Gənc nəslin formalaşmasında incəsənətin rolu

 

   «ELS» Müstəqil Araşdırmalar Mərkəzi uşaqların mənəvi-əxlaqi tərbiyəsində incəsənətin, xüsusən də musiqinin rolu və bu sahədə mövcud vəziyyətin araşdırılmasına həsr olunmuş «Vətəndaş cəmiyyəti gələcəyimiz naminə» layihəsinə start verib.

  

   Uşaqların mədəni inkişafı üçün yaradılan imkanları araşdıraraq mövcud problemlərin həlli yollarını təklif etmək məqsədilə keçirilən layihə çərçivəsində təşkilatın könüllüləri tərəfindən 2011-ci ilin yanvarında Bakıda və ölkənin 6 regionunda rəy sorğusu keçirilib. Sorğu zamanı incəsənətin rolu bütün yaş qruplarından olan respondentlər tərəfindən müstəsna rol kimi qiymətləndirilib. Mərkəz sorğunun nəticələri ilə bağlı «Gənc nəslin formalaşmasında incəsənətin rolu: problemlər və perspektivlər» mövzusunda dəyirmi masa keçirərək, təhlillər apardı. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, həmçinin şair və bəstəkarlar iştirak edirdi.

   Mərkəzin direktoru İradə Yaqubova bildirdi ki, sorğuda uşaqların təlim-tərbiyəsində uşaq mahnılarının zəruri olduğu aşkarlanıb: «Respondentlər uşaq mahnılarının çox az olduğunu, Azərbaycan mahnıları lazımi səviyyədə təbliğ olunmadığından bu boşluğun xarici mahnılarla doldurulmasını qeyd ediblər. Sorğu zamanı məktəblərdə musiqi dərslərinin keçirilməsində olan problemlər də aşkarlanıb. Məktəblərdə peşəkar kadrların azlığı ilə bağlı problemlər var. Rayon və kənd yerlərində bu fənnin tədrisi yalnız digər fənn müəllimlərinin əlavə dərs saatı almasına çevrilir».

   İ.Yaqubova televiziya kanallarının fəaliyyətinə toxunaraq uşaq telekanalının yaradılmasının vacibliyini vurğuladı. Halbuki dünyanın bir çox ölkəsində uşaqlar üçün telekanallar fəaliyyət göstərir: «Uşaq verilişlərinin təhlili onların əsasən cizgi və animasiya filmlərindən ibarət olduğunu aşkar edib. Təqdim olunan maarifləndirici-əyləncəli verilişlərin sayı olduqca azdır. Bütün ölkə ərazisində yayımlanan uşaq televiziya kanalının açılması zəruridir».

   İ.Yaqubova onu da bildirdi ki, məktəblilərin mədəni irsə yiyələnməsi məqsədilə teatr və digər sənət ocaqlarına pulsuz və ya güzəştli abonement kart sisteminin tətbiqinə başlanması yaxşı olardı.

   Bəstəkar Oqtay Zülfüqarov da bu fikirlərə qoşularaq, uşaq verilişləri üçün vaxt ayrılmasının vacibliyini vurğuladı: «Telekanallar az qala efirdə «toyxana» qururlar. Bir araya gəlib, telekanallara müraciət ünvanlamalıyıq».

   Bəstəkar Oqtay Rəcəbov isə yaponların təcrübəsindən nümunə götürməyi məsləhət gördü: «Yaponiyada artıq bağçadan başlayaraq uşaqlara həftədə 5 saat musiqi dərsi keçirlər. Onlar böyüyəndə hansı sənətin sahibi olmasından asılı olmayaraq, gözəlliyə biganə qalmırlar. Gözəlliyə biganə qalmayanlar təbii ki, xalqı üçün gözəllik yaradacaqlar».

  

 

   Gülər

 

    Mədəniyyət.- 2011.- 16 fevral.- S. 6.