Azərbaycan xalçaçılıq
ənənələri muzey
təhsilində
Mədəniyyət
və Turizm Nazirliyi UNESCO-nun Moskva Bürosu və Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti
Dövlət Muzeyi ilə birlikdə “Azərbaycan
xalçaçılıq ənənələri və bədii
sənət sahələrinin saxlanılması və təbliği
məqsədi ilə muzey təhsil proqramlarının
inkişafı üzrə” layihə həyata keçirir.
Məqsəd
xalçaçılıq sənətinin incəliklərinin
öyrənilməsi və bu sahənin cəmiyyətin
bütün təbəqələrinin maraq dairəsinə
çevrilməsidir. Fevralın 11-də Lətif Kərimov
adına Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti
Dövlət Muzeyində bu layihə üzrə “Azərbaycan
xalçaçılıq ənənələri muzey təhsilində”
mövzusunda təlim-seminar keçirildi. Sayca ikinci olan (ilk tədbir
yanvarda keçirilib) təlim-seminarda 14 bölgənin
tarix-diyarşünaslıq muzeyinin əməkdaşları
iştirak etdilər.
Muzeyin elmi katibi Gülşən
Hüseynova və muzeyin kütləvi işlər şöbəsinin
müdiri Aygün Abasova muzey təhsili barədə seminar
iştirakçılarına ətraflı məlumat verdilər.
G.Hüseynova muzey təhsili barədə fikirlərini seminar
iştirakçıları ilə bölüşdü:
“Muzey təhsili qeyri-rəsmi bir təhsil, insanların ilk mənbədən
bilik əldə etməsidir. Bizim muzeyin 15 minə yaxın
eksponatı var. Onlardan 6 mini sırf xalça və xalça
məmulatlarıdır. Azərbaycan xalçaçılıq
sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs
siyahısına daxil edilib. Muzey təhsilinin bu gün önəmli
məqsədi Azərbaycan xalçasında yeni nəfəsin,
ənənələrin yaşadılması və
inkişafıdır. Bu məqsədlə muzeydə istər
orta məktəb şagirdləri, gənclər,
yaşlılar, istərsə də ailələr
üçün müxtəlif təhsil proqramları həyata
keçirilir. “Öz xalçanı yarat” proqramı gənc nəslə
ornamentlərin, qədim xalçaçılıq sənətinin
sirlərini öyrədir. Bundan əlavə “Azərbaycanın
toy adətləri” adlı proqramda Azərbaycan
xalçasının müxtəlif adətlərdə istifadə
qaydaları nəzərə çatdırılır”.
Seminarda muzey təhsili ilə
yanaşı, bölgələrdə
xalçaçılıq sənətinin inkişaf meylləri
haqqında da fikir mübadiləsi aparıldı.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 4.