Dövlət
Film Fondu
Kino
tariximizi qoruyan və yaşadan məkan
Milli
kino tariximizin müxtəlif mərhələlərinə aid
kinolentlərin qorunması, bərpası və mühafizəsində,
arxiv materiallarının toplanmasında Dövlət Film
Fondunun əvəzsiz xidməti var. 2008-ci ildə yeni, beşmərtəbəli
binaya köçən, ən yeni texniki avadanlıqlar əsasında
fəaliyyət göstərən Dövlət Film Fondunun
tarixi, iş prinsipi ilə oxucularımızı da
tanış etmək istərdik.
Öncə qısa tarixçə
Sovet dövründə Azərbaycanda
istehsal olunmuş filmlər SSRİ Dövlət Kinematoqrafiya
Komitəsinə, televiziyanın sifarişi ilə çəkilmiş
filmlər isə SSRİ Teleradio Fonduna təhvil verilirdi.
SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin xətti ilə
çəkilmiş filmlər Moskva şəhərində
yerləşən SSRİ Dövlət Film Fondunda cəmləşdirilirdi
ki, onların ilkin materialları bu gün də orada
saxlanılmaqdadır. Azərbaycanda qalan film nüsxələri
isə «Azərbaycanfilm» kinostudiyasında və «Azərprokat»
İstehsalat Birliyində saxlanılırdı. Təbii ki, bu
dövrdə filmlərin saxlanılma şəraitinin normal
olmaması, həddən çox istismar edilmələri nəticəsində
onlar yararsız vəziyyətə düşürdü. Nəhayət,
1994-cü ildə respublikamızda "Azərkinovideo"
İstehsalat Birliyinin nəzdində Dövlət Film Fondu təşkil
olundu.
Dövlət Film Fondunun iş fəaliyyəti
Azərbaycan Dövlət Film
Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də
kino sənətinin təbliği ilə bağlıdır.
Buraya təkcə milli kino sənətimiz yox, həm də
xarici filmlərin təbliği daxildir. Bununla bağlı
hazırlanan tədbirlər proqramı əsasında Azərbaycanın
bir sıra görkəmli kino xadimlərinin
yaradıcılıq gecələri və yubileyləri
keçirilir. Azərbaycan Dövlət Film Fondu elmi-tədqiqat
mərkəzi kimi də fəaliyyət göstərir. Burada
Azərbaycanın kino tarixi ilə bağlı müxtəlif
çap məhsulları hazırlanır. Buna misal olaraq Azərbaycan,
rus və ingilis dillərində nəşr olunan, həmçinin
elektron versiyası hazırlanan filmlərin kataloqunu göstərmək
olar.
Son illər bir çox Azərbaycan
filmləri, milli kinomuzun tarixi ilə bağlı nadir ekran əsərləri
Dövlət Film Fonduna daxil olub. Vaxtilə şəxsi
kolleksiyadan itmiş, bəstəkar Müslüm Maqomayevə həsr
olunmuş film tapılaraq fondun arxivinə daxil edilib. Bu filmdə
məşhur opera müğənnisi Şövkət Məmmədova
və görkəmli dirijor Niyazi öz xatirələrini
bölüşürlər. Görkəmli aktyor Ələsgər
Ələkbərova şəxsən Ədil İsgəndərov
tərəfindən hədiyyə olunmuş, yeganə nüsxədə
lentə alınan 10 dəqiqəlik film, rejissor Tofiq
İsmayılovun 1967-ci ildə çəkdiyi «Şəhərimin
daşları», rejissor Rauf Nağıyevin çəkdiyi
«Fotofantaziya» sənədli filmləri əldə edilərək
yenidən bərpa olunub və fonda daxil edilib.
Bundan başqa, Dövlət Film
Fondunda filmlərin saxlanma şəraiti qənaətbəxş
olduğundan bir çox sənətçilər şəxsi
arxivlərini buraya hədiyyə ediblər. Məsələn,
kinorejissor Şamil Nəcəfzadə öz filmlərini,
tanınmış kinorejissor Ayaz Salayev özünün
çəkdiyi «Yarasa» filmini, Afaq Bəşirqızı
atası Bəşir Səfəroğlunun Tacikistanda çəkdiyi
«Molla Nəsrəddinin 12-ci qəbri» filmini Fonda hədiyyə
edib. Sənədli filmlər rejissoru Niyazi Bədəlovun filmləri
ailəsi tərəfindən Fonda təqdim edilib. 2008-ci ildən
başlayaraq ildə bir dəfə Film Fondunda qorunan ekran əsərlərindən
bəhs edən «Kinobülleten» nəşr edilir.
Onu da qeyd etmək lazımdır ki, Dövlət Film Fondunda çalışan əməkdaşların səyi nəticəsində Azərbaycan kinosunun tarixində maraqlı faktlar aşkar olunub. Məsələn, sübut olunub ki, Azərbaycan aktyorları xarici filmlərdə 1938-ci ildən çəkilməyə başlayıblar. Həmin il «Lenfilm» kinostudiyasında kinorejissor Q.Trauberq «1919-cu il» adlı bədii film çəkib. Filmdə əsas rollara Atamoğlan Rzayev və Əhməd Qəmərlinski çəkiliblər. Fondun əməkdaşları bu faktları Atamoğlan Rzayevin oğlu tərəfindən təqdim olunmuş sənədlər vasitəsi ilə aşkar ediblər. Bundan başqa, Fondun əməkdaşlarının axtarışları nəticəsində Rusiya, Kanada, Gürcüstan və başqa ölkələrdən görkəmli musiqiçilərimiz Q.Qarayev, F.Əmirov, Niyazi, T.Quliyev və M.Maqomayevin fotosənədlərinin neqativləri əldə edilərək buraya gətirilib.
