Etiraflar poeziyası
Nəriman
Həsənzadə - 80
Hər
bir şairin oxucu ürəyində öz yozumu olur. Eləcə
də ədəbi tənqidin şairlərə müxtəlif
istiqamətlərdən yanaşması və münasibəti
var. Adətən onların ünvanlarına söylənilən
fikirlərdə belə sözləri tez-tez eşidirik: xəlqi,
vətəndaş şairdir; istiqlal və azadlıq
aşiqidir; fikir, məna, yaxud da məhəbbət tərənnümçüsüdür
və s.
Nəriman Həsənzadə
poeziyasını ürəkdən sevən, daim oxuyan və
onun yaradıcılığını müntəzəm izləyən
qələm adamı kimi mən bu şairi başqa aynada
görürəm. Əlbəttə, yuxarıda qeyd etdiyim məziyyətlərin,
demək olar ki, hamısını onun
yaradıcılığının ayrı-ayrı nümunələrinə
aid etmək olar. Yəni hansı şeirində Nəriman Həsənzadə
xəlqi şairdir, hansında daha çox fəlsəfidir,
yaxud azadlıq carçısıdır.
Bir oxucu kimi isə mənim qənaətim
bambaşqadır. Nəriman Həsənzadə
bütövlükdə etiraflar şairidir. Söhbətlərində
də o, tez-tez öz xasiyyətini elə bu şəkildə
dilə gətirir: «Bütün ömrüm boyu işim,
peşəm üzr istəmək olub». Mənə elə gəlir
ki, etiraf etməyi, bununla bərabər
bağışlamağı da bacarmaq özü bir
ucalıqdır və nə yaxşı ki, Nəriman Həsənzadə
məhz bu möhtəşəmlikdə vüqarla dayanan,
öz lətif, səmimi poeziyası ilə ürəklərdə
lövbər salmağa qadir böyük sənətkarımızdır.
Əməkdar incəsənət
xadimi, Xalq şairi, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü
Nəriman Həsənzadə illərdir ki, oxucuların həqiqətən
çox sevdiyi və müntəzəm oxuduğu xoşbəxt
qələm sahiblərindən biridir.
Şöhrətin sevinci, yaşın kədəri,
Tərs kimi ikisi bir vaxta düşür.
- deyən Nəriman Həsənzadəyə öz imzası ilə üz tutmaq istərdik ki, «Ağ saçın hər başda yoxdu qiyməti, saça da qiyməti baş qazandırır». Bu baxımdan bir şair kimi yaşadığı ömür də, poetik dünyası da elə dərin və maraqlıdır ki, mənalı yaradıcılığının gətirdiyi şöhrət bütünlükdə hər yaşa qalibdir. İllər boyu zəhmət və istedadla qurduğu «söz» adlı möhtəşəm qalanın ucalığında 80 kərpic nədir ki?! Şair demişkən, ən uğurlu və gözəl illər qarşıdadır. Bu, sadəcə könül pıçıltısı deyil, həm də çox sevdiyim şairə dilədiyim ən saf arzularımdır.
Vaxtilə Nəriman müəllimlə bir mərtəbədə ayrı-ayrı redaksiyalarda, amma qonşuluqda çalışmışıq. Baş redaktoru olduğu «Ədəbiyyat və incəsənət» qəzetində publisistik məqaləm dərc edilmişdi. Minnətdarlığımı bildirmək üçün yanına getdim. Elə qapının ağzındaca rastlaşdıq. Maraqlıdır ki, yazıma görə o, mənə təşəkkür etdi. Söz deməyə macal tapmamış «xahiş edirəm, bizə belə məqalələrdən tez-tez yazasınız» tapşırdı. Bəlkə də elə ilk baxışda burada elə də təəccüblü məqam yoxdur, amma əslində var və bu heyrəti də doğuran Nəriman müəllimin son dərəcə nəzakətli olması idi. Bəlkə də elə buna görədir ki, «ziyalı» sözü eşidəndə gözlərimin qarşısına həmişə birinci olaraq Nəriman Həsənzadə gəlir.
Xalq yazıçısı Mirzə İbrahimov vaxtilə onun haqqında yazırdı: «İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına, ruhuna hopduran bu şair daim axtarışdadır. Onun poetik fikri yorulmaq bilmir, oxucuya arası kəsilmədən yeni əsərlər təqdim edir».
Nəriman Həsənzadə içində Azərbaycan harayı olan şairdir. O, vətənə üz tutaraq övladı kimi öz məhəbbətini belə dilə gətirir: «Ruhum mənim, laylam mənim, Azərbaycan!». Şairin yaradıcılığında bir Cənub həsrəti də müntəzəm olaraq dilə gəlməkdədir. Xüsusilə də «Təbriz günləri» silsiləsindən yazdığı şeirlərində bir vətən aşiqinin ürək çırpıntısı eşidilir:
Keçdim Culfadakı dəmir
körpüdən,
Orda fars dayanıb, burda rus durur.
Qarşıda - ikiyə
bölünmüş Vətən,
Ortada - bir Araz, bir namus durur!
Dövlət müstəqilliyimizi
qazandıqdan sonra şairin yaradıcılığında vətənlə
bağlı nisgilli şeirlərin sayı daha da
çoxaldı. Bədnam qonşularımız tərəfindən
torpaqlarımız işğal edildi, vətən
oğulları azadlıq yolunda şəhidlik zirvəsinə
yüksəldi. Müəllifin çəkdiyi haraylarda oxucu
ürəyinin çox nisgilləri misra-misra
süzülür:
Dayanın, Şəhidlər
xiyabanıdı,
Yas toya qarışıb, toy yasa
burda.
