Xalq Vahidi
Qəzəl
ustadı, gözəl səyyadı, qafiyələr
ağası Əliağa…
Əliağa
Vahid. Xalqın, «xalq şairi» adı verilməmiş vahid, «əsl
qeyri-vəsl», «yeganə, nəfsi-nama biganə», «bir danə, dərdaneyi-mərdanə»,
«mahiri-bədiyyə», «məşhuri-qəzəlxan», «məsti-gözəlcan»
şairi...
Doğuldu Masazırda (18.02.1895),
yaşadı-yazdı Bakıda, müvəqqəti cisim
dünyasını əbədi haqq və ədəbi isim
dünyasına dəyişdi (01.10.1965) Azərbaycanda. Qələmə
aldığı və aldırdığı sanılı
şeirlərdən əlavə, o, qəlbində saysız qəzəllər
apardı və şəxsində gələcək
oxucuları üçün qapalı məsələlər,
butalı məsəllər də qoyub getdi...
Öncə
«məsələ»lər
O məsələ ki ictimai
müzakirəyə, elitar mühakiməyə, məhəlli
mübahisələrə, ən nəhayət, xeyirxah
şübhələrə səbəb olmur, o, məsələ
deyil. Məncə, «xalqın, «xalq şairi» adı verilməmiş
vahid, «əsl qeyri-vəsl» şairi» «subyektiv»im dediyim obyektivlərə
səbəb olmamış olmaz. Elə məsələlər
var ki, onların çözümünü, daha ciddi problemlərlə
məşğul olan rəsmi dairələrdən, rəyasət
səviyyələrindən gözləmək - hətta, ummaq
belə - düzgün deyil. Amma, öz aramızdı, xalq
içrə daim qövr edən bu tövr məsələlər
haqda «dördüncü hakimiyyət»in də susması
düzgün deyil.
Əliağa Vahid çevrəsinin
tez-tez işlətdiyi ifadələrdən birinə («yerin məlum»)
təşbehlə desək, məsələ məlum. Yəni
bütün bəni-adəm məziyyətləri, geyim-deyim tərzi
ilə xalq əba-qəbasından çıxmış bu
şairə, aşiqlik inqilabından özgə heç bir
siyasi təhlükəliliyi olmayan bu sailə (bir para maddi
imtiyaz və mənəvi titullar bir yana) sənətkar
üçün ən məhrəm təltifat olan «xalq
şairi» adı verilməyib. Niyə? «Görəsən, niyə?»
yox a, sadəcə, niyə? «Görəsən, niyə»nin hədəfi
o dövrün Dövlət, Lenin, Stalin mükafatları ola
bilər. Söhbət o dövr məclislərinin,
toy-düyünlərinin söz qəflə-qatarının
«qara poyuz»undan, qəzəliyyat-gözəliyyat kanından
gedir. Azərbaycanın kəlam saraylarında, hikmət
odalarında, ağır xanəndələrin
çal-çağırxanalarında Nizami, Füzuli, Nəbati,
Seyid Əzim kimi ustadlara dabanqırma qoşulmaqda olan bir varisdən
bəhs olunur. Dünyayi-aləm üzrə yağla şora fərq
qoymamaqda, hər şeydə ağ eləməkdə
qırmızı qarğa kimi seçilən sovet
dövranı acığına «Səni zəmanə yetirməz
dübarə - bir dənəsən» deyə, sənətkarlığın
ən vacib «maddə»lərindən olan təvazökarlığa
«təcavüzkarlıq» edən təpədən-dırnağa
bədii «bakılı balası»ndan danışılır.
Hə, həmin suala dair «davam edir - 37» və sair. O vaxt
sağa-sola paylanan ayağı sayalı mükafatlardan niyə
bu bəlalı şairə də verilməyib?
İçirmiş? Görəsən, bu «əxlaq kodeksi»ni bizə
«kaçay-kaçay» edən Rusiyadakılardan da çoxmu
içirmiş? Yeri gəlmişkən, SSRİ-nin tərkibinə
«könüllü» daxil olmağımıza bir könüldən
min könülə aşiq olmuş «revolyusioner», «patava»
ayamalı Mirbəşir Qasımovun Mərkəzi Komitədə
- Moskvadan gəlmiş nümayəndələr
qarşısında, rusca bilmədiyindən dili topuq vura-vura
etdiyi bir cümləlik «tarixi» çıxışı da
(«Balşoy Rassiya Azırbeycana kultura kaçay-kaçay,
malinkiy Azırbeycan isə Rassiyaya nöyüt
kaçay-kaçay») da Əliağa Vahidin bədahət «nəşriyyat»ı
vasitəsilə yayımlanıb.