Maraqlı faktlar arasında Ukraynanın Simferopol arxivindən Azərbaycanın ilk kinoaktyorlarından biri olan Xeyri Əmirzadənin sənədlərinin nüsxələrini, ABŞ-dan ilk kinoaktrisamız İzzət Orucovanın foto və arxiv sənədlərini qeyd etmək olar. «Sevil» bədii filminin çəkilişləri ilə də bağlı maraqlı faktlar aşkar olunub. Aparılan axtarışlar nəticəsində vaxtilə itirilmiş bir neçə nadir səssiz Azərbaycan filmi tapılaraq Fonda gətirilib. Bu filmlər arasında «Əvəz-əvəzə» (1925), «Vulkan üzərində ev» (1928, görkəmli aktyorumuz Ə.Ələkbərov ilk dəfə bu filmdə çəkilib), «İki yoldaş» (1934), «Dəcəl dəstə» (1937, filmin rejissoru Şərqdə ilk qadın kinorejissor olan azərbaycanlı Qəmər Salamzadədir) və başqa filmlər var. Fonda daxil olan unikal fotosənədlər arasında rusiyalı aktyor B.Bordukovun şəxsi arxivindən əldə edilən «Uzaq sahillərdə» bədii filmi ilə bağlı fotolar da var. Bu yaxınlarda Fonda Rusiyadan Azərbaycan kinosunun tarixi ilə bağlı çox qiymətli sənədlər də daxil olub. Bu sənədlər arasında 1940-1960-cı illərdə nəşr olunmuş kino jurnalları da var ki, burada Azərbaycan kinosuna həsr edilmiş xeyli sayda məqalələrə rast gəlmək olar.
Film Fondunda muzey
Dövlət Film Fondunun 2-ci mərtəbəsində kino sənətimizdən maraqlı eksponatları qoruyub saxlayan muzey fəaliyyət göstərir. Burada xarici qonaqların Film Fonduna bağışladığı hədiyyələr, tanınmış şəxslərin şəxsi arxivi, bəzi rejissorların şəxsi əşyaları və s. mühafizə olunur.
Beynəlxalq əməkdaşlıq
Dövlət Film Fondunun əsas məqsədlərindən biri də 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməkdir. Fond Federasiyasının Brüssel şəhərində yerləşən qərargahı ilə mütəmadi olaraq əlaqə saxlayır, oradan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alırlar. Dövlət Film Fondu öz fəaliyyət və prinsiplərini Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyələri əsasında 5 əsas istiqamət üzrə qurur: filmlərin bərpası və qorunub saxlanılması; milli və xarici kino sənətinin təbliği; arxiv materiallarının toplanması; elmi-tədqiqat və araşdırma işlərinin aparılması; beynəlxalq əlaqələr üzrə işlərin aparılması.
Fondun texniki təchizatı
haqqında
Dövlət Film Fondunda kinofotosənədlərin saxlanmasını təmin etmək məqsədilə havanın temperaturunu və rütubətliyini tənzimləyən xüsusi bokslar yerləşdirilib. Burada kompleks iş otaqları var. Kinofotosənədlərin saxlanıldığı otaqlar digər otaqlardan ayrı olmaqla yanaşı burada otaqlar xüsusi nəzarətdə saxlanılaraq toz, ammiak, hidrogen sulfidi, azot oksidi, qaz sulfidi və civə buxarının daxil olmasının qarşısını alan texniki vasitələrlə təchiz edilib.
Bu gün Dövlət Film Fondunda saxlanılan və qorunmaqda olan fondlara 64372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 12 minə yaxın orijinal sənəd, eksponat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərəqələri, diplom və prizlər və s.), 50-yə yaxın raritet-kinoçəkiliş texnikası avadanlıqları daxildir. Burada bütün bu materiallar üçün xüsusi saxlama otaqları ayrılıb. Fondda qorunan arxiv materialları və fotosənədlər toza və rütubətə qarşı ayrıca hazırlanmış bağlı rəflərdə saxlanılır. Xüsusi hazırlanmış bu rəflərdə saxlanılan bütün sənədlərin havalanma və ventilyasiya prosesi tənzimlənir. Bundan başqa, saxlanma otaqlarında ultrabənövşəyi şüalara qarşı qoruyucu vasitələr də qoyulub. Həmin otaqlarda havanın temperaturu mövcud normativə uyğun olaraq +5 dərəcə, nisbi rütubət isə 45-65%-də saxlanılır.
Fondda qorunan filmlərin plakatları, reklam materialları, müxtəlif illərdə nəşr olunmuş qəzet və jurnallar üçün də ayrıca saxlama dolabları var. Həmçinin Fondda müxtəlif filmlərlə bağlı eksponatlar və geyimlər, əlbəsələr də saxlanılır. Bu növ arxiv materialları üçün də ayrıca saxlanma otağı ayrılıb. Burada müxtəlif yerlərdən daxil olmuş 50-yə yaxın, artıq raritetlərə çevrilmiş kinoçəkiliş texnikası da saxlanılır. Onlar Fond əməkdaşları tərəfindən bərpa edilib və binanın foyesində yaradılmış ekspozisiyada nümayiş etdirilir.
Azərbaycan Dövlət Film Fondu bütün fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanaraq öz işini xüsusi proqram əsasında beş əsas istiqamətdə qurur. Onu da qeyd edək ki, hazırda Fonda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır.
Yeganə Cansail
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 10.