Uğurlu sənət yolunda
Bir vaxtlar təkcə respublikamızda deyil, onun sərhədlərindən
kənarda da şöhrət tapan “Qarabağ bülbülləri”
ansamblı bu gün doğma torpaqlardan, Ağdamdan uzaqda fəaliyyət
göstərir. Bununla belə ansambl sıralarına qatılan
yeni-yeni istedadlarla yaşayır, çevrəsi ilbəil
genişlənir. Ansamblda Qarabağın müxtəlif
bölgələrindən yeniyetmə ifaçılar fəaliyyət
göstərir.
Ansamblın bədii rəhbəri
Murad Rzayev də bizimlə söhbətində bu məqamı
vurğuladı:
- Ansambl üzvlərinin sayı ilbəil, aybaay artır.
Bizə təkcə Ağdamdan, Şuşadan deyil,
Qarabağın digər bölgələrindən -
Laçından, Cəbrayıldan, Füzulidən onlarca
istedadlı gənc müraciət edir. İndi
respublikamızda xüsusilə gənclər arasında
muğama böyük maraq var. Bunun bir mühüm səbəbi
də Heydər Əliyev Fondunun təşəbbüsü ilə
keçirilən respublika muğam müsabiqələri,
yeniyetmə, gənc ifaçıların bu müsabiqələrdə
həvəslə iştirak etməsidir.
- Yeniyetmə musiqiçilərin
ifa bacarıqları necə, sizi qane edirmi? Ansambla üzvlərin
qəbulu üçün seçimi necə
aparırsınız?
- Ansambla üzv qəbul etdiyimiz gənclərin
hamısı bacarıqlı, işlərinə məsuliyyətlidir.
Məşqlərə davamiyyətləri də qənaətbəxşdir.
Onlardan biri, Laçın rayonundan Təbriz Həsənzadəni
xüsusi qeyd etmək istərdim. O, üçüncü
ildir ki, bizim kollektivdə çalışır. Musiqi duyumu,
qavrayışı çox yaxşıdır.
(Murad müəllimlə söhbətimiz
yekunlaşandan sonra Təbriz Həsənzadə ilə
görüşdük):
- Təbriz, necə oldu ki, səndə
sənətə, musiqiyə, muğama maraq yarandı?
- Əslimiz Laçın rayonunun
Kamallı kəndindəndir. Ailəmizdə musiqiçi
yoxdur. Ancaq əmimin yaxşı səsi-avazı, həm də
musiqi təhsili var. Laçın rayonunun Musiqi Məktəbində
xanəndə sinfində dərs deyir. Hələ məktəbə
getməmişdən əvvəl avazla mahnılar oxuyardım,
səsim vardı. Bunu valideynlərim də hiss etmişdi.
Fikirləşmirdim ki, musiqiçi olaram. Ancaq respublikada
keçirilən muğam müsabiqələrini izləyəndən
sonra məndə də bu sənətə maraq yarandı.
Valideynlərim də fikrimi bəyəndi. 2007-ci ildə sənədlərimi
Yasamal rayonundakı Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinə
verdim. Muğam sinfinin rəhbəri Kəvakib Şirinov məni
qəbul etdi, musiqi duyumumu yoxladı, səsimə qulaq asdı
və bəyəndi. İndi həmin məktəbin IV sinfində
oxuyuram.
- Bəs “Qarabağ bülbülləri”
ansamblına nə vaxt gəlmisən?
- Musiqi məktəbinə daxil
olandan sonra ailəmizdə bu barədə söhbətlər
olurdu. Bizim rayondan bu ansamblda Həmidə Əhmədova
adlı bir qız var. Bir gün evdə qərara gəldik ki,
mən də “Qarabağ bülbülləri” ansamblına
müraciət edim. Elə də etdik. Ansamblın bədii rəhbəri
Murad Rzayevlə görüşdük. O da məni dinlədi,
səs duyumumu bəyəndi, razılığını
bildirdi. Artıq üçüncü ildir ki, bu ansamblda
çalışıram.
- Sənətin sirlərinə necə,
yiyələnə bilirsənmi?
- Daha çox xalq və bəstəkar
mahnılarına üstünlük verirəm: “Apardı sellər
Saranı”, “Qarabağ şıkəstəsi”, “Ağdam”,
“Yaşa, ürəyim, yaşa”, muğamlardan “Mirzə
Hüseyn Segahı” , “Zabul Segah”, “Heyratı”, “Qatar”ı
öyrənə bilmişəm. Ansambla üzv olandan müxtəlif
tədbirlərdə və bayram şənliklərində
iştirak edirəm. “Dünya Azərbaycanlılarının Həmrəylik
günü” münasibətilə Ağdam rayonunda, “N”
saylı hərbi hissənin əsgərləri
qarşısında konsert verdik. Sonra Quzanlı qəsəbəsinə
gəldik. Qəsəbə sakinləri qarşısında da
geniş proqramla çıxış etdik. Həmin gün
respublika rəhbərliyi də orada idi. Hörmətli
prezidentimiz İlham Əliyev də bizi dinlədi. Həm də
xatirə şəkli çəkdirdik. Bu görüş
kollektivimizin hər bir üzvündə böyük təəssürat
yaratdı...
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 15.