Ağsuda arxeoloji turizm
kompleksi yaradılır
Orta əsr
Ağsu şəhərinə aid 8 min eksponat aşkar edilib
Qədim
tarixin səhifələrini özündə yaşadan və
zaman-zaman arxeoloji qazıntılarda, yaxud da elə sırf təsadüf
nəticəsində üzə çıxan tapıntılar
həmişə cəlbedici olub. Sonradan muzeylərin
ekspozisiyasını bəzəyən arxeoloji materiallar həm
tarix, həm sənət baxımından mühüm dəyər
kəsb edir, özəlliklə turistlərin böyük
marağına səbəb olur. Azərbaycanda belə arxeoloji
tapıntılarla zəngin olan tarixi yaşayış məskənləri
kifayət qədərdir.
2010-cu ilin martından “Miras” mədəni
irsin öyrənilməsinə kömək İctimai Birliyinin
təşəbbüsü ilə “Orta əsr Ağsu şəhəri”
arxeoloji turizm kompleksi” adlı layihə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanın turizm marşrutlarından
kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini
tədqiq etmək və turistlərin diqqətini bu bölgəyə
çəkməkdir. Layihə çərçivəsində
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan
Tarixi Muzeyinin birgə təşkil etdiyi Ağsu arxeoloji
ekspedisiyası Ağsu şəhərinin 3-4 kilometr cənubunda
yerləşən şəhərgah ərazisində tədqiqatlara
başlayıb. Həmin tədqiqatların nəticəsi
olaraq bu günlərdə (5 fevral) Arxeologiya və Etnoqrafiya
İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” mədəni
irsin öyrənilməsinə kömək İctimai Birliyi və
Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə gerçəkləşən konfransda bölgədə
arxeoloji turizmin inkişaf perspektivləri müzakirə olunub.
Ağsu
ərazisində XII-XIII əsrlərdə yaşayış
olub
Milli Azərbaycan Tarixi Muzeyi
Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri
namizədi, Ağsu Arxeoloji Ekspedisiyası rəisinin
müavini Fariz Xəlillinin dediyinə görə,
qazıntı işləri təxminən 600 kv.m. sahəni əhatə
edir: “3, 4 və 5-ci qazıntı sahələri tədqiq
olunub. 3-cü qazıntı sahəsindən sənətkarlıq
məhəlləsi aşkar etmişik. Sahəsi 600 kv.m.-dir.
4-cü qazıntı sahəsində qala divarını
açmışıq. Qala divarına bitişik küçələr
və tikililər ortalığa çıxarılıb.
Burada yaşayış evi aşkara çıxarılıb
ki, içərisində zəngin şəkildə işlənmiş
divar bəzəkləri və iri hamam var. Bu qazıntı sahəsi
2800 kvadrat metr ərazini əhatə edir. 5-ci qazıntı sahəsindən
isə dövrün varlı insanlarının evlərinin
özülü aşkarlanıb. Buradan xeyli miqdarda kirəmit
qırıqları, şəhərin kanalizasiya və su xətləri
tapılıb”.
Həmsöhbətimin sözlərinə
görə, üzərində tədqiqat aparılan abidə
son orta əsr abidəsidir, XVIII əsrə aiddir. Tarixi mənbələrdə
bu şəhəri Nadir şahın saldırması haqda məlumat
var. Nadir şah Şamaxını dağıdaraq, ona yaxın
düzəngah bir ərazidə böyük bir qala tikdirir: «Bu
qala Azərbaycanın qala şəhərləri içərisində
öz ərazisinə görə fərqlənir. Şəhər
ərazisi plan etibarilə düzbucaqlı formada olmaqla, təqribən
34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək
və val şəklində olan çox möhtəşəm
müdafiə sistemi ilə möhkəmləndirilib. Burada əsasən
çay daşlarından, bişmiş və çiy kərpiclərdən,
qaya daşlarından material kimi istifadə olunub».
F.Xəlilli deyir ki,
qazıntılar zamanı 4-cü qazıntı sahəsində
təxminən 1,5-2 metrlik ərazidə kanalizasiya xəttinin
üzərindən XII əsrə aid maddi-mədəniyyət
nümunələri aşkar edilib: «Bunlar 15-20 ədəd
saxsı qabın qalıqları və 2 ədəd sikkədir.
Bu pullardan biri XIII əsrdə Şirvanşah II Axsitan tərəfindən
kəsilib, ikincisi isə Atabəy hökmdarı Məhəmməd
Cahan Pəhləvanın dövrünə aiddir. Bu onu göstərir
ki, burada XII-XIII əsrlərdə də yaşayış
olub. Amma bütün bunlara baxmayaraq, şəhər XVIII əsrdə
salınıb. Bu məlumat tarixi mənbələrdə də
var. A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində,
rus hərbçilərinin salnamələrində və Avropa
səyyahlarının əsərlərində bu fakt öz əksini
tapıb».
