“Mədəniyyət haqqında”
qanuna əlavə və dəyişikliklər müzakirə olunub
Fevralın 15-də Milli Məclisin Mədəniyyət
komitəsinin iclasında “Mədəniyyət haqqında”
qanuna əlavə və dəyişikliklər edilməsi
müzakirə olunub.
Komitənin sədri Nizami Cəfərov
bildirib ki, sözügedən qanun ötən əsrin
90-cı illərinin ortalarında qəbul olunub və
üstündən xeyli müddət keçdiyinə görə
artıq sənəddə ciddi dəyişikliklərə
ehtiyac yaranıb: “Bu məsələ neçə vaxtdır
gündəmdədir. Doğrudan da, bu qanunda ciddi dəyişikliklərə
ehtiyac var. Hətta vaxtilə mən “Mədəniyyət
haqqında” yeni qanunun deyil, Mədəniyyət Məcəlləsi
hazırlanmasının vacibliyini dilə gətirmişdim. Azərbaycanda
mədəniyyət sahəsi ilə bağlı bir sıra
qanunlar var. Yaxşı olar ki, bu qanunlar hamısı Mədəniyyət
Məcəlləsində birləşdirilsin”.
Sənədə vahid mədəni
məkanın qorunub saxlanılması və inkişafı, mədəniyyət
təşkilatlarının səlahiyyətləri, bu sahənin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
yaradıcı şəxslərin hüquq və vəzifələri,
beynəlxalq əməkdaşlıq, xaricdə mədəniyyət
mərkəzlərinin fəaliyyəti və s. məsələləri
əhatə edən yeni maddələrin əlavə
olunması nəzərdə tutulub.
İclasda çıxış edən
Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri
Firudin Qurbanov bildirib ki, qanun layihəsində əksini tapan
müddəaların geniş açıqlanması olacaq:
“Bununla bağlı xüsusi paraqraflarda hər bir maddənin fəaliyyət
istiqaməti, onların işləmə mexanizmi göstəriləcək
və müəyyən olunacaq. Eyni zamanda, ola bilsin, bu qanunu
dünya təcrübəsinə əsaslanaraq gələcəkdə
məcəllə də adlandıraq”.
F.Qurbanovun sözlərinə
görə, “Mədəniyyət haqqında” qanunun ikinci fəslinə
yeni maddələr daxil edilib ki, burada da mədəniyyət
sahəsinin dövlət tərəfindən tənzimlənməsi
və idarə olunması nəzərdə tutulur: “Əsas məqsəd
ondan ibarətdir ki, səlahiyyətlər dəqiqləşdirilsin
və bu dəqiqləşdirmələr imkan yaratsın ki, mədəniyyət
sahəsinin idarə olunmasında gələcəkdə
ziddiyyətlər baş verməsin. Üçüncü fəsildə
mədəniyyət sahəsində vətəndaşların
hüquq və vəzifələri daha aydın
açıqlanır ki, buraya bir neçə yeni maddə əlavə
olunub. Məsələn, “Estetik tərbiyə”, “Bədii və
kulturoloji təhsil almaq hüquqları”, “Milli-mədəni ənənələri
inkişaf etdirmək və qorumaq hüquqları” və s.
Bunlar hazırkı qanunda yoxdur.
Dördüncü fəsildə mədəniyyət
təşkilatları, mədəniyyət sahəsində fəaliyyət
məsələləri əksini tapıb. Yəni mədəniyyət
təşkilatlarının səlahiyyətləri dəqiq
olmalıdır ki, bunlar da məhz dördüncü fəslə
daxil edilən müddəalarda əks olunub. Burada investisiya
siyasəti və mədəniyyətin maddi-texniki təminatı
da xüsusi vurğulanır”.
F.Qurbanovun qanun layihəsi ilə
bağlı məlumatı dinləndikdən sonra müzakirələr
nəticəsində qərara alınıb ki, layihə üzərində
təkmilləşdirmə işləri davam etdirilsin və bu
işlər yekunlaşdıqdan sonra sənəd bir daha komitənin
müzakirəsinə çıxarılsın.
Mədəniyyət.-
2011.- 16 fevral.- S. 2.