Sənət
və sənətkar unudulmur
Şəmsi Bədəlbəyli -
100
Fevralın 23-də adı musiqili
teatrımızın tarixinə qızıl hərflərlə
yazılmış Xalq artisti Şəmsi Bədəlbəylinin
anadan olmasının 100 ili tamam olur. Şəmsi Bədəlbəyli
1911-ci ildə Azərbaycanın dilbər guşəsi
Şuşada məşhur ziyalı Bədəl bəy Bədəlbəyovun
ailəsində dünyaya göz açıb. Həmin o Bədəl
bəy ki, Bakının keçmiş Sovet küçəsində
indi də «Bədəl bəyin məktəbi» adlanan bir binada
uzun illər boyu məktəbdarlıq etmiş, Azərbaycan mədəniyyətinə
müsəlman Şərqində ilk baletin müəllifi olan
bəstəkar Əfrasiyab Bədəlbəyli və rejissor
Şəmsi Bədəlbəyli kimi oğullar vermişdir.
Bu böyük nəslin
yaradıcılıq yolunu indi zəmanəmizin görkəmli
sənətkarı, pianoçu, Xalq artisti, professor Fərhad Bədəlbəyli
davam etdirir. Bədəl bəyin qardaşı, məşhur
aktyor Əhməd bəy Ağdamski milli mədəniyyət
tariximizin cəfakeş aktyorlarından biri kimi uzun illər azərbaycanlı
qadın aktrisanın yoxluğu səbəbindən Üzeyir
Hacıbəylinin «Leyli və Məcnun» operasında Leyli
obrazını canlandırmışdır.
Bunları oxuculara qısaca
xatırlatmaqla Şəmsi bəyi necə bir mühitin
yetişdirdiyini nəzərə çarpdırmaq istəyirəm.
Orta məktəbdə təhsilini uğurla başa vuran Şəmsi
atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə
Bakı Pedaqoji Texnikumuna daxil olur və burada 4 il təhsil
alır. Yeniyetmə yaşlarından musiqiyə həvəs
göstərən gənc 1927-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasının xalq çalğı alətləri
sinfinə daxil olur, sonra təhsilini Üzeyir Hacıbəylinin
kompozisiya nəzəriyyəsi sinfində davam etdirir. Teatr sənətinə
sonsuz həvəsi onu Milli Dram Teatrına gətirir. Teatrın
kiçik orkestrində tar çalmağa başlayır. Həmin
illərdə Şəmsinin dramaturq Cəfər Cabbarlı,
aktyor, rejissor İsmayıl Hidayətzadə və rejissor
Aleksandr Tuqanovla dostluğunun təməli qoyulur.
1933-cü ildə Şəmsi Bədəlbəylinin
həyatında mühüm bir dönəm başlayır, o,
Xalq Maarif Komissarlığı tərəfindən Moskvaya təhsil
almağa göndərilir. Görkəmli rejissorlardan Kote
Marcanaşvili və Aleksey Popovdan təhsil alır,
Moskvanın zəngin teatr mühitindən özü
üçün təcrübə toplayır. Təhsilini
bitirib Bakıya qayıdan gənc rejissor Milli Dram Teatrında
M.Zeynalovla birlikdə «Müsyö Jordan və Dərviş Məstəli
şah», Adil İsgəndərovla birlikdə «Xoşbəxtlər»
əsərlərini tamaşaya qoyur. C.Məmmədquluzadənin
«Ölülər», V.Şekspirin «Kral Lir», M.Lermontovun «İki
qardaş» pyeslərinin tamaşaları da rejissorun öz sənətkarlığını
cilalamasında və əsərlərdə qoyulan
ideyaların zamanla səsləşməsinə nail
olmasında mühüm rol oynayır.
