Adi daş sənət
əsərinə çevriləndə...
Tofiq Məmmədov: “Heç nə mənasız və
gərəksiz deyil, mahir usta daş üzərində də
sirr və gözəlliyi aşkar edərək göstərə
bilir”
Qədimliyi,
zənginliyi və müxtəlifliyi ilə seçilən tətbiqi
sənətimizin inkişafına və təbliğinə
xüsusi diqqət yetirilir. Milli adət-ənənələrimizi,
mənəvi dəyərlərimizi əks etdirən tətbiqi
sənət nümunələrini, peşəkar sənətkarlarımızın
əl işlərini geniş ictimaiyyətə təqdim etmək
üçün tez-tez sərgilər təşkil edilir.
Daş üstündə miniatür
ornament yaradan rəssam Tofiq Məmmədov da qeyri-adi, fərqli
işləri ilə bu cür sərgilərin fəal
iştirakçısıdır. Milli Elmlər
Akademiyasının “Selen” Elmi İstehsalat Birliyinin direktor
müavini işləyən rəssam öz
yaradıcılığı ilə milli tətbiqi sənətimizə
töhfə verməyə çalışır.
Sənətkarla söhbətimizdə
məlum oldu ki, hələ çox uşaq yaşlarından
gözəl rəsm əsəri, ornamentlər onun diqqətini
cəlb edib: “Ornament heç bir zaman müstəqil əhəmiyyət
daşımayıb və hər zaman ikinci dərəcəli
olub. Birinci dərəcəli isə həmişə ornamentlə
bəzədilən əşya olub. Bu barədə kitablardan,
ensiklopedik lüğətlərdən müxtəlif məlumatları
oxuduqca fikirləşirdim ki, bu qədər incə iş,
zövq, bilik, əziyyət tələb edən
yaradıcı əmək niyə ikinci dərəcəlidir. Ornament
haqqında çoxlu məlumat topladıqdan sonra
düşündüm ki, nə yaratmaq olar ki, o ancaq ornamentdən
ibarət olsun, heç bir əşyaya bənzəməsin və
birinci dərəcəli olsun».
Təkrarçılıqdan
uzaq fərqli sənət nümunəsi
Həmsöhbətimin sözlərinə
görə, günlərin birində o, oğlunun xahişi ilə
daş üzərində ornamental xalça təsviri yaratmaq
qərarına gəlib: «Düşündüm ki, daş və
xalça müstəqil əhəmiyyət daşıyacaq və
ornament birinci dərəcəli olacaq. Ornamenti nəyin
üstündə yaradacağımı tapandan sonra onu necə
etmək haqqında düşündüm. Daşda iki rəng
olacaq. Biri daşın rəngi, ikincisi isə daşın
hündür və qabarıq yerlərində əmələ
gələn kölgənin rəngidir. Ornamentlərin
sıxlığını, hündürlüyünü və
s. işləyərək düşündüm ki, hansı
sahələrdə ornament bir az seyrək və
hündürlüyü bir az alçaq olacaq. Bundan başqa,
ornamentlərin güllərinin, yarpaqlarının içində
olan oymaları çox dərin etməli, kölgənin həcmini
azaltmalıyam. Əksinə, harada rəngin diqqəti cəlb
etməsini istəyirəmsə, orda ornamentin
sıxlığını artırmalı,
hündürlüyün və ornamentin siluetlərinin
içində də oyma işlərini daha dərin edərək,
kölgələrin həcmini çoxaldıram. Sonra hansı
alətlərdən istifadə edərək bu effektin
alınması haqqında düşündüm. Bunları təbii
daş üstündə etməyi qərara aldım. Ancaq
gördüm ki, təbii daşdan miniatür alına bilməz.
Çünki təbii daş məsaməlidir. Ornamenti
kiçik etdikcə, o məsamələr hər şeyi
korlayacaq. Karxanalarda əhəng daşlarının
qırıntıları, tozları və s. həddindən
artıq çoxdur. Bu daşlar üzərində işlədim.
Sonra tökmə üsulu ilə onlardan bir daş plitə
düzəltdim və gördüm ki, burda məsamələr
azdır. Bundan sonra bu üsulla, əhəng daşından
istifadə edərək işləməyə
başladım».
