«Əli və Nino» ətrafında mübahisələr
“Azerbaijan İnternational” jurnalının xüsusi
buraxılışı ölkəmizdə və xaricdə tədqiqatçı
çevrələrdə geniş rezonans doğurub
Ədəbi
aləmdə ajiotaj yaradan bir jurnalın xüsusi
buraxılışı haqqında
Azərbaycan
mədəniyyətini, tarixini Amerikada təbliğ edən
“Azerbaijan İnternational” jurnalının ədəbi aləmdə
geniş müzakirə və mübahisə mövzusu olan «Əli
və Nino» romanına həsr etdiyi xüsusi
buraxılışı nəinki ölkəmizdə, eləcə
də xaricdə böyük ajiotaj doğurub. Qeyd edək ki,
1993-cü ildən ingilis dilində nəşr olunan “Azerbaijan
İnternational” jurnalının baş redaktoru
tanınmış amerikalı jurnalist Betti Bleyerdir.
Jurnalın sözügedən
xüsusi buraxılışı ilə bağlı
ayrı-ayrı alim və mütəxəssislər, tədqiqatçılar
rəy və fikirlərini bildirirlər. Məsələn,
tanınmış amerikalı politoloq, Avrasiyada etnik və dini
məsələlərin öyrənilməsi üzrə
mütəxəssis Pol Qobl da “Azerbaijan İnternational”
jurnalının “Əli və Nino”ya həsr olunmuş
xüsusi buraxılışına məqalə həsr edib. Məqaləni
özünün internet bloqunda yerləşdirən alim onu qəzetimizə
də göndərib. Yeri gəlmişkən, qeyd edək ki,
Bakıda, Azərbaycan Diplomatiya Akademiyasında
çalışan amerikalı mütəxəssis müntəzəm
olaraq «Avrasiyaya pəncərə» adlı bloqunda müxtəlif
mövzularda analitik yazılarla çıxış edir.
Pol Qobl «Əli və Nino» barədə
məqaləsində bu romanı Azərbaycan xalqını
xarakterizə edən mühüm əsər kimi qiymətləndirir:
«Hər bir xalqın yaratdığı ədəbiyyatda elə
nümunələr var ki, başqaları bu xalqın təbiətini
dərhal tanıya bilir. Məsələn, Rusiyanın “Yevgeni
Onegin”i (Puşkin), Fransanın «Qırmızı və
qara»sı (Stendal) var. Azərbaycanda isə bunlara bənzər
təsviri roman «Əli və Nino»dur. Bu əsər öz
oxucularını çox maraqlı və mürəkkəb
cığırlarla müşayiət edir, XX əsrin əvvəlində
Azərbaycanın mürəkkəb tarixini əks etdirir».
Sonra Pol Qobl əsərin əsas
mövzusu - azərbaycanlı gənc və gürcü
qızı arasında olan sevgi hekayəsi, o dövrün
tarixi şəraiti ilə bağlı qeydlərini yazır. Politoloq
uzun illər mübahisə mövzusu olan «Əli və Nino» romanının
müəllifi məsələsinə də toxunur və
bildirir: «Bir neçə il əvvəl amerikalı jurnalist və
yazıçı Tom Reys «Şərqşünas»
(“Orientalist”) adlı kitabını çap edəndə hər
şey dəyişdi. O vaxtadək belə bir fikir irəli
sürülürdü ki, romanın müəllifi Lev (Leo) Nussimbaum
(Nussenbaum) əsərlərində “Əsəd bəy” təxəllüsündən
istifadə edirmiş. Reysin kitabı Qərb mütəxəssislərinin,
həmçinin Azərbaycan tədqiqatçılarının,
oxucuların diqqətini özünə cəlb etdi. Çünki
uzun müddət belə bir fikir formalaşmışdı ki,
əsərin əsl müəllifi Stalin dövründə
repressiya qurbanı olmuş yazıçı Yusif Vəzir
Çəmənzəminlidir. Lakin Reysin iddialarına etiraz
olaraq yaşlı nəsil alim və yazarlar, Çəmənzəminlinin
qohumları da daxil olmaqla Azərbaycan ədəbi cəmiyyəti
əsərin Çəmənzəminliyə məxsus olmasını
müdafiə etdi.