Deyirəm, bəlkə, bizim bu qəzəl-gözəl
ustadımızın nakam getdiyi o məsələ, elə bu
kimi «eybicu»luq «şuluqluq»larına görə baş
tutmayıb?..
Hələ onun Fəxri xiyabanda «dəfn
edilib-edilməməsi» ilə əlaqədar dilemma! Cənazə
arxasınca yürüyən xalq sevgi dolu komanda ilə
«sağa, sağa!» hayqırır, Respublikanın o vaxtkı I
katibinin «təsadüfən» Moskvada olmasından
çaşıb qalmış yüksək çinli məmurlar
isə «sol, sol!» deyə izdihamın ağzını Fəxri
xiyabandan yayındırmaq istəyirmiş.
Belə-belə «məsələ»lər...
İndi də məsəllər
Məsələn,
«Yaxşılıq elə - at dəryaya, balıq bilməsə
də, Xaliq bilər»...
Bu «malinkiy» Azərbaycanımızın
yeraltı-yerüstü yatırını SSRİ xəzinəsinə
yatıranları«mız», milli ilham-istedad
«xammalımızı» vəsfi-ixrac edənləri«miz» nə qədər
pislik edib Vahidi sənət dəryasından qırağa -
quruya yox, quru yerə çıxarmağa
çalışsalar da, Xaliq onu öz sevgisindən, xalq onu
öz öygüsündən xali qoymadı.
«Keçəlliyimi neynirsən,
keçərliyimdən danış»...
Ana torpağımızın ata
avaz məbədi yanında - Azərbaycan Dövlət
Filarmoniyasının aşağı başında yerin
bağrından dikələn abidəni xatırlayın. Yolunuz
düşəndə daha diqqətlə baxın. Maraqlı və
möcüzəvi deyilmi ki, heykəllər içrə
bucürlük, bu sayaq yeklik, vahidlik məhz Əliağa Vahidə
qismət olub?! Böyük Yaradan bu abidənin
yaradıcısının tişəsinə göz
qamaşdıran, könül naxışlayan palıd rişələri
ərməğan edib, xan çinarvari duruş, hikmət dolu
qırım-qırış, qartal sürətli, sənət
surətli daş «qafiyələr» pıçıldayıb...
«Əks-səda ədadan yox, sədadan
yaranar»...
Məclis-mərəkələrə
qulaq verin. Ziyadə milli, pərvanə vətənpərvərsinizsə,
buyurun: «Vahid, sorma Vətən - nədən
yaxşıdır, Gülüstanlar mənə xəndan
göründü». Məcnunluğunuz tutub? Neynək:
«Qınayan olmasa, sənin dalınca, Qapınıza qədər
gələrəm özüm». Cananınızın bənzərsizlik
«eqo»suna yoluxmusunuz? Alın, gəldi: «Gözəllər
içrə sən ey mahi-parə bir dənəsən, Bu
sirri gizli deyil, aşikarə - bir dənəsən!». Bəlkə
sevgi rəsmiyyətlərindən bezmisiniz? Onda təzə bir
bədii məzə: «Könül, ol şuxə
yaxınlaşma, onun əngəli var, Məndə belə
«gözəllər»in düz bir düjün cədvəli
var...»
Vahid müasirliyinə misallar
Bu dövlətin bu millət
şairinin adı, şöhrət-şanı hər dönəmdə
önəmlənir. Yubileyləri sərgilənir,
ildönümləri qeyd olunur, haqqında gözəl
yazılar dərgilənir, mətbulanır, hər ləhzədə
qutlanır.
Dövlətin dəstəyi ilə
düzənlənən muğam festivallarında ayrıca
«Vahid axşamı» naxışlanır...
Misilsiz «Muğam evi»ndə
böyük ustadlarımızla bərabər, bəradərimiz
Əliağa Vahidin də abidəsi böyük mədəniyyət
vahidimiz kimi canlanır...
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 12.