Bəstəkar Əşrəf Abbasovun 90 illik yubileyi qeyd olundu

 

   Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, bəstəkar, professor Əşrəf Abbasovun 90 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirildi.

   Filarmoniyanın foyesində bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət stend tamaşaçılar tərəfindən maraqla qarşılandı.   

 

   Konsertdə açılış sözü ilə çıxış edən Xalq artisti, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov bəstəkarın musiqiyə gəlişindən söhbət açdı: “Əşrəf Abbasovun simfonik musiqidə çox dəyərli əsərləri var. Onun “Konsertino” əsərini məşhur rus bəstəkarı Dmitri Şostakoviç bəyənərək yüksək qiymətləndirmişdi. Azərbaycan musiqi tarixində ilk uşaq baleti “Qaraca qız” onun uğurla tamaşaya qoyulmuş əsərlərindəndir. Əşrəf Abbasov həmçinin Azərbaycan musiqisində ilk elmlər namizədi olmuş bəstəkardır”

   Çıxışdan sonra Ü.Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın “Konsertino”, “Dramatik poema” əsərləri, “Qaraca qız” baletindən 1-ci süita və Əşrəf Abbasovun yolunu davam etdirən oğlu Cəlal Abbasovun “Where are you, Ulysses?” (“Ulisses, sən haradasan?”) əsəri səsləndi. Dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov idi.

   Musiqinin bir çox janrlarında qələmini sınamış bəstəkar Əşrəf Abbasov “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” musiqili komediyalarının, simfonik orkestr üçün “Şuşa”, “Gələcək gün”, “Dramatik poema” kimi əsərlərin, “Heyran olmuşam”, “Qurban olduğum”, “Gözəl yar”, “Oxu bülbülüm”, “Qarabağın qızları”, “Ceyranım gəl” və s. məşhur mahnı və romansların müəllifidir. Əşrəf Abbasov bəstəkarlıqla yanaşı uzun illik pedaqoji fəaliyyət də göstərib, Asəf Zeynallı adına Musiqi Texnikumunun, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, bəstəkarlıq kafedrasının müdiri vəzifələrində işləyib.

  

 

   Reyhan

 

   Mədəniyyət.- 2011.- 16 fevral.- S. 6.