1941-ci ildə Böyük Vətən
müharibəsi başlandıqdan bir müddət sonra
İrana ezam olunan rejissor «Vətən uğrunda» qəzetində
ədəbi işçi kimi çalışır, həm mədəniyyət
mövzusunda yazılar yazır, həmçinin Təbriz
şəhərində iranlı həvəskar aktyorlarla
birlikdə Üzeyir Hacıbəylinin «Arşın mal alan»,
Zülfüqar Hacıbəylinin «Əlli yaşında cavan»,
«Evlikən subay» əsərlərini tamaşaya qoyur. İranda
öz missiyasını başa vuran Şəmsi Bədəlbəyli
1942-ci ildə vətənə qayıdır.
1943-cü ildə Bakıda Musiqili
Komediya Teatrı yaradılır. Şəmsi Bədəlbəyli
teatra baş rejissor təyin edilir və böyük şövqlə
işə başlayır. Gənclik illərində əldə
etdiyi təcrübə qəlbən bağlı olduğu
musiqili teatr yaradıcılığı üçün bir
zəmin yaradır. O, əsası dahi bəstəkar Üzeyir
Hacıbəyli tərəfindən qoyulmuş musiqili komediya
teatrının sərgərdan, dağınıq fəaliyyətdən
təsisatlı bir teatra çevrilməsində böyük zəhmətlər
çəkir. Repertuar seçimi, səyyar operetta
ansamblının ötən illərdə göstərdiyi
tamaşalara yenidən baxılması, truppanın təşkili
gənc Şəmsinin qarşısında duran çətin
vəzifələrdən idi. İndi bütün bunlar
müasir oxucuya asan görünə bilər. Lakin yox yerdə
bir mədəniyyət ocağı yaratmaq yalnız
seçilmiş insanların qismətinə düşən
tale yazısıdır.
Şəmsi Bədəlbəyli bəstəkar
və yazıçıları teatra cəlb etmək məqsədilə
onlarla görüşlər keçirir, söhbətlər
aparır. Onun bəstəkarlardan Səid Rüstəmov, Fikrət
Əmirov, Süleyman Ələsgərov, şair və
yazıçılardan Süleyman Rüstəm, Sabit Rəhman,
Məhərrəm Əlizadə və başqaları ilə
sıx əməkdaşlığı tezliklə öz bəhrəsini
verir. Musiqili Komediya Teatrının tarixində önəmli
rol oynamış səhnə əsərləri - F.Əmirov və
M.S.Ordubadinin «Ürəkçalanlar», S.Rüstəmov və
S.Rüstəmin «Durna», F.Əmirov və M.Əlizadənin
«Gözün aydın», S.Ələsgərov və S.Rəhmanın
«Ulduz» tamaşaları yaranır.
Bu tamaşalar şux yumoru, koloritli
müasir qəhrəman obrazları ilə seçilir və tamaşaçıların
qəlbinə yol tapır. Milli operettalarla yanaşı, Şəmsi
Bədəlbəyli o illərdə qonşu ölkələrin
bəstəkarlarının tamaşalarına da geniş meydan
verir. Bunlardan xüsusilə Vladimir Doldizenin «Keto və Kote»
tamaşasını qeyd etmək lazımdır. Bu tamaşa
böyük uğurla oynanılmış və həm Azərbaycan,
həm də gürcü teatr mütəxəssisləri tərəfindən
yüksək dəyərləndirilmişdir. Təəssüflər
olsun ki, böyük uğurlara imza atan teatr 1949-cu ildə
maliyyə çətinlikləri üzündən fəaliyyətini
dayandırmalı olur.
1956-cı ildə Musiqili Komediya
Teatrı yenidən fəaliyyətə başlayarkən
truppanı formalaşdırmaq Şəmsi Bədəlbəyliyə
həvalə olunur. O vaxtlar Dövlət Filarmoniyasında
çalışan Şəmsi Bədəlbəyli bir an
düşünmədən doğma teatra qayıdır.
