Yeni xor kollektivinin təqdimatı
keçirildi
Elnarə Kərimova:
“Gənclər
çox həvəsli və bacarıqlıdırlar, müəyyən
məsələlər qaydaya düşsə, bu xor kollektivi
beynəlxalq səviyyəyə çıxa bilər”
Fevralın
12-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü ilə
tanınmış azərbaycanlı xormeyster, Türkiyənin
«Orfeon» kamera xorunun və TRT-nin böyük xorunun bədii rəhbəri
və baş dirijoru Elnarə Kərimovanın rəhbərliyi
ilə yeni yaradılan xor kollektivinin təqdimat mərasimi
oldu.
Mədəniyyət
və Turizm Nazirliyinin İncəsənət şöbəsinin
rəhbəri Fərəh Əliyeva mərasimdə
çıxış edərək, «Orfeon» kamera xorunun ötən
il «Üzeyir Hacıbəyli-125» Beynəlxalq Musiqi
Festivalında müvəffəqiyyətlə
çıxış etdiyini nəzərə
çatdırdı: “Həmin vaxt Elnarə xanıma Azərbaycanda
gənc musiqiçilərin iştirakı ilə kamera xoru
layihəsini həyata keçirmək və gənclərdən
ibarət yeni səpkili xor kollektivi yaratmaq təklif olundu. Artıq
bu layihə gerçəkləşib. 34 nəfərdən
ibarət kollektiv gənclərdən ibarətdir”.
Sonra repertuarında müxtəlif musiqi janrlarının
yer aldığı xor kollektivinin çıxışı
başlandı. Gənclərin ifası, orijinal səhnə
geyimləri tamaşaçıların böyük
marağına səbəb oldu. Konsertin gedişində səslənən
caz musiqisi, ən müxtəlif musiqi alətlərindən
istifadə olunması xor ansamblının repertuarında fərqli
bir ab-hava yaratmışdı.
Elnarə
Kərimova gənclərdən ibarət belə bir kollektivin
formalaşmasında göstərdiyi dəstəyə görə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə
minnətdarlığını bildirdi. O, gənclərdən
ibarət özfəaliyyət xorunun ərsəyə gəlməsində
Azərbaycan gənclərinin əməyini və zəhmətsevərliyinin
xüsusi olaraq vurğuladı.
Konsertdən
sonra Elnarə Kərimova qəzetimizə müsahibə verdi:
- Mümkünsə,
oxucularımıza özünüz haqqında bir qədər
ətraflı məlumat verərdiniz. Necə oldu ki, Türkiyədə
yaşamalı və işləməli oldunuz?
- 1988-ci ildə Azərbaycan
Dövlət Xor Kapellasının bədii rəhbəri idim. Bir
gün Türkiyədən Adnan Sayqunun «Yunis Əmrə
oratoriyası» ilə bağlı bir sifariş gəldi. Biz həmin
vaxt öz kapellamızda bu əsəri səsləndirdik. Əsərin
dirijoru türkiyəli sənətçi Hikmət
Şimşək idi. Biz kapellamızla bütün türkdilli
cümhuriyyətlərə gedərək bu oratoriyanı ifa
etdik. Bundan sonra Türkiyədən bir il müddətinə
bu ölkədə işləmək barədə təklif
aldım. O zaman Azərbaycanın mədəniyyət naziri
Polad Bülbüloğlu mənim getməyimi heç istəmirdi.
Sonda mən Türkiyəyə getdim və iş elə gətirdi
ki, 1 illik səfərim 19 il çəkdi. Hətta
övladım da Türkiyədə dünyaya gəldi, orada
böyüdü və hazırda Türkiyədə
çalışır. Həyat yoldaşım Tərlan
Quliyev Azərbaycan Dövlət Kamera Orkestrində skripka
ifaçısıdır. Hazırda Türkiyədə operada
çalışır.
Beş ay öncə dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin yubileyinə mən
də dəvət almışdım. Bakıya «Orfeon» xoru ilə
gəlmişdim. Biz çıxış etdik və mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bizim ifamızı
çox bəyəndi. Bildirdi ki, Azərbaycanda da belə bir
xor kollektivinin yaradılmasını istəyir. Qısa zamanda
buna nail olduq.