T.Məmmədov ilk işinin ancaq bədii
tərtibatının üzərində dörd ay işləyib:
«Bu xalçanın üzərində mən ümumilikdə
üç il işlədim. Bu işi məndən
İçərişəhər Dövlət Tarix Memarlıq
Qoruğu aldı. Bundan sonra mən yeni bir xalça işlədim
və bunu da qoruq aldı. Onu da qeyd edim ki, mən
daşların üzərində də çox xırda
yazılar yazıram. Məsələn, bir işim var ki,
ornamentlərin ortasında Mustafa Kamal Atatürkün
azadlıq haqqında bir kəlamını türk dilində
yazmışdım. Bu işimi Türkiyənin ölkəmizdəki
səfirliyinin təmsilçiləri görmüşdülər
və çox yüksək dəyərləndirmişdilər.
Mədəniyyət və Turizm
Nazirliyinin nəzdində müxtəlif incəsənət
nümunələrinə elmi, bədii və tarixi qiymət
verən komissiya var. Mən də işlərimi bu komissiyaya təqdim
etdim və onlar yazdılar ki, işlərim bədii əhəmiyyət
kəsb edir və bu üsulla işləmək nadir iş
üslubu hesab edilir. Çox sual verirlər ki, bu işdə bədii
tərtibatı necə edirsiniz? Mən görkəmli
xalçaçı rəssam Lətif Kərimovun, Kamil Əliyevin
və başqa bir sıra yerli və xarici müəlliflərin
ornamentlə bağlı əsərlərini oxumuşam və
bu sənətkarların işlərinə baxmışam. Ancaq
onlardan fərqli olaraq daşın üstündə o
xalçaları yaratmağa çalışmışam. Bunun
üçün də müəyyən ornamentləri
seçmişəm və daşa uyğun dəyişmişəm.
XV əsrdə bu sənət növündə kiminsə tərəfindən
yaradılan sənət nümunəsi mənim
üçün maraqlı deyil. Düzdür, mən bu sənət
nümunələrini yaradanlara hörmətlə
yanaşıram və onların işlərini də yüksək
qiymətləndirirəm. Lakin bu işlər artıq
yaradılıb, yenisini etmək lazımdır. XXI əsrdə
ənənəni qorumaqla müasirliyə və yeniliyə
doğru gedərək, təkrarçılıqdan uzaq
gözəl və fərqli sənət nümunələri
yaratmaq lazımdır».
Rəssamın
əl işi Milanda saxlanılır
T.Məmmədov onu da bildirir ki,
tamaşaçı hər bir yaradılan sənət
nümunəsinə baxanda onun gözü önündə
yeni bir səhifə açılmalıdır: «Bunun
üçün də istədim ki, daşın üstündə
xırda, yüksək səviyyəli, zərif miniatür
ornament yaradım. Bir müddət əvvəl AMEA Milli Azərbaycan
Tarixi Muzeyini italiyalı bərpaçılar bərpa edirdilər.
Mən bu bərpaçılarla görüşdüm və
onlar mənim işlərimin fotoşəkillərinə
baxdılar. Dedilər ki, fotoda işlər gözəldir,
ancaq orijinal olaraq sənət nümunələrinin özlərinə
baxmaq istəyirlər. İşlərimi apardım, onlar
fotolarını çəkdilər və çox bəyəndilər
və mənə onlarla işləməyi təklif etdilər.
Ancaq razı olmadım. İmtina etməyim onlarda təəccüb
yaratdı. Dedim ki, siz böyük bir işlə məşğul
olursunuz, tarixdən bu günümüzə gəlib
çatmış nadir sənət ocaqlarını, əşyalarını
və s. bərpa edirsiniz, gələcək nəsillər bunu
görür. Bu, çox dəyərli işdir. Ancaq siz yeni nəsə
yaratmırsınız, mən isə yaradıram və istəyirəm
ki, uzun illərdən sonra sizin kimi bərpaçılar mənim
işlərimi bərpa etsin. İtalyanlar məndən bir
iş aldılar, o iş hazırda Milanda saxlanılır».
Hər kəsə adi görünən
daşın özündə möcüzə və sirr
olduğunu deyən rəssam bildirdi ki, heç nə mənasız
və gərəksiz deyil, mahir usta daş üzərində də
sirr və gözəlliyi aşkar edərək göstərə
bilir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 11.