Sənətə
gənc baxış
Orxan Hüseynov: “Yeniliklər sənətə
baxış tərzini dəyişir”
Gənclər
hər zaman cəmiyyətə yeniliklər gətirən, tərəqqiyə
yol açan hərəkətverici qüvvə olublar. Bunu incəsənətin
ayrı-ayrı sahələrində də görmək
mümkündür. Gənc nəslin öz
baxışları, yaradıcılığı ilə yeni nəfəs
gətirdiyi sahələrdən biri də rəssamlıq sənətidir.
Son zamanlar ölkəmizdə gənc
rəssamların bu sahədə yeni cərəyan və
istiqamətlərə diqqət göstərməsi,
maraqlı əsərlər yaratması müasir incəsənətin
gələcək inkişafına əsaslı zəmin
yaradır. Sənətə kütləvi marağın
azaldığı bir vaxtda mövcud stereotipləri dəf edəcək
yeni qüvvənin adı müasir aktual incəsənətdir.
Sənətdə bu istiqamət üzrə fəaliyyət
göstərən, yaradıcılığını yeniliklərə
sərf edən gənc, istedadlı rəssamlardan biri də
Orxan Hüseynovdur.
Müasir aktual incəsənət
rəssamlığın dəyişik tərzdə fərqli
yönlərini diqqətə çatdırmaqla bu sənətin
imkanlarını genişləndirir. Belə ki, artıq rəsm
çəkmək, əsər yaratmaq üçün
yalnız sulu boya, kağız, kətan, fırça və
s. ənənəvi vasitələr vacib deyil. Yeni
düşüncə tərzinə, müasir aktual incəsənətin
təbliğ etdiyi ideologiyaya görə rəssamın material
seçimi müxtəlif ola bilər. Yəni
gördüyümüz, bizi əhatə edən hər bir məfhum,
canlı, cansız rəssamın yaratmaq istədiyi əsər
üçün materialdır. Əsas fikrin, məqsədin təsvirlə
çatdırılmasıdır. Əsərlər isə
video, quraşdırma və s. üsullarla yaradılır.
Qeyd edək ki, bu cür sərgilər
əsasən xarici ölkələrdə təşkil olunur. Ölkəmizi
maraqlı əsərləri, rəngarəng ideyaları ilə
xaricdə təmsil edən Orxan Hüseynov isə dünya rəssamları
ilə ayaqlaşa bilən müasir aktual incəsənətin
təmsilçilərindəndir. Bunun bariz nümunəsi kimi
rəssamın dünyanın ən mötəbər sərgilərindən
biri olan “Venesiya Biennale”sində nümayiş etdirdiyi işləri
göstərmək olar. Bundan başqa, gənc rəssamın əsərləri
Britaniya, Fransa, Almaniya, İsveçrə, Türkiyə,
Rusiya və s. ölkələrdə də sərgilənib.
Orxan Hüseynov
yaradıcılığını yeni təsvirlər, əlvan
ideyalarla müasir incəsənətə sərf etməsini
belə izah edir: “Hazırda insanları nə iləsə təəccübləndirmək
çətindir. Bunu yeniliklər sayəsində qismən də
olsa etmək mümkündür. Məhz rəssamlıq
müasir aktual incəsənətin timsalında fərqli, dəyişik
şəkildə insanlara təqdim olunaraq, onlarda maraq və təəccüb
hisslərini artırmağı nəzərdə tutur. Müasir
incəsənət bütün məhdudiyyətləri, sərhədləri
aşaraq, rəssam işi ilə izləyici,
tamaşaçı arasında vəhdəti təmin edir. Məsələn,
mənim elə işlərim olub ki, əsərlər sərgiyə
gələnlərin fikirləri, istəkləri, maraqları
sayəsində tamamlanıb. Rəssamın iştirakı
olmadan əsərə öz münasibətlərini bildirib,
istəklərini həyata keçiriblər. Belə yeniliklər
sənətə baxış tərzini dəyişir.
Müasir incəsənət rəssamın adi
cızma-qarasına da böyük önəm verir. Əsas
odur ki, bu tamaşaçıya, izləyiciyə nə isə
çatdırsın, fikir, ideya aşılasın”.
Orxan Hüseynov qarşıda yeni
layihələrə hazırlaşdığını deyir. Rəssamın
əl işləri martda Bakıda keçiriləcək
“Mükəmməl dördlük” adlı sərgidə
nümayiş olunacaq. Sərgidə Orxan Hüseynovla
yanaşı, Rəşad Ələkbərov, Faiq Əhməd
və Fərid Rəsulovun əsərləri nümayiş
olunacaq. Düşünürük ki, belə sərgilərin
ölkəmizdə tez-tez keçirilməsi vacibdir. Bu, digər
sahələrdə oldu kimi, incəsənətdə də
qabaqcıl dünya praktikasına söykənərək,
inkişafa nail olmağın vacib elementidir.
Eldar
İbrahimoğlu
Mədəniyyət.-
2011.-16 fevral.- S. 10.