Teatrın bağlanması səbəbindən başqa yerlərdə
çalışan tanınmış sənətkarları,
Azərbaycan operettasının aparıcı qüvvələri
olan Münəvvər Kələntərli, Nəsibə
Zeynalova, Əlihüseyn Qafarlı, İbrahim Hüseynov,
Lütfəli Abdullayev, Şəfiqə Qasımova, Məleykə
Şahmərdanova, Bəşir Səfəroğlu, Məmmədsadıq
Nuriyev və başqalarını, həmçinin gənc
ifaçıları teatra toplayır. Musiqili Komediya
Teatrının yüksəliş illəri başlayır.
Teatrın “qızıl dövr”ündə
çalışmaq Şəmsi Bədəlbəylinin qismətinə
düşür.
Həmin vaxt Bakıda qaynar teatr həyatı
vardı və insanlar böyük həvəslə teatrların
repertuarını izləyir, premyeralara baxır, təəssüratlarını
bölüşür, qohum və dostlara hansı tamaşaya
baxmaq barədə tövsiyələrini verirdilər. Musiqili
Komediya Teatrının da öz pərəstişkarları
vardı. 60-cı illərin teatrsevərləri Şəmsi Bədəlbəylinin
rəhbərlik etdiyi Musiqili Komediya Teatrının yuxarıda
adlarını çəkdiyimiz korifey sənətkarlarının
yaratdığı obrazları sevir, sevdikləri obrazlardan
söhbət açır, onlardan misallar gətirir, onların
nəğmələrini oxuyurdular. Dahi Üzeyir bəyin
ölməz operetta qəhrəmanları ilə yanaşı,
Durna, Aşıq Murad, Ulduz, Bəxtiyar, Möhsün, Yetər,
Şubay, Gülümsərov, Nazlı, Züleyxa, Məhəmməd,
Hacı Kərim, Kərbəlayi Fatma, Cənnət xala, Zərbəli,
Novruzqulu, Polis rəisi, Yetim və yeni dövrdə
yaranmış digər yapışıqlı, koloritli
obrazların sehrinə düşürdülər.
O dövrün tamaşalarında
müsbət qəhrəman məsələsinə xüsusi
önəm verilirdi. Teatrda bu obrazları oynayan böyük
aktyor-vokalçı ordusu yetişmişdi. Bunlardan Lütfiyar
İmanov, Kamal Kərimov, Mobil Əhmədov, Zemfira Quliyeva,
Roza Əliyeva, Şəfiqə Qasımova, Məleykə
Şahmərdanova, Daqmara Səidzadə, Yelena Seyidzadə,
Lütfiyyə Səfərova, Pərviz Bağırov, Sona
Bağırova, Nəzirə Salmanova və
başqalarını qeyd etmək olar.
Şəmsi Bədəlbəyli hər
bir aktyorla fərdi iş aparır, istedadlara xüsusi
qayğı göstərir, onların inkişafını nəzər-diqqətində
saxlayırdı. Yaradıcılıq məsələləri
ilə yanaşı Şəmsi Bədəlbəyli teatrda
çalışan aktyorların məişət və sosial
problemlərinin həllinə də xüsusi diqqət
ayırırdı. Aktyorların mənzillə təmin edilməsi
çox çətin idi. O zaman Musiqili Komediya Teatrına
yaxın ərazidə iki doqquzmərtəbəli binanın
tikilməsinə Şəmsi Bədəlbəyli uzun müddət
razılıq vermirdi. Uzun sürən danışıqlardan
sonra o, bu binaların tikilişinə o şərtlə
razılıq verdi ki, binanın birinci və ikinci mərtəbələrində
teatrın bir sıra sexlərinə yer və dörd
aparıcı aktyora həmin binalarda mənzil verilsin. Zəhmli
görünüşü ilə bərabər bir o qədər
də diqqətcil idi. O illərdə Şəmsi Bədəlbəyli
teatrda çalışan görkəmli aktyorların
yaradıcılığı barədə televiziya filmlərinin
çəkilməsinə nail oldu. Az maaş alan aktyorlara, xəstələrə
haradan olur-olsun, vəsait tapıb kömək edirdi. Onun rəhbərliyi
dövründə teatrın rus bölməsi Rusiyanın ildə
ən azı üç şəhərinə qastrola gedir və
Musiqili Komediya Teatrını Azərbaycanın
hüdudlarından kənarda tanıtdırırdı.