Qızıl qumaşlarda qara
xonçalar,
Nişan gətiriblər bir
qıza burda.
Nəriman Həsənzadə
nisgillər şairidir. Erkən atasını, şehli gəncliyində
anasını, ömrünün təzətər günlərində
ömür-gün yoldaşını itirib və bu dərdlər
şeirlərində çəkilməz ağrıya
dönüb:
Yetim bir uşaqdı kişi
qadınsız,
Mən bir uşaq dedim... tək
uşaq olmur.
Zaman qorxuludu, ömür vəfasız,
Dünyada tək qalıb
yaşamaq olmur.
Xalq şairi Bəxtiyar Vahabzadə
Nəriman Həsənzadə
yaradıcılığını çox sevirdi. Bir çox
kitablarına da ön söz yazmışdı. Unudulmaz Bəxtiyar
müəllimin fikirlərindən çəkilən bir ləçəkdə
həqiqətən də Nəriman Həsənzadənin
poetik portreti görünür: «Bu şairin şeirlərindən
mən həmişə böyük həzz almışam. Nəriman
Həsənzadənin şeirlərində həmişə
ürək döyünür. Oxucu ilə də o, ürək
dilində danışır. Ürəyin dili nədir? Səmimiyyət!
Yalanın dili qışqırıq, gerçəyin dili
hıcqırıqdır...»
Nəriman Həsənzadənin elə
şeirləri var ki, misralar özü bir hikmət dəryasıdır.
Sanki uzun illər yol gələn atalar sözüdür. Dinlədikcə
düşünürsən. Bu şairin mənəvi zənginliyi,
ağsaqqallığı qarşısında həm heyrətlənirsən,
həm baş əyirsən:
Düşmən yarasının
bir qəmi yoxdu,
Vətən yaralansa, məlhəmi
yoxdu.
* * *
Şairlə bir görüş,
ya adi söhbət,
Allaha xidmətdi, bəndəyə
hörmət.
* * *
Qılınc götürməsə
tarixdə bir xalq,
Ayaqlar altında itib-batacaq.
* * *
Söz var, o, dillərə
ağızdan düşür,
Ağız var - söz orda
nüfuzdan düşür!
Nəriman Həsənzadə
söyləyir: «Həmişə qarşıma yaxşı
insanlar çıxıb. Bu qədər ağır itkinin,
sarsıntının içində mən məhz o
böyük insanların sayəsində yaşayıb,
yaradıb bugünümə çatmışam. Ömrüm
boyu Heydər Əliyevi, Nazim Hikməti, Mir Cəlalı minnətdarlıqla
xatırlayıram. Onların mənə etdiyi
yaxşılıqları, göstərdikləri
qayğını bəlkə oğul atadan görər. Hələ
Məmməd Arazla keçirdiyim günlər
ömrümün ən bəxtəvər çağları
idi. Məmmədə ünvanladığım şeirlərim
də var». Onlardan birində deyilir:
İllər bir-birilə qol-boyun
gedir,
Neçə qol ayrılır
boyundan belə.
Dünyada dünyayla bir oyun gedir,
Baş aça bilmədim oyundan
belə.
Filologiya elmləri doktoru Buludxan Xəlilovun
bir fikri ürəyimdən xəbər verdi. Professor söyləyir
ki, Nərimanın şeirlərinə Nizaminin, Füzulinin,
Vaqifin, Yunis İmrənin, Sabirin, Cavidin, Hadinin, Vurğunun...
ruhları sığal çəkir. Maraqlı fikirdir. Bəlkə
də elə buna görədir ki, Nəriman Həsənzadənin
şeirləri dillər əzbərinə çevrilir. Nəğmə
libası geyinmiş misraları dillərdən
düşmür:
...Məhəbbət...
Nə deyim bu ülvi ada,
Hamıya bir gözlə
baxmayır o da.
Birinə ömür-gün
yoldaşı verir,
Başqa birisinə göz
yaşı verir.
Nəriman Həsənzadə həm də görkəmli dramaturqlardan biridir. Onun əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub: Bakıda, Sumqayıtda, Naxçıvanda və başqa yerlərdə. Haqqında dünyanın bir çox mətbuat orqanlarında maraqlı fikirlər söylənib. Uzun illər müxtəlif vəzifələrdə çalışan Nəriman Həsənzadə pedaqoji fəaliyyətlə də məşğul olub. Bir müddət Bakı Dövlət Universitetində müəllim işləyib. Hazırda Milli Aviasiya Akademiyasında kafedra müdiridir. Azərbaycanın görkəmli müğənniləri onun sözlərinə yazılmış mahnıları məhəbbətlə ifa edirlər. Xalq artisti Zeynəb Xanlarovanın böyük şövqlə oxuduğu «Sən bağışladın» şərqisi retro mahnılarından birinə çevrilib.
Etiraf edək ki, biz nəslin gənclikdə ən çox oxuduğu, bloknotlarımıza şeirlərini yazdığımız şairlərdən bir məhz Nəriman Həsənzadə olub. Bu şeirlərin qüdrəti duyğulu kəsləri tez-tez əlçatmaz günlərə çəkir. «Deyirlər, tanış ol», «Fikir eləmə», «Yalan de», «Yanına gəlmişəm», «Nağıl» və bu qəbil şeirlərindən duyğularımıza ələnən həzinlikdə, liriklikdə, gəncliyə uzanan arzularımızın, sevgilərimizin ünvanı görünür:
Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bir hardasa mən olmamışam.
Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol, nə qəribədir!
Flora Xəlilzadə
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 13.