“Mədəniyyət” kanalı
fəaliyyətə başladı
Telekanal Azərbaycanın ən gözəl mədəniyyət
nümunələrini hər bir ailəyə
çatdıracaq
Fevralın
14-də, Azərbaycan televiziyasının yaranmasının
55-ci ildönümündə milli teleməkanda əlamətdar
hadisə baş verdi. Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
bazasında “Mədəniyyət” kanalı fəaliyyətə
başladı.
Yeni telekanalın
açılışı ilə bağlı Beynəlxalq
Muğam Mərkəzində keçirilən tədbirdə
dövlət və hökumət rəsmiləri, Milli Məclis
deputatları, tanınmış alimlər, mədəniyyət
və incəsənət xadimləri iştirak edirdilər. Mərasim
Azərbaycanın dövlət himninin səslənməsi ilə
başlandı.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Əli Həsənov, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov,
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
yeni kanala xeyir-dua verdilər.
“Mədəniyyət”
kanalının yaranmasında göstərdiyi dəstəyə
görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını
bildirən natiqlər bu hadisəni dövlətimizin mədəniyyətə,
incəsənətə göstərdiyi böyük diqqət
və qayğı kimi səciyyələndirdilər. Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
bazasında fəaliyyət göstərəcək yeni
kanalın milli mədəniyyətimizin inkişafı və təbliğində
mühüm rol oynayacağı, ulu öndər Heydər Əliyevin
Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli
mənəvi dəyərlərimizin qorunması,
inkişafı və gələcək nəsillərə
çatdırılması istiqamətində
gördüyü əvəzsiz işlərin bu gün də
uğurla davam etdirilməsi vurğulandı.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Azərbaycan televiziyasının
55 illik yubileyini bütün mədəniyyət işçiləri
adından təbrik etdi, qarşıdakı illərdə
televiziyaya daha böyük uğurlar arzuladı. Nazir Azərbaycanda
“Mədəniyyət” kanalının fəaliyyətə
başlamasını tarixi gün kimi dəyərləndirdi:
“Bu telekanalın açılışı o deməkdir ki, Azərbaycan
xalqı əsrlər boyu yaratdığı mədəniyyət
xəzinəsini gələcək nəsillərə, gələcək
əsrlərə çatdıra biləcək”. Ölkə
başçısının mədəniyyətə göstərdiyi
qayğı və diqqətin nəticəsində mədəniyyətimizin
intibah dövrü yaşadığını vurğulayan
nazir əmin olduğunu bildirdi ki, “Mədəniyyət”
baxımlı bir kanal olacaq, dünya mədəniyyətinin
incilərini tamaşaçılara təqdim etməklə
yanaşı, Azərbaycan mədəniyyətini daha geniş
şəkildə dünyaya təqdim edə biləcək.
Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov çıxışında
vurğuladı ki, Azərbaycanda mədəniyyətimizin
qorunub saxlanılması, onun ən yaxşı nümunələrinin
yaşadılması, həmin nümunələr əsasında
yeni nəslin tərbiyəsi, maddi-mənəvi nümunələrimizin
dünyada yayılması və tanıdılması siyasəti
uğurla həyata keçirilir: “Ümummilli lider Heydər Əliyev
həmişə deyirdi ki, millətin mədəniyyətini
qorumaq təkcə mədəniyyət xadimlərinin, bu sahədə
işləyən insanların, ziyalıların işi deyil,
eyni zamanda, dövlət rəsmilərinin, bütün
dövlət strukturlarının, qurumlarının vəzifəsidir.
Mədəniyyət millətin vizit kartıdır. Əgər
bir millətin mədəniyyəti yoxdursa, onun mədəniyyəti
bu və ya digər proseslərin təsiri altında məhvə
məruz qalırsa, o millətin gələcəyindən
söhbət gedə bilməz. Bu kanalın iki əsas vəzifəsi
olacaq. Birincisi, ən gözəl mədəniyyət nümunələrini
vətəndaşlarımıza və dünyada yaşayan
soydaşlarımıza çatdırmaq, ikincisi isə ölkəmizin
mədəniyyət nümunələrinin salnaməsini
yaradaraq gələcək nəsillərə ötürmək”.
”Mədəniyyət” kanalına
öz xeyir-dualarını verən ziyalılar ciddi və məsuliyyətli
bir işə başlayan kanalın kollektivinə, televiziya
kanalının rəhbəri, Əməkdar incəsənət
xadimi Cəmil Quliyevə uğurlar arzuladılar.
Tarixi bir gündə - “Mədəniyyət”
kanalının açılış mərasimində III
Muğam televiziya müsabiqəsi start götürdü. Heydər
Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan
Dövlət Televiziyasının təşkilatçılığı
ilə keçirilən müsabiqə Azərbaycan
Televiziyası ilə yanaşı, “Mədəniyyət”
kanalı ilə canlı yayımlandı. Ustad sənətkarlardan
ibarət münsiflər heyəti müsabiqənin ilk
günü müsabiqədə iştirak edən 20 gənc
ifaçıdan 10 ifaçının
çıxışını dinlədilər.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 3.