Turizmlə bağlı informasiyalar daha çox haradan
əldə olunur?
BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində
aparılan sorğu maraqlı nəticələr ortaya qoyub
Turizm
sənayesinin müəyyən dərəcədə
mövsümi xarakter daşıması, mövsümün
qızğın çağında kütləvi turist tələbatının
artması bu sahədə sürətli informasiya mübadiləsini
zəruri edir.
Bu baxımdan BMT-nin İnkişaf
Proqramının «Turizm xidmətlərindən istifadə ilə
bağlı tədqiqat» layihəsi çərçivəsində
aparılan araşdırma turizm şirkətləri və
onların təqdim etdiyi xidmətlər haqqında məlumatların
əldə edilməsi mənbələrindən bəhs edir.
Respondentlərin «Siz turizm şirkətləri və onların
təklif etdikləri turizm xidmətləri haqda adətən
haradan məlumat əldə edirsiniz» sualına verdikləri
cavablardan məlum olub ki, əhalinin əsas məlumat mənbəyi
telekanallardır (46,2 faiz). Sorğunun nəticələri
göstərir ki, turizmlə bağlı məlumatlar turist səfərindən
qayıtmış dost-tanışların tövsiyələrindən
tutmuş (10,3 faiz), internetdə yerləşdirilən məlumatlara
və sərgilərdə (0,5 faiz) nümayiş olunan xidmətlərə
qədər bir çox mənbələrdən əldə
edilir.
Sorğunun nəticələri belə
deməyə əsas verir ki, internet istifadəçilərinin
sayının getdikcə artması özünü turizm sahəsində
də göstərir. Belə ki, ümumi respondentlərin 19,8
faizi turizm şirkətləri və onların təklif etdikləri
xidmətlər haqqında məlumatı internetdən
aldığını deyir.
Digər tərəfdən,
respondentlər ölkə daxilindəki turizm şirkətləri
və turizm sahəsinin vəziyyəti barədə
informasiyaların əldə edilməsində məlumat mənbəyi
kimi televiziyanın mühüm rolunu qeyd ediblər (34,4 faiz).
İnsanlar turizmlə əlaqəli informasiyaları TV-lərdən
sonra internetdən almaq istəyirlər (26,2 faiz). Maraqlı məqam
ondan ibarətdir ki, internetdən məlumat almaq istəyənlərin
məşğulluq göstəricilərinin çarpaz təhlillərinə
görə, «peşə sahibləri» «vəzifə və
ixtisas sahiblərindən» çoxluq təşkil edir. Bu istəkdə
olan dövlət sektorunun işçiləri isə digər
kateqoriyalı işçilərə nisbətən azlıq
təşkil edir. Amma hər bir halda nəticələr və
əvvəlki araşdırmaların təhlilləri onu deməyə
əsas verir ki, artıq Azərbaycanda da internetdən bir əyləncə
vasitəsi kimi yox, məlumat mənbəyi kimi
yararlananların sayı artır. Respondentlər hesab edir ki, tələbat
olan informasiyanı bu sahələr üzrə
ixtisaslaşmış digər məlumat bazalarından əldə
etmək effektlidir.
Maraqlıdır ki,
araşdırmanın nəticələrinə nəzər
saldıqda məlum olur ki, respondentlərin təxminən
dörddə bir hissəsi «şirkətin özündən məlumat
almağı» (şirkətin özündən - 18,2 faiz,
telefonla məlumatlandırsınlar - 8,1 faiz) digər vasitələrdən
- dost-tanışların tövsiyələri, yazılı mətbuat,
bukletlər, bilbordlar, radio və hətta internetdən də
inandırıcı sayır. Məhz bu məqam turizmin
işinin təşkilində xüsusilə vacib məsələ
kimi nəzərə alınmalıdır.
Çarpaz təhlillər göstərir
ki, internetdən məlumat almaq istəyənlərin 31,4 faizi
Bakı, 19,2 faizi Gəncə, 18,5 faizi isə Sumqayıt sakinləridir.
Digər tərəfdən, Gəncə sakinləri Bakı və
Sumqayıta nisbətən daha çox (37,2 faiz) «şirkətin
özündən məlumat almaq» istədiklərini bildirirlər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 18 fevral.- S. 9.