Bu arada Şəmsi Bədəlbəyli
ilə bağlı bir epizodu danışmasam, olmaz. Atam - o illərin
ən sevilən aktyorlarından olan Bəşir Səfəroğlu
ağır xəstəliklə bağlı cərrahiyyə əməliyyatı
olunduqdan sonra Şəmsi müəllimə zəng vurur:
- Badalıç (aktyorlar o zaman
Şəmsi Bədəlbəyliyə belə müraciət
edirdilər - A.B.), darıxmışam, oynamaq istəyirəm.
Şəmsi Bədəlbəyli:
- Ürəyin hansı
tamaşanı istəyirsə, de, - deyə cavab verir.
- Mən «Bizə bir xal
lazımdır» və «Milyonçunun dilənçi oğlu»
tamaşalarını oynamaq istərdim. Özü də
Yaşıl Teatrda. Ordan yaman xoşum gəlir.
Bəşirin ümidsiz xəstə
olduğunu yaxşı bilən Şəmsi Bədəlbəyli
Mərkəzi Komitəyə zəng vurur, Bəşir Səfəroğluna
«Xalq artisti» fəxri adı verilməsini xahiş edir və «Mən
afişada «xalq artisti» yazacağam, siz özünüz bilərsiniz»
deyib, dəstəyi yerə qoyur.
Görülən təşkilati
işlərin nəticəsində Yaşıl Teatrda
böyük tamaşaçı kütləsinin
qatıldığı tamaşa yüksək səviyyədə
keçir. Tamaşada Bəşir Səfəroğluna «Xalq
artisti» fəxri adı verilməsi barədə fərman təqdim
olunur. Bu, Bəşir Səfəroğlunun pərəstişkarları
ilə vida tamaşası idi. Yaddaşlara yazılan bu
tamaşanın, irimiqyaslı teatr aksiyasının müəllifi,
böyük sənətkar, sənətə, sənətkara
qiymət verməyi hamıdan yaxşı bacaran Şəmsi Bədəlbəyli
idi…
Təəssüf
ki, Azərbaycan teatr tarixinə şərəfli səhifələr
yazmış bir çox böyük sənətkarlarımızın
tamaşaları qoruna bilməyib. Şəmsi Bədəlbəylinin
də quruluşlarından yalnız biri - Emin Sabitoğlunun
«Hicran» tamaşası bütünlüklə lentə
alınıb. Tez-tez Azərbaycan televiziyasında
nümayiş etdirilən bu əsər
tamaşaçıların çox sevdiyi, həvəslə,
hər dəfə doymadan baxdığı tamaşadır.
Tamaşada Musiqili Komediya Teatrının əsas qüvvələri
iştirak edir. Bu tamaşa Şəmsi Bədəlbəyli
yaradıcılığı ilə bugünkü teatrsevərlər
arasında bir körpüdür. Yaxşı ki, gənc nəsil
bu tamaşa sayəsində böyük sənətkarın
yaradıcılığı ilə tanış olmaq
imkanı əldə edə bilir.
Musiqili Komediya Teatrı var olduqca
onun təməlini qoymuş və bu sənət
ocağının yaşaması üçün
böyük zəhmət çəkmiş Xalq artisti Şəmsi
Bədəlbəylinin adı yaddaşlardan silinməyəcək.
Afaq
Bəşirqızı,
Xalq artisti
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 7.