Regionlarda mədəniyyət-istirahət guşələri, tarixi-mədəni abidələr yenidən qurulur

 

   Prezident İlham Əliyev respublikanın qərb bölgəsinə səfəri zamanı bir sıra obyektlərin açılışında iştirak edib

  

   Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Tovuz, Qazax, Samux rayonlarına, Gəncə şəhərinə səfər edib.

  

   Dövlət başçısı Tovuz şəhərində mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, parkın tikintisinə 2009-cu ilin əvvəllərində başlanıb. 10,2 hektar sahəni əhatə edən parkın ərazisində əvvəlcədən 5615 palıd, 1125 şam ağacı olub. Park salınmağa başlandıqdan sonra yüzlərlə ağac və bəzək kolu əkilib. Burada 30 min kubmetr həcmində torpaq işləri görülüb, yerli inşaat materialından istifadə edilməklə geniş tikinti-abadlıq işləri aparılıb. Parkın ətrafına dekorativ hasar çəkilib, 2 yerdə böyük giriş darvazaları tikilib, 14 fəvvarə, süni şəlalə yaradılıb.

   Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb, gənclərin asudə vaxtının səmərəli təşkili üçün istirahət mərkəzi inşa edilib. Ərazidə geniş sahədə çəmənlik salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Prezident İlham Əliyev parkda aşıq musiqisini dinləyib, ona rayon ictimaiyyəti adından saz hədiyyə edilib.

   Sonra prezident İlham Əliyev rayonda inşa olunan beşulduzlu mehmanxananın layihəsi ilə tanış olub. Bildirilib ki, 2008-ci ildə inşasına başlanılan mehmanxana üçün Bozalqanlı kəndi ərazisində 5,2 hektar sahə ayrılıb. Beşmərtəbəli binada 72 nömrə, üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor zalı və masaj otaqlarından ibarət idman-sağlamlıq mərkəzi olacaq. Mehmanxananın tikintisinin bu ilin mayında başa çatdırılması nəzərdə tutulub.

   Prezident həmçinin Tovuz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib.

   Kompleksin təməli 2007-ci il mayın 30-da prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 5 hektar sahədə inşa edilmiş kompleks 3 korpusdan ibarətdir.

  

   * * *

 

   Sonra Qazax şəhərinə gələn prezident burada yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak edib. Görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Eksponatların sayı artıb, yeniləri də əlavə olunub. Prezident Poeziya evinin işçilərini açılış münasibətilə təbrik edib.

  

   * * *

 

   Prezident İlham Əliyev fevralın 9-da Gəncə şəhərində əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkının açılışında da iştirak edib. Yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişib. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olanXan bağı”nda belə genişmiqyaslı işlər ilk dəfə məhz prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.

   Prezident İlham Əliyev parkı gəzib, görülmüş işlərlə tanış olub. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilmişdir. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi yeni görkəm alıb.

   Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşənİmamzadədini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olub. Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olanİmamzadədini kompleksinin təmiri, bərpası ətrafında abadlaşdırma işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb. Ötən ilin aprelində başlanmış bərpa işlərini bu ilin sonunadək tamamlamaq nəzərdə tutulur. Prezident İlham Əliyev tikinti işləri ilə bağlı müvafiq tapşırıq tövsiyələrini verib.

 

 

   Mədəniyyət.- 2011.- 11 fevral.- S. 2.