Betti Bleyerin yorulmaq bilməyən
axtarış və səylərinin nəticəsi olan
“Azerbaijan İnternational”ın xüsusi
buraxılışı göstərir ki, bu mövzuda
mübahisələr hələ də uzanır. Xanım
Bleyer bu nəticəyə gəlir ki, “Qurban Səid"in təxəllüsünün
arxasında mürəkkəb şəxs dayanır ki, o Azərbaycan
tarixini olduğundan çox mürəkkəb şəkildə
təsvir edib. Əsas hekayə Çəmənzəminli tərəfindən
yazılıb, lakin Nussimbaum-Əsəd bəy və ya kimsə
başqası əsər oxucuya çatmazdan öncə ona bəzi
əlavələr edib.
“Azerbaijan İnternational”
jurnalındakı məqalələr və xatirə
materialları göstərir ki, Çəmənzəminlinin
malik olduğu yazı üslubu, ədəbi texnika və
Bakıdakı şəxsi təcrübəsi, ailələlərarası
etnik münasibətləri bilməsi ona belə bir roman yazmaq
imkanı verib. Başqa tərəfdən Nussimbaum
Bakını yeniyetmə vaxtında tərk edib və sonra
böyük bacarıq ortaya qoyan kitablar yazıb, geniş oxucu
kütləsini özünə cəlb edə bilib. Bu
baxımdan jurnalın xüsusi buraxılışı
çox maraqlıdır. Burada təkcə bir əsr öncə
mövcud olmuş Bakı ilə bağlı deyil, azərbaycanlıların
təbiəti, həyatı ilə bağlı çoxlu məlumatlar
yer alıb».
“Azerbaijan İnternational”
jurnalının xüsusi buraxılışı ilə
bağlı ABŞ-ın Kaliforniya Universitetinin professoru Robert
Corc (George) də öz fikirlərini yazıb: «Necə də
heyrətamiz akademik tədqiqat işidir! Bu, geniş oxucu
kütləsinin diqqətinə və tərifə layiqdir. Və
oxunmalı, geniş tanıdılmalıdır».
Rəylər arasında Azərbaycan
Milli Elmlər Akademiyasının Ədəbiyyat
İnstitutunun direktor müavini, professor Məhərrəm
Qasımlının da fikirləri yer alıb: “Azerbaijan
İnternational” jurnalının «Əli və Nino» əsərinə
həsr olunmuş xüsusi buraxılışı ensiklopedik
dərinliyə malik fərqli, fundamental tədqiqatın nəticəsidir.
Əsərin əsl müəllifinin kimliyi ilə
bağlı çoxlu ədəbi və tarixi sənədlər
tədqiq olunub və araşdırılıb. İki vacib və
mübahisəli məsələ tədqiq olunub: Niyə Lev
Nussimbaum əsərin müəllifi hesab olunmamalıdır? Və
niyə Azərbaycan yazıçısı Yusif Vəzir
Çəmənzəminlinin əsərin müəllifi
olmasına inanılmamalıdır. Faktiki olaraq Betti Bleyerin
müstəqil şəkildə yerinə yetirdiyi iş tədqiqat
müəssisələrinin işinə bərabərdir. İnanıram
ki, bu tədqiqat işinin həqiqi dəyəri onilliklər
keçəndən sonra başa düşüləcək. Və
bu tədqiqat «Əli və Nino» üzrə ən vacib mənbə
kimi tanınacaq. Azərbaycan alimləri adından mən Betti
Bleyerin gördüyü və heç vaxt unudulmayacaq işə
görə ona öz dərin təşəkkürümü
çatdırıram».
Bakı Dövlət Universitetinin
professoru, Yusif Vəzir Çəmənzəminlinin
“Seçilmiş əsərləri”nin tərtibçisi, Tofiq
Hüseynoğlu buraxılışı sistemli tədqiqat
adlandırır: «Burada “Əli və Nino” əsəri ilə
bağlı bir çox suallara aydın cavablar inkaredilməz
faktlara və etibarlı mənbələrə əsaslanır».
Mehparə
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 15.