Turizm sahəsində yeni nəşr:

 

    «Beynəlxalq Turizm Qəzeti»

 

   Azərbaycanda turizm sənayesinə aid ilk ixtisaslaşmış dövri mətbuat orqanı olan «Beynəlxalq Turizm Qəzeti» nəşrə başlayıb. Qəzetin yaradıcı kollektivinin əsas məqsədi milli turizmin davamlı inkişafına dəstək verməklə, Azərbaycanın beynəlxalq aləmdə rəqabətə davamlı ölkə kimi tanınmasına nail olmaqdır.

   Ölkəmiz qədim zəngin mədəniyyəti, tarixi abidələri, təbii mənzərələri, mehriban qonaqpərvər insanları, yüksək standartlara malik istirahət mərkəzləri ilə dünyada maraqlı cəlbedici turizm məkanlarından birinə çevrilir. Beynəlxalq səviyyədə aparılan təbliğat və reklamlar Azərbaycanın turizm potensialını tanıtdırmağa imkan verir. «Beynəlxalq Turizm Qəzeti» bu yolda öz töhfəsini verəcək.

   Hələlik həftədə bir dəfə işıq üzü görən qəzetin yaxın zamanlarda gündəlik əlavə olaraq ingilis dilində nəşr olunması nəzərdə tutulur. Oxucular qəzet vasitəsilə Azərbaycanda və dünyada turizm sənayesində baş verənlər, eyni zamanda milli turizmin inkişafını sürətləndirən layihələr, turizm şirkətləri hotellərin peşəkar fəaliyyəti ilə yaxından tanış ola biləcəklər. 

 

 

   Fəxriyyə

 

   Mədəniyyət.- 2011.- 18 fevral.- S. 9.