Qan yaddaşımız

 

   Qaradağlı faciəsi haqqında kitab işıq üzü görüb

  

   Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının, Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin birgə təşkilatçılığı ilə “Qaradağlı faciəsi” adlı kitabın təqdimat mərasimi keçirildi. Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının müəllifi olduğu kitab Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində işıq üzü görüb. Kitab 1992-ci il fevralın 17-də erməni silahlı dəstələrinin Dağlıq Qarabağdakı Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndində azərbaycanlı əhaliyə qarşı törətdikləri qırğından bəhs edir. İşğal zamanı kənddə 90 nəfər şəhid olub, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb.

   Təqdimat mərasimində çıxış edən Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin sədri Nadir Abdullayev bu layihənin həyata keçirilməsinə göstərdiyi yardıma görə QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi: “Bu kitab Qaradağlı kəndində törədilən qanlı soyqırımından söz açır. Qaradağlı kəndi Xocavəndlə Xankəndi arasında yerləşir. Ermənilər bu kəndi uzun zaman mühasirədə saxlayıb. 1988-ci ilin fevralından 1992-ci il 17 fevraladək kəndə 305 dəfə hücum edilib”.

   “Qaradağlı faciəsi” kitabının müəllifi Məhərrəm Zülfüqarlı kənd sakinlərinin xüsusi qəhrəmanlıqlarından danışdı: “Kənddəki orta məktəbin hərbi hazırlıq müəllimi Telman Tağıyev qumbara ilə ermənilərin üstünə atılan qəhrəman oğullarımızdan olub. Kitabda kəndin mühasirəsi zamanı oranı tərk etməyən qəhrəman qadınlarımız haqqında da söz açılır.”

   Kitab üç bölmədən (“Faciədən əvvəl Qaradağlının vəziyyəti”, “Qaradağlının işğalı” və “Faciənin canlı şahidləri”) ibarətdir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın elektron versiyası www.avciya.az saytında yerləşdirilib.

 

 

   Reyhan

 

  Mədəniyyət.- 2011.- 16 fevral.- S. 14.