Arxeoloq bildirir ki, XVIII əsrin
sonunda Şirvan xanlığının paytaxtı olub. Buraya
müxtəlif istiqamətlərdən tez-tez hücumlar olurdu:
«Şirvan şahı Mustafa xan bu halda şəhəri
hücumlardan qorumaq üçün əlçatmaz bir yerdə
- Fitdağda şəhər saldırmaq qərarına gəlir
və əhalinin böyük əksəriyyətini həmin
şəhərə köçürür. Sonralar
yaşayış olmadığına görə Ağsu
şəhəri dağıntılara məruz qalıb».
Torpaq
altında nələr yatırmış?
Tədqiqat nəticəsində məlum
olub ki, qazıntı sahəsinin mərkəzindən daş
döşəməli şəhər küçələrindən
biri keçir. Küçənin 5 m cənubunda şəhər
meydanlarından biri üzə çıxıb. Meydanın cənubunda
boyaq dükanı, onun anbarından 5 ədəd iri boyaq
küpü və 1 ədəd su küpü üzə
çıxıb. Boyaq küplərinin divarında və ətrafında
qırmızı boyaq izləri var. Boyaq dükanından
saxsı məmulatı, şüşə qablar da aşkar
edilib. Dükanın qərb tərəfində aşkar
edilmiş geyim hissələri, yumaqlar, düymələr,
qayçı, oymaqlar, möhür, metal tikmələri burada
vaxtilə tikiş dükanının olduğunu göstərir.
Döymə üsulu ilə çox incə
hazırlanmış ürək formalı və insan təsvirli
metal lövhə bəzək elementi kimi geyim üzərinə
tikilirdi. Yeri gəlmişkən, həmin bəzək əşyası
Ağsu arxeoloji ekspedisiyasının loqosu kimi qəbul edilib.
Dükanının qərb tərəfində
isə iri dəmirçi sexi fəaliyyət göstərib.
Burada çoxlu ocaq qurğuları, daşdan dəmirçi dəzgahının
hissəsi, daş təknə, daş zindan, daş və mis
tökmə qəliblər, mis qaşıq və cam, 100 kq-dan
çox dəmir külçə və çıxarlar, dəmirçi
alətləri, hazır dəmir əşyalar bu sexin şəhərin
əsas dəmirçilik mərkəzlərindən
olduğunu göstərir.
Dəmirçi sexində iş
bölgüsünə uyğun olaraq sümük ustası və
misgər də fəaliyyət göstərib. Sümükdən
əsasən xəncər və bıçaq dəstləri,
bəzək əşyaları və düymələr
düzəldilirdi. Misgər isə mis əşyalar düzəltməklə
yanaşı, mis pullar da kəsib. Şirvanın birinci
xanı Hacı Məhəmmədəli xan Lahıc
mahalının yaxınlığındakı Zərnava kəndindən
olduğu üçün bu və digər sikkələrin
üzərinə bəzən “Lahıc” və “Məhəmməd”
damğaları vurulub. Ümumilikdə bu sexdə 300-dən
çox mis və gümüş sikkə aşkar olunub.
Şəhər küçəsinin
şimalında isə Ağsunun çörək tələbatının
böyük bir hissəsini ödəmək gücündə
olan iri təndirlər, çörəkxanalar, ocaq
qurğuları aşkar olunub. Bu təndirlərin nəinki
çörək təminatı, həm də müxtəlif
yeməklərin bişirilməsində də istifadə
olunduğunu buradan tapılmış iri və xırda buynuzlu
heyvan sümükləri də təsdiq edir. Təndirlərin
bəziləri qalın divarlıdır. Bəzi təndirlər
isə nazik divarlı olsa da, onların divarı əhatəsində
saxsı qab sınıqları düzülüb, divara bir
növ yapılıb.
Eksponatlar elektron şəkildə
pasportlaşdırılır
Arxeoloq deyir ki, bütün bu məlumatlar
Azərbaycan elmi ictimaiyyətinin diqqətini cəlb edib. Alimlər
bu şəhərlə yaxından maraqlanırlar. Arxeoloji
qazıntıların nəticələri ilə bağlı
üç kitab Azərbaycan və ingilis dillərində nəşr
edilib: «Güman edirik ki, tarix dərsliklərini hazırlayan
müəlliflər bu kitablardan istifadə edəcəklər.
İndiyə qədər Azərbaycanda XVIII əsr
arxeologiyasının öyrənilməsinə o qədər
də diqqət yetirilməyib. Hazırda əlimizdə 8 min ədəd
eksponat var. Bunların bir hissəsi Ağsu şəhəri sərgi
kompleksində nümayiş etdirilir. 4 minə yaxın eksponat
isə elektron şəkildə
pasportlaşdırılıb».
F.Xəlillinin sözlərinə
görə, «Miras» İctimai Birliyi artıq bir neçə
turizm şirkəti ilə əlaqə yaradıb. Gələcəkdə
Ağsu şəhər qalıqlarına turların təşkil
olunması nəzərdə tutulur. «Şirvan xəzinəsinə
aparan yollar» adlı mədəni irs turlarını əhatə
edən turpaket hazırlanacaq. Bu turların əsasını
isə Orta əsr Ağsu şəhərinə səyahət
təşkil edəcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 9.