- Maraqlıdır,
ifaçıların seçimi hansı meyarlar əsasında
həyata keçirildi? Yeri gəlmişkən, yeni xor
kollektivi necə adlanacaq?
- Əvvəlcə mən Asəf
Zeynallı adına Musiqi Məktəbində 600 nəfər gəncin
səsini dinlədim. Onların arasından 35 nəfəri
seçdik. Ondan sonra, məşqlərə başladıq və
qısa zamandan sonra belə bir kiçik təqdimatı keçirdik.
Hələ ki, xor kollektivinə ad qoymamışıq, amma bu
barədə düşünürük. Bu bir kamera xorudur.
Xorda sadəcə vokalistlər deyil, pianoçular, skripka,
qaboy, nəfəsli alətlərdə ifa edənlər də
var. Onu da bildirim ki, seçim çox çətin idi.
Çünki bəzən baxırsan, ifaçının səsi
gözəldir, amma notu bilmir. Musiqi savadı olmayanı xora qəbul
etmirəm. Çünki bizim əsərlərimiz çox
çətindir: 8, 6 səsli əsərlər var. Notu bilməsək,
onların ifasını ərsəyə gətirmək
mümkün olmaz. Hələlik, 5 əsər ifa etmişik. Yəqin
ki, gələcəkdə onların sayı artacaq.
- Elnarə xanım, ənənəvi
xordan fərqli olaraq bu xorun ifası çox rəngarəng
idi. Gənclər məşqlərə necə həvəs
göstərir? Onların ifası sizi qane edirmi və bu
kollektivdən nələri gözləmək olar?
- Azərbaycanlılarda olan musiqi
bacarığı deyərdim ki, heç bir xalqda yoxdur. Bu
baxımdan çox məmnunam. Amma yuxarıda qeyd etdiyim kimi,
xorda ifa üçün təkcə səs, qabiliyyət yetərli
deyil. Musiqi savadının olması çox önəmlidir.
İfaçının notu açar-açmaz onu görməsi
lazımdır. Digər tərəfdən, hər bir şey
tamaşaçıların bizim ifamızı necə
qarşılamasından asılıdır. Əlbəttə,
biz əvvəlcədən bunun üçün seçim
edirik, repertuarı hazırlayırıq. Bunu
tamaşaçı qəbul edə və ya bəzən qəbul
etməyə də bilər.
- Rəhbərliyiniz altında
yaradılmış yeni xor kollektivinin təqdimat mərasimindən
ilk təəssüratınız necədir?
- Gənclər çox həvəslidirlər
və bu xorun qurulmasında böyük fədakarlıq
göstərdilər. Başqa yerlərdə də
çalışmalarına baxmayaraq hər gün gəlib 4
saat məşq etdilər. 10 günün içərisində
belə bir xor yarandı və bundan çox məmnunam.
- Elnarə xanım, bir vaxtlar Azərbaycandan
bir çox musiqiçilər başqa ölkələrə
üz tutdular və bu musiqinin bəzi sahələrində
müəyyən boşluq yaratdı. Bir peşəkar kimi 19
ildən sonra nələri düşünürsünüz?
- Bəli, o zamanlar təsssüf
ki, bir çox qabiliyyətli musiqiçilər ölkəni tərk
etdi. Respublikadan sənətçilərin getməsi təbii
ki, boşluğa səbəb oldu. Amma yenə də deyərdim
ki, gənclər sənətə inanılmaz dərəcədə
çox həvəslidirlər və o boşluq artıq
çoxdan dolub. Bu bir özfəaliyyət xorudur. Deməli,
onlarda öyrənmə istəyi var. Xor işi çətindir,
tək-tək səslərlə çalışmalısan. Bu
gənclərdə musiqi təhsilinin artırılmasına
görə musiqiçi Aida Hüseynovanı da xora dəvət
etdik. İstək və qabiliyyət olduqdan sonra hər şey
düzəlir.
- Orkestrin repertuarında hansı
janrlara yer ayrılacaq?
- Repertuar müxtəlif olacaq.
İfa olunan 5 əsərdə həm klassik, həm Azərbaycan
xalq musiqisi, qədim musiqi, folklor, caz musiqisi özünə
yer alıb. Əlbəttə, repertuarı da mən
özüm seçmişəm. İnsanın bacarmadığı
bir şey yoxdur. Sadəcə, çalışmaq
lazımdır. Mən istəyirəm ki, repertuar rəngarəng
olsun və bu mənim üçün çox önəmlidir.
Ü.Hacıbəylinin yubileyinə həsr olunmuş festivala
gələndə də bəstəkarın “Koroğlu”
operasından uvertüranı aranjeman etdik və onu özəl
olaraq 8 səsə bölüb səsləndirdik.
- Azərbaycanda dirijorluq məktəbi
ilə bağlı fikirlərinizi də bilmək
maraqlıdır...
- Bizim dirijorluq məktəbimiz hər
zaman güclü olub. Mən A.Zeynallı adına Musiqi Məktəbini
bitirib Konservatoriyaya daxil olanda gözəl müəllimlərimiz
vardı və onlardan çox şey öyrəndim. İndi də
təcrübəli, bacarıqlı dirijorlarımız var.
Qarşıdakı vaxtda imkan tapıb onlarla tanış
olacam.
- Türkiyə ilə müqayisə
edəndə bizim gənclərin özfəaliyyət xorunu
necə qiymətləndirmək olar?
- Hər yerdə
qabiliyyətli insanlar
var. Türkiyədə bunun
üçün münasib
şərtlər var. Orada
özfəaliyyət xoruna
bir hobbi kimi yanaşırlar. Hardasa işləyirlər və
qazancları qənaətbəxişdir.
Ona görə insanlar özfəaliyyət xoruna
rahat gəlirlər.
Amma Bakıda xorda elə gənclər var ki, 2-3 yerdə
çalışırlar. Bu ən böyük
çətinlikdir. Çünki yaradıcı insanın formalaşmasında, təkmilləşməsində
iqtisadi şərtlər
çox önəmlidir.
Bu şərtləri isə yaratmaq lazımdır. Biz «Orfeon» xoru ilə
bütün dünyanı
gəzmişik. Yarışlara, müsabiqə və festivalla getmişik.
O qədər xor kollektivlərinin içərisində
Britaniya və Kanadada birinci yeri biz qazanmışıq.
- Sizcə, bizim gənclərdən ibarət bu xoru da o səvyyəyə
çatdırmaq olar?
- Əlbəttə,
olar, buna heç şübhəm yoxdur. Əgər 10 günün içində
belə bir xor yaradılıbsa, çalışma davam edərsə, heç bir problem yoxdur. Sadəcə,
dediyim kimi, gənclərin maddi şəraitlərini qaydaya
salmaq lazımdır.
Amma yenə deyirəm, gənclər çox həvəsli və bacarıqlıdırlar, müəyyən
məsələlər qaydaya
düşsə, bu xor kollektivi beynəlxalq səviyyəyə
çıxa bilər.
- Elnarə xanım, sizin üçün iki ölkədə, həm Türkiyə, həm də Azərbaycanda eyni vaxtda işləmək
çətin olmayacaq
ki?
- Dünyanın
bütün dirijorları
bir ölkədən digərinə gedib-gəlirlər.
Bu bizim peşəmizin
özəlliyidir və
sənətçi həyatıdır.
Əlbəttə, ümumi götürdükdə
çətindir. Mən oradan
gələrkən TRT Ankara radiosundan icazə aldım.
- Uzun fasilədən sonra Bakı sizdə hansı yeni təəssüratı yaratdı?
- Bakı inanılmaz dərəcədə
dəyişib, gözəlləşib.
Bakıdakı memarlıq üslubunu
heç bir yerdə görmədim.
O mənada şəhər
mənə çox xoş təsir bağışladı. Biz azərbaycanlılarada nostalji
hissləri onsuz da var. Buna görə Bakı məndə çox zəngin və xoş təəssürat yaratdı.
Mehparə Sultanova
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 5.