini bir daha gördüm, ailəsi ilə görüşdüm, həmkarımla bağlı xoş xatirələr eşitdim. Haqq dünyasına qovuşmuş Rasimə Allahdan rəhmət diləyirəm”.

   İlham Məmmədzadə (AMEA-nın Fəlsəfə İnstitutunun direktoru): “Çox zəngin bir sərgi tamaşaçıların diqqətinə təqdim olundu. Mövzu cəhətdən rəngarəng olan əsərlər fəlsəfi nöqteyi-nəzərdən də diqqəti cəlb edir, rəssam uzaqgörənliyi özünü göstərir. Düşünürəm ki, Rasim Babayevin məhsulu olan bu gözəl sənət əsərləri hələ uzun illər öz tamaşaçısının qəlbinə yol tapıb müəllifin demək istədiklərini onlara çatdıracaq”.

   Həsən Hami (Mərakeş Krallığının ölkəmizdəki səfiri): “Sərgini çox bəyəndim, əsərlər insanda yüksək əhval-ruhiyyə yaradır. Bir anlıq uşaqlıq illərinə qayıdıb o vaxtlar xəyalında canlandırdığın mifik obrazları sanki qarşında görürsən. Təşkilatçılar da tədbiri çox zövqlə, maraqlı hazırlayıblar. Biz tabloları burada canlı şəkildə də gördük, Azərbaycan musiqisini, muğamları bir daha eşitdik, bu məkanda keçmişin ab-havasını duyub çox təsirləndik.

   Cəmilə Haşımova (“ART Group”un məsul işçisi): “Rasim müəllimin əsərləri sanki adamla danışır, canlıdırlar. Burada div obrazlarından çox danışıldı. Digər əsərləri də sirayətedicidir. Elə yaratdığı “Ana” obrazını götürək. İlk baxışdan bu ana, gözəl qadın təsiri bağışlamasa da, xeyirxah sifəti, gözləri ilə sanki ona baxanlara deyir - hələ bir mənim yaşıma çatın!.. Belə səmimi niyyəti onun demək olar ki, bütün əsərlərində görmək olur. Abşeron mövzusu, onun adamları sənətkarın yaradıcılığında mühüm yer tutur. Belə bir sərgini təşkil etdiyimiz üçün hamımız fərəh hissi keçiririk”.

   Səidə xanım (rəssamın həyat yoldaşı): “Sərgidən çox təsirləndim. Bu qədər iştirakçını görəndə bir daha yəqin etdim ki, Rasimi tanıyanlar onun işıqlı xatirəsini nə qədər əziz tuturlar. Rasim təkcə ailəsi, qohumları üçün unudulmaz deyil. Sərgi ilə tanış olanlar da, yəqin ki, uzun müddət sənətkarı, onun əsərlərini yaddan çıxarmayacaqlar”.

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2011.- 16 fevral.